Salamı 100 manata alan həkimlər - ARAŞDIRMA

23-09-2016, 01:50           
Salamı 100 manata alan həkimlər - ARAŞDIRMA
“Özəl klinikalardan birində qulağımdakı problemə görə müalicə alırdım. Axırıncı kursdan sonra təkrar həkim müayinə etməli idi. Əslində heç bir problem qalmamışdı, sadəcə həkim sonuncu dəfə müayinə etmək istədiyini dedi. Buna görə də müayinəyə getdim. Artıq həkimim "MedERA" klinikasında işə başlamışdı. Bu klinikaya daxil olanda sadəcə həkimin adını çəkdim və onunla görüşmək istədiyimi dedim. Həkim sadəcə qulağıma baxdı, klinikanın heç bir avadanlığından istifadə etmədi, tibbi yardım göstərmədi. Klinikadan çıxanda mənə 45 manat ödəniş etməli olduğumu dedilər. Səbəbi soruşanda bunun həkimin qəbuluna girməyimlə əlaqələndirdilər. Baxmayaraq ki, əvvəlki klinikada həmin həkimin qəbul qiyməti daha aşağı idi. Hadisəni olduğu kimi onlara danışdım və oranı tərk etdim. Amma sonradan həkim mənimlə əlaqə saxlayıb, ödənişi etməyimi xahiş etdi. Onun dediyinə görə klinika rəhbərliyi həkimin məndən pul aldığını düşünüb. Mən də gedib həmin məbləği ödəməyə məcbur qaldım”.

Səid Şovqatov kimi bu tip problemlərlə qarşılaşanların sayı kifayət qədərdir. Bir klinikada eyni həkimin qəbul qiyməti 30, digərində 60 manat ola bilir.
İnsanlar bir dəfə konsultasiya üçün müalicə xərcindən çox ödəniş etməyə məcbur olur. Bəlkə heç həmin həkimin təyin etdiyi müalicəni qəbul etməyəcək?
Bu sualımıza cavab olaraq klinikanın özəl olduğunu əsas gətirmək olar. Lakin biz də anlayırıq. Məsələn, özəl klinikada hər hansı analizə və digər xidmətlərə görə müxtəlif ödəniş tələb edilir. Bu məsələdə qiymətlər bəzən həddən artıq şişirdilir də. Bunu başa düşdük, reaktivlərin fərqli ölkədən gətirildiyini və daha keyfiyyətli olduğunu, avadanlıqların qiymətinin milyon dollarla ölçülməsi əsas ola bilər. Lakin həkimin qiymətini şişirtmək nə üçündür? Eyni həkim başqa klinikaya keçəndə konsultasiya qiyməti nə üçün iki dəfə dəyişməlidir?
Tibbi PR-marketologiya üzrə ekspert Bəhruz İsmayılzadə hesab edir ki, bunun başlıca səbəbi həkimin reklamı ilə bağlıdır: “Yeni işə başlayan həkimi tanıyanlar az olur. Lakin özəl klinikalar həkimlərin reklamında çox maraqlı olur. Onları reklam edir və qısa zamanda xəstələrinin sayını artırır. Beləliklə, həmin həkimə tələbat artır. Başqa klinikalardan da dəvət gəlir. Keçmiş işində 50:50 nisbətində işləyən həkimə bu dəfə 70% karla iş təklif edilir. Bu zaman xəstəsi çox olan, “ulduz” dövrünə qədəm qoyan ərəfədə qəbulunun 50 manat olduğunu deyir. Məsələnin kökü buradan qaynaqlanır. Nəticədə, klinikalardan birində 30 manata xəstə qəbul edən həkimin digərində qiyməti 50 manat ola bilir. Əslində, qiyməti klinika qoymur. Elmi dərəcəsi olan həkimlər isə qiymətlərinin adi həkimlərdən fərqlənməsini istəyir. Hətta qəbulu 100 manata olan həkimlər var. Bu gün regionlardakı özəl klinikalarda həkimin qəbul qiyməti 10-20 manat ola bilir. Lakin paytaxtda belə deyil. Elə həkimlər var ki, ancaq konsultasiyadan pul qazanır. Məsələn, terapevtin qəbuluna gələn xəstəyə müalicə yazılır. Xəstə müalicəni qəbul edir və təkrar müayinəyə gəlir. O zaman hər qəbul ödənişsiz olarsa, həkim nədən qazanacaq. Ona görə də vahid struktur yaradılıb və bütün həkimlərin qəbulu ödənişlidir”.
B.İsmayılzadə hansı hallarda xəstələrin konsultasiya qiymətindən azad olduğuna da aydınlıq gətirdi: “Əməliyyat olunacaq xəstələrdən bəzən həkim qəbulunun pulu alınmır. Xüsusən də, əməliyyat xərci 5-7 min manat olarsa, həmin xəstədən konsultasiya üçün pul alınmır. Bu məsələlərdə həkim faktoru önəmlidir. Bəzən həkim özü xəstəni sadəcə müayinə edəcəyini və ödənişə ehtiyac olmadığını deyə bilər. Bu həkimin vicdanından asılıdır. Lakin bu zaman klinika ilə problemlər yaşaya bilir. Bəzən klinika rəhbərliyində belə təsəvvür yaranır ki, həkim özü pul alır. Ona görə də həkim ödəniş edilməsini istəyir”.
Bu məqama görə də, həm dövlət, həm də özəl klinikalarda işləyən həkimlər xəstəni əsasən özəl müəssisədə qəbul etmək istəyir. Diqqət etsəniz, dövlət xəstəxanasında müraciət etdiyiniz həkim özəl klinikada işləyirsə, növbəti qəbul vaxtını özələ təyin edəcək. Çünki dövlət xəstəxanasında xidmət ödənişsizdir. Xəstədən pul almayan həkim təəssüratı yaratmaq üçün xəstəni məhz özəl klinikaya yönləndirir. Çünki özəl klinikada xəstə mütləq ödəniş etməlidir. Əlbəttə, bu da həkimin vicdanından asılıdır.
Özəl klinikalardan birində çalışan uroloq Fərəc Əfəndiyev hesab edir ki, bu məsələ həkimdən çox klinikadan asılıdır: “Hətta nadir hallarda konsultasiya qiymətini həkim müəyyən etsə belə, yenə də klinikanın rolu var. Klinika hər xəstədən ona qalacaq payı nə qədər yüksək göstərirsə, həkim də qiyməti yüksək qoymaq məcburiyyətində qalır. Qəbul qiyməti həkimdən daha çox klinikadan asılıdır. Ancaq təəssüf ki, qiymət məsələsində xəstələr hər zaman həkimi günahkar hesab edirlər. Çünki onlar klinikanı yox, həkimi tanıyır, həkimlə ünsiyyətdə olur”.
Həkimin bir müayinəsi üçün 50-60 manat ödənilməsinə gəldikdə, F.Əfəndiyev bu məsələnin həlli yolunun icbari sığorta olduğunu dedi: “Burada günahı həkimdə və ya xəstədə axtarmaq düzgün deyil. Bu məsələdə səbəbkar tibbi sığortanın olmamasıdır. Burada həkimi hədəfə almaqdansa, ölkədə tibbi sığortanı tətbiq etmək lazımdır. İcbari tibbi sığorta tətbiq olunduğu halda problem həll olacaq”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.