Bakıdan İrəvanın parad təxribatını sıfırlayacaq gediş

21-09-2016, 09:53           
Bakıdan İrəvanın parad təxribatını sıfırlayacaq gediş
İşğalçının “əzələ nümayişi”nə Azərbaycandan sanballı kontur-cavab; İsrail Azərbaycana ermənilərdə qorxu və panika yaradacaq iki yeni döyüş sistemi gətirir; düşməndə ruh düşkünlüyünü saxlamaq və artırmaq üçün Bakıda düzənlənəcək müdafiə sərgisi də yetər...
Bu gün İrəvanda Ermənistanın formal müstəqillik günü ilə bağlı hərbi parad keçiriləcək. Xəbər verildiyi kimi, düşmən ölkənin siyasi-hərbi rəhbərliyi ilk növbədə Ermənistandakı 102 saylı Rusiya bazasına məxsus müasir döyüş maşınları və raket sistemlərini İrəvanın mərkəzi meydanına çıxarmaqla, öz aləmində Azərbaycana güc nümayiş etdirmək niyyətindədir.

Təbii ki, Azərbaycanda bu parad diqqətlə izlənəcək. Lakin heç bir “əzələ nümayişi”ndən söhbət gedə bilməz. Çünki işğalçının arsenalında Rusiya istehsalı olan və 280 km məsafəni vura biləcək “İsgəndər-M” raket sistemləri olsa belə, bu, Azərbaycan üçün böyük təhlükə deyil. O səbəbə ki, hətta o halda da Bakı hədəfdən uzaqda qalır, amma İrəvan Naxçıvanın cəmi 100 km-liyindədir. Eləcə də Metsamor AES asan hədəfə gələn məsafədədir...

Hərbi ekspertlərə görə, üstəlik, Azərbaycanın Silahlı Qüvvələri düşmən tərəfin atdığı ən uzaq mənzilli raketləri belə neytrallaşdırmaq gücündə olan müasir sistemlərə malikdir. “Bizdə ”İsgəndər-M" kompleksləri olmasa da, ordumuzun silah arsenalı həcminə, keyfiyyətinə və müasirliyinə görə Ermənistanın silah arsenalından dəfələrlə üstün və öndədir. Bizdə ən müasir raket sistemləri, hava hücumundan müdafiə sistemləri var ki, Ermənistan tərəfindən atılan istənilən raketi sıradan çıxarmağa qadirdir" - bunu hərbi ekspert Üzeyir Cəfərov İrəvanda bu gün keçiriləcək hərbi paradda nümayiş olunacaq silah və hərbi sistemlərlə bağlı bildirib.

***

Azərbaycanın silah arsenalı isə bəllidir ki, Ermənistandan fərqli olaraq, tək Rusiya hesabına deyil, İsrail, Türkiyə, Ukrayna, Pakistan, Çin, Belarus hesabına formalaşıb. Nədən ki, Ermənistanla müqayisədə bizim iqtisadi-maliyyə potensialımız buna tamamilə imkan verir. Xüsusən də İsraillə Azərbaycan arasında son illər genişlənən və haqlı olaraq işğalçı tərəfdə narahatlıq yaradan hərbi-texniki əməkdaşlıq imkan yaradır ki, düşmən tərəf hərbi balansı bərpa edə bilməsin - hətta “İsgəndər-M” sistemlərini Rusiyadan icarə götürsə belə.



Bu da düşməndən ötrü növbəti qorxunc fakt: İsrailin hərbi sənaye şirkəti “Aeronautics” LTD sentyabrın 27-də Bakıda başlayacaq “ADEX-2016" müdafiə sərgisində ilk dəfə döyüş başlığı daşıyan iki yeni taktiki, ermənilərin ”pis röyası" sayılan pilotsuz uçan aparatı təqdim edəcək. Bu barədə virtualaz.org İsrailin “The Jewish Business Times” nəşrinə istinadən xəbər verib. Söhbət “Orbiter 4" taktiki pilotsuz uçan aparatı və ”Orbiter 1K" mini pilotsuz aparatından gedir.



Qeyd edək “Aeronautics” LTD quruda, havada və dənizdə hərəkət edə bilən pilotsuz sistemlərin istehsalı ilə məşğuldur. Şirkətin istehsal etdiyi ən yeni pilotsuz aparatlardan olan “Orbiter 4 STUAS” çoxməqsədli və dünyanın ən qabaqcıl pilotsuz döyüş sistemidir. Eyni vaxtda iki fərqli faydalı yük, yəni hədəfi məhv etmək üçün nəzərdə tutulan döyüş başlıqları daşıya bilir. Aparat 24 saatdan çox fasiləsiz havada qala bilir, maksimal uçuş kütləvi cəmi 50 kiloqramdır və 18 min fut (6 min metrdən çox) maksimal yüksəkliyə qalxır.



“Orbiter 4"lə yanaşı, şirkət "ADEX-2016" sərgisində ”Orbiter 1K" mini pilotsuz sistemini də yerüstü nəqliyyat vasitəsində quraşdırılmış idaretmə sistemi ilə birlikdə təqdim edəcək. “Orbiter 1K” hərəkətsiz və ya hərəkətdə olan hədəfləri aşkar edib məhv etmək qabiliyyətinə malikdir. Sistem habelə əvvəlcədən təyin edilmiş sahə bazasında avtonom rejimdə işləyə bilir. “Orbiter 1K” bazadan müstəqil şəkildə təyin olunmuş ərazinin videoçəkilşlərini aparır, hədəfi aşkar edir və stasionar, yaxud hərəkətdə olan hədəfi müstəqil şəkildə məhv edir. Əgər hədəf aşkar edilməsə və ya planda hansısa dəyişikliklər baş versə, sistem bazaya qayıdır və paraşütünü, təhlükəsizlik yastığını özü açaraq yerə enir. “Orbiter 1K” 2-3 saat fasiləsiz havada qala bilir və sutkanın istənilən vaxtında döyüş vəzifəsini icra edir. Aparat kompaktdır və asan idarə olunur. Müasir avionikaya malik olması, kiçik fiziki ölçüləri onu məxfi əməliyyatlarda, sərhədlərin təhlükəsizliyində tətbiq etməyə imkan verir.



“Aeronautics” LTD şirkəti həmin sistemlərin birgə istehsalı üçün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə işləyir. Şirkətin aeronavtika üzrə baş direktoru Amos Mathan bildirib: “Biz Azərbaycanın artan müdafiə bazarında böyük imkanlar görürük və məmnuniyyətlə yerli Müdafiə Sənayesi Nazirliyi ilə sıx əlaqələr saxlayırıq”.

***

Xatırladaq ki, Azərbaycanın İsraildən aldığı “Harop” pilotsuz döyüş sistemləri bu ilin aprelində gedən döyüşlərdə ilk dəfə tətbiq olunub və düşmənin bir sıra hədəflərini yüksək dəqiqliklə məhv edib. Bu pilotsuz döyüş sisteminin tətbiqi ermənilər arasında böyük panikaya səbəb olmuşdu. İndi İsrail şirkəti bundan daha mükəmməl iki pilotsuz döyüş sistemini Bakıya gətirir və belə görünür ki, Qarabağdakı işğalçı erməni əsgərlərinin daha çox qorxmasına əsaslar var.



Beləcə, Ermənistanın hərbi parad hoqqasına Azərbaycan hələlik hərbi parad və ya hərbi təlimlə cavab verməsə də, müdafiə sərgisi ilə yetərincə adekvat reaksiya verməyə hazırlaşır. Düşməni yerində oturtmaq, onun “İsgəndər-M” təxribatını sıfırlamaq və işğalçıda ruh düşkünlüyünü saxlamaq və artırmaq üçün əslində Bakıda düzənlənəcək müdafiə sərgisi də yetər.

Əlavə edək ki, bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri də planlaşdırılır.

Analitik xidmət












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.