Banklar kredit vermir, lombardlar bayram edir...

22-10-2016, 09:54           
Banklar kredit vermir, lombardlar bayram edir...
Əməkdaşımız müştəri qismində bir neçə banka müraciət etdi; kredit verilməməsi lombardlara üz tutanların sayını artırıb
Ölkənin ən böyük kommersiya bankları əhaliyə nə biznes kreditləri, nə də istehlak kreditləri verir. “Yeni Müsavat”ın müxbiri kommersiya banklarında kredit verilməsi ilə bağlı mövcud durumu öyrənmək üçün bir neçə banka baş çəkib.

İlk olaraq, üz tutduğumuz “Nikoil” bankda kredit almaq üçün müraciət etdiyimizi eşidən bank işçiləri bir ağızdan “xanım, heç bir kredit verilmir, nə vaxt bərpa ediləcəyini də bilmirik” deyə, cavab verdilər. Kredit verilməməsinin səbəbini soruşduqda isə bu haqda məlumat vermək səlahiyyətlərinin olmadığını bildirdilər.

Banklarda həmçinin dollar satının necə həyata keçirilməsi ilə də maraqlandıq. Adını çəkdiyimiz bankda 1 ABŞ dollarının alış qiyməti 1.59 AZN, satış qiyməti isə 1.67 AZN idi. Avronun alış qiyməti 1.73, satış qiyməti isə 1.82 AZN idi.

Daha sonra, kredit almaq istəyən vətəndaş qismində “Ekspress” banka müraciət etdik. Bu bankdan da bizə kredit verilməsinin dayandırılması ilə bağlı məlumat verdilər. Nə zaman bərpa olunacağı ilə bağlı isə hər hansı informasiya ala bilmədik. Dollar satışına gəlincə, burada dolların alış kursu 1.63 AZN, satış kursu 1.67 AZN təşkil edir.

Müraciət etdiyimiz banklardan biri də “Xalq bank” oldu. Bu bankda da kredit verilmir. Lakin dollar satışı həyata keçirilir. Bankdan dollar satışına limit qoyulduğu bildirildi. Belə ki, bir nəfərin 1000 dollardan artıq valyuta almasına icazə verilmir.

Baş çəkdiyimiz banklardan yalnız “Bank of Baku” kredit verir. Burada həm istehlak kreditləri, həm də biznes kreditləri təklif olunur. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının kredit verilməsinin şərtləri ilə bağlı qoyduğu qaydalar burada da keçərli olduğundan hər müraciət edən şəxsin kredit alması mümkün deyil.

Həmçinin ilk dəfə müraciət edənlərə 1000 manatdan artıq kredit verilmir. Faizlər isə 25-28 faiz arasında dəyişir. Müştərinin kredit almaq imkanları kredit ekspertləri tərəfindən yoxlanıb, qiymətləndirildikdən sonra baş ofis tərəfindən borcun verilib-verilməməsinə qərar verilir.

Banklarda kredit verilməsinin dayandırılması və şərtlərin ağırlaşdırılması daha çox lombardların işinə yarayır. Banklar müştəriləri itirdikcə, lombardlara üz tutanların sayı artır.

Lombardlarda son durumu öyrənmək üçün Fərahim Abbasov adlı sahibkarın rəhbərlik etdiyi lombarda baş çəkdik. Müsahibimiz bildirdi ki, bu ilin yanvar ayından başlayaraq lombardların müştəriləri hiss olunacaq dərəcədə artıb: “Hazırda 7-8 faizlə kredit veririk. Bankların kredit verməməsi də lombardlara tələbatı artırıb. Dolların bahalaşması da bizi narahat etmir, əksinə, bu bizim xeyrimizədir. Çünki dollar qalxdıqca, qızılın da qiyməti qalxır. Bu, həm bizə, həm müştəriyə xeyirdir. Qızıl nə qədər baha olsa, biz müştəriyə o qədər çox pul verə bilərik. 583, 585 əyarlı qızılın hər qramını 30 manata götürürük, 750 əyarlı qızılı isə 35-40 manata götürürük”.

Fərahim Abbasovun sözlərinə görə, lombard kreditinin maksimum həddi 5-6 min manata qədərdir: “Əhali əsasən 300-500 manat arası borc götürür. Bəzi hallarda 3 min, 5 min manat borc veririk. İnsanlarda qızıl da bir o qədər çox deyil. O səbəbdən aşağı məbləğdə borc alırlar. Çalışırıq ki, borcunu qaytarmaqda çətinlik çəkən müştərilərimizi 3-4 ay gözləyək. Bundan sonra qızılın satılmasına qərar veririk”.

Banklardakı durumu dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, əksər banklarda kreditləşmənin dayanması həm iqtisadiyyata, həm də əhalinin sosial durumuna mənfi təsir göstərir: “Hazırda Azərbaycanın bir sıra banklarında kredit verilməsi məhdudlaşdırılıb, bəzi banklarda isə ümumiyyətlə dayandırılıb. Kreditləşmə iqtisadiyyat üçün çox vacibdir. Vətəndaşlar bir sıra ehtiyaclarını kreditlər hesabına ödəyirlər. Dünya mətbuatında da əsasən biznes üçün məqbul hesab edilən yollardan biri kreditlərin əldə edilməsidir.

Azərbaycanda isə bəzi banklarda kredit verilməsi dayandırılıb, digərlərində isə kredit şərtləri kifayət qədər ağırlaşdırılıb. İstər Maliyyə Bazarlarına Nəzarət Palatası, istərsə də Mərkəzi Bankın müəyyən etdiyi kredit şərtləri kifayət qədər ağırdır. Bu mənada kredit verilməsinin məhdudlaşdırılması iqtisadiyyata mənfi təsir göstərir. Çünki real sektorun inkişafı eyni zamanda bankların hansı səviyyədə biznesi dəstəkləməsindən asılıdır. Kredit verilməsinin dayanması vətəndaşlara da təsirsiz ötüşmür. Vətəndaşların bir qismi öz xərclərini kreditlər hesabına ödəməyə çalışırlar. Səhiyyə xidmətlərinə ehtiyacı olanlar, müalicəyə gedənlər, mənzil almaq istəyənlər kredit götürmək istəyirlər, ancaq kredit verən yoxdur. Bu da vətəndaşların sosial vəziyyətini ağırlaşdırır".

Ekspertin fikrincə, bankların bu cür qərar verməsinə səbəb vəsaitlərini risklərdən sığortalamaqdır: “Bankların da gəlirlərinin bir qismi kreditləşmədən gəlirdi. Lakin bu gün bankların əksəriyyəti gəlirlərini artırmaq deyil, mövcud problemlərdən çıxmaq haqqında düşünürlər. Banklar az kredit verməklə risklərdən sığortalanmağa çalışırlar. Problemli kreditlərin yumşaldılması ilə bağlı nə Palata, nə də Mərkəzi Bank hər hansı addım atmır”.

Problemin səbəblərinə toxunan iqtisadçının sözlərinə görə, xüsusən neft bumu dövründə Azərbaycan kommersiya banklarının yüksək faizli istehlak kreditlərinə meyllənməsi və Mərkəzi Bank tərəfindən proseslərin tənzimlənməməsi, buna göz yumulması nəticədə istehlak kreditləri portfelinin şişməsinə səbəb oldu: “Daha sonra əhali həmin yüksək faizli kreditlərin geri qaytarılması ilə bağlı çətinlik yaşadı. O baxımdan, indi kreditləşmə prosesinin dayanması neft bumu dövründə kommersiya bankları tərəfindən yüksək faizli və kütləvi şəkildə istehlak kreditləşməsinə gedilməsinin nəticəsi kimi də qiymətləndirilməlidir. Çox təəssüf ki, məhz o zaman bu cür kreditləşmənin belə fəsadlara gətirib çıxaracağı proqnozlaşdırılmadı. Hazırda kreditləşmənin bərpa edilməsi vacibdir. Palata və Mərkəzi Bank çalışmalıdır ki, kommersiya bankları kreditləşməni bərpa etsinlər”.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.