Mingəçevirdə təməli atılan böyük gəlir ünvanı... - Nə qədər qazanacağıq...
23-09-2016, 18:44
Ölkəmiz yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur. Sistemli halda aqrar sektordan sənaye istehsalına keçid və sənaye istehsalının inkişafı istiqamətində mühim addımlar atılır. Prezident İlham Əliyevin 2015-ci ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması və bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamlar da təsdiqləyir. Bununla da əsas diqqət ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına səbəb olur.
Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.
Azərbaycanın daxili təlabatının böyük bir həcmini əhatə edən ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal edilməsi hədəf olaraq seçilib.
İndi isə gəlin bu sahənin inkişaf perpektivlərinə diqqət edək:
Başlayaq dərinin tədarük edilməsi üçün ən aşağı mərhələdən dəyərləndirmə aparmağa - Azərbaycanın ətə olan təlabatı illik 400 min tona yaxındır. Rəsmi məlumatlara əsasən bu təlabatın cəmi 80 faizi daxili imkanlar hesabına edilir. Əgər orta rəqəm olara hər kəsilən heyvanın çəkisini 50 kiloqram götürsək o zaman 300 min ton ət tədarük etmək üçün 6 min baş heyvan kəsmək lazım olur. 6 min baş heyvanın isə dəri olaraq çəkisi 120 min ton deməkdir. Deməli Azərbaycanda il ərzində 120 min ton dəri olur ki, bunun da nə qədərinin səmərəli istifadə edildiyinə dair araşdırma aparmaq o qədər də çətin deyil.
Azərbaycanda yalnız Yevlax rayonunda yerləşən "Gilan" Dəri emalı zavodunda dəri istehsalı həyata keçirilir. Əsası 2005-ci ildə qoyulub. Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində təsis edilən dəri emalı zavodunun gündəlik istehsal həcmi: 27 ton dəri (5000 gön) və 3000 kiçik gön parçalarıdır. Lakin zavod hazırda tam gücü ilə işləmir və açılış zamanı göstərilən 27 ton dərini belə qəbul etmir.
Ölkədə ümumi dövriyyəsi 90 milyon manata çatan dəri emalı ticarəti həm də 2016-cı ilin yanvar-avqust aylarında 75.1 faiz azalıb.
Bu baxımdan da dövlət başçısının açılışında iştirak etdiyi Mingəçevir Sənaye Parkında dəri emalı və dəri məmulatlarının istehsalını həyata keçirən müəssisələrin yaradılması kifayət qədər uğurlu bir haldır və alqışlanmalıdır. Bu işin kompleks təşkilində təkcə İqtisadi İnkişaf Nazirliyi deyil, həmçinin də dəri tədarükünü daha effektiv və məhsuldar formada həyata keçirmək üçün Kənd Təsərrüfatı Nazirliyi, ət kəsiminə nəzarət edən digər qurumlar, o cümlədən Baytarlıq İdarələri də ciddi nəzarət etməlidirlər. Düşünürəm ki, hətta fərdi qaydada təlabatını ödəyən vətəndaşlara belə cərimələr tətbiq edilməlidir ki, kəsdikləri heyvanların dərilərini müvafiq tədarük məntəqələrinə versinlər.
Eyni zamanda Azərbaycanda dəri məmulatlarına olan təlabatın öyrənilməsi, Mingəçevirdəki dəri emalı müəssisəsinin işə başlamasından sonra müvafiq tətbiqetmələrin (aksiz kimi) formalaşdırılmasına ciddi ehtiyac var. Yəni bu yolla ən azı daxili bazar təlabatını elə daxili imkanlar hesabına inkişaf etdirmək olar.
Düşünürəm ki, bu baxımdan Cənab Prezidentin göstərdiyi təşəbbüslər alqışlanmalıdır.
Razi Abasbəyli