Canet Yellen dilemma qarşısında: "ağır artilleriya" seçimini edib - TƏHLİL
19-09-2016, 12:59
Dünyanın aparıcı mərkəzi bankları stimullaşdırma siyasətinin pik nöqtəsinə çatıb və artıq təkbaşına iqtisadi və maliyyə bazarlarını yuxarı dartmaq fikrində deyillər.
Bu yay ərzində səhmlərin nominal dəyəri baxımından yeni rekordlara imza atan və iri dövlətlərin istiqrazları üzrə mənfi faiz dərəcələrini tətbiq edən fond bazarları ABŞ-ın Vayominq ştatının Cekson-Houl şəhərində baş tutan Federal Ehtiyatlar Sisteminin (FED) ənənəvi konfransından sonra sükanı fırlamaq məcburiyyətinə qalıblar. Ənənəvi konfransda FED daha bir ənənəyə sadiq qaldı. Belə ki, uçot dərəcəsi ilə bağlı konkret (nala-mıxa vurmadan) açıqlamanı FED-in birinci şəxsi deyil, rəhbərlikdə təmsil olunan digəri verdi. Əvvəlcə regional federal ehtiyat banklarının rəhbərləri Ceyms Bullard, Uilyam Dadli, ardınca isə FED rəhbərinin müavini Stenli Fişer bildirdilər ki, uçot dərəcəsinin artırılması məqamı yetişir. Yalnız bu nüfuzlu şəxslərdən sonra FED rəhbəri Canet Yellen bu düşərgəyə qoşuldu. Həmkarlarından fərqli olaraq xanım Yellen konkretliyə varmadı. Məsələn, S. Fişer çıxışında bildirib ki, uçot dərəcəsini iki dəfə - sentyabr və dekabr aylarında artırmaq lazımdır. Bu dərəcədə konkret ritorika fond bazarlarını çaş-baş saldı. Məhz bu açıqlamaya qədər fond bazarı iştirakçılarının əksəriyyəti artıq bu il uçot dərəcəsinin toxunulmaz saxlanılacağına əmin idi. Nəticədə bu il uçot dərəcəsinin artırılması ilə bağlı ehtimallar kəskin artdı. Yalnız bir faktı qeyd etmək kifayət edər ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra FED tərəfindən uçot dərəcəsinin bu il iki dəfə artırılacağı ehtimalı ilk dəfə 50%-i ötərək 65%-ə çatıb.
Həm Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda, həm də Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi monetar stimullaşdırma proqramını genişləndirməkdən imtina etdikdən və bir sıra FED yetkililərinin uçot dərəcəsinin artırılmasının tərəfdarı olduqlarını açıqladıqdan sonra bazarda ehtiyat etməyə başladılar ki, G-3 (ABŞ, Yaponiya, Avropa İttifaqı) ölkələrinin mərkəzi bankları stimullaşdırma siyasətinə son qoymaq barədə razılıq əldə ediblər. Bu, o deməkdir ki, FED uçot dərəcəsinin artırılması tsiklinə qayıdacaq.
G-3 ölkələrinin tənzimləyiciləri arasında "sövdələşmə"nin ilk siqnalları sentyabr ayının 9-da bazara yayıldı. Məhz həmin gün S&P-500 indeksi elə bir zərbə aldı ki, onu yalnız "Brexit"in vurduğu zərbə ilə müqayisə etmək olar. Bununla yanaşı, həmin gün dövlət istiqrazları bazarı da çöküşlə yadda qaldı. Yaranmış vəziyyəti görən FED-in Direktorlar Şurasının üzvü Layel Braynard və Minneapolis ştatının Federal Ehtiyat Bankının rəhbəri Nil Kaşkari (yeri gəlmişkən, Kaşkari "Goldman Sachs" bankının sabiq vitse-prezidentidir) sentyabr ayının 12-də (növbəti ilk iş günü) tələsik sürətdə açıqlama verərək vəziyyəti stabilləşdirməyə can atdılar. Bu şəxslərin açıqlamalarından sonra sentyabr ayında uçot dərəcəsinin artırılması ehtimalı 20%-dək endi. Bu il uçot dərəcəsinin azı bir dəfə artırılacağı ilə bağlı ehtimallar isə 54%-ə yuvarlandı.
Suallar burulğanında hər kəsi yalnız bir sual düşündürür: FED-in 20-21 sentyabr tarixlərində baş tutacaq iclasından nə gözləmək olar? Bir şey dəqiqdir ki, hansı qərarın qəbul olunmasından asılı olmayaraq, bu, konsensus formasında baş tutmayacaq. İclasdan öncə səslənən fikirlərdən görünür ki, fikirlər arasında ciddi ziddiyyətlər mövcuddur. Tarix onu göstərir ki, dissident rolunda hər zaman səsvermə hüququna malik olan regional federal ehtiyat banklarının rəhbərləri çıxış edir. Məhz bu şəxslərin çıxışlarını bazar hər zaman inkar edir. Burada yalnız Nyu-York Federal Ehtiyat Bankının rəhbəri istisna təşkil edir. Nyu-York Federal Ehtiyat Bankının rəhbəri əksər hallarda FED rəhbərliyi ilə bir düşərgə təmsil olunur. Sonuncu dəfə bunun əksi 2002-ci ildə baş verib. O zaman Nyu-York Federal Ehtiyat Bankının rəhbəri Edvard Qramlix "müxalif" düşərgədə idi.
İndi isə Canet Yellen ciddi dilemma qarşısındadır: bir tərəfdən onun müavini Stenli Fişer açıq mətnlə deyir ki, uçot dərəcəsi bir deyil, iki dəfə artırılmalıdır, digər tərəfdən Direktorlar Şurasının üzvü Layel Braynard bəyan edir ki, uçot dərəcəsinin artırılmamasını heç ağlınızın ucundan belə keçirməyin.
Cekson-Houl konfransından əvvəl və sonra FED rəsmiləri tərəfindən səslənən fikirləri bir sıraya düzsək, maraqlı vəziyyət yaranır. Ümumi mənzərə bundan ibarətdir ki, uçot dərəcəsinin artırılmasınının tərəfdarı olan şəxslər üstünlük təşkil edir. Maraqlı bir detal da ondan ibarətdir ki, dolların bahalaşdırılmasını istəyənlər arasında Stenli Fişer, Uilyam Dadli, Erik Rozenqren kimi "ağır artilleriyaçılar" var. Bu isə onu deməyə əsas verir ki, qarşıdan gələn iclasda uçot dərəcəsi dəyişilməz qalsa da, yekun bəyanatda dolların bahalaşacağına dair konkret mesajlar öz əksini tapacaq.
Əgər hər şey bizim proqnozlarımıza uyğun olsa, bahalaşan dollar riskli aktivləri (xammal (əsasən neft və qızıl), inkişaf etməkdə olan ölkələrin valyuta və istiqrazları) süquta uğradacaq.
Yazı hazırlanarkən "Bloomberg" və "Reuters" agentliklərinin məlumlarından istifadə olunub.
İlkin Əhmədov
APA Analitik Mərkəzi