Qətl törədib pulları yarı böldülər - “İphone”, “Niva”, “X6” aldılar
6-11-2017, 16:48
Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıblar, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.
Bundan başqa dəstə üzvləri əvvəlcədən hazırladığı plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 189 min manat pul və qızıl zinət əşyaları götürüblər.
İttihama münasibət bildirən Qalib Kərimov özünün qismən, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özlərini təqsirli bilməyib.
Qalib Kərimov bildirib ki, Nəzakət Hacıyevanın epizodu üzrə hadisədə iştirak etməyib: “Həmin hadisəni mən törətməmişəm. Zorla boynuma qoyulub. Guya Nəzakəti kolbasa çörəyinə zəhər qataraq öldürüb, evindən oğurluq etmişəm. Bunu elə Firudin deyib”.
Təqsirləndirilən şəxs öldürülən iş adamı İlqar Məmmədovla bağlı da danışıb: “İlqar Məmmədovun epizdou üzrə mən, bir də Vüsal olub. Həmin zaman orada Firudin olmayıb. Birinci qətl olayına görə, Firudun məni ilişdirdi. Orada-burada deyirdi ki, Qalibin üstünə başqa da ölüm işi qoyacam. İstintaq aparılan zaman müstəntiq dedi ki, Nəzakəti də sən öldürmüsən. Mən də acıq edib, Firudunun da İlqar Məmmədovun öldürülməsi epizodunda iştirak etdiyini dedim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İlqar Məmmədovun evinə oğurluq məqsədilə giriblər: “2012-ci ildə həmin evdən oğurluq etmişəm. O zaman həbs edilmişdim. İndi isə fikirləşirdim məni tanımaz. Hadisə baş verən günü Vüsalla içmişdik. Sonra İlqarın evinə getdik. Məqsəd əvvəlcədən həmin yerə baxmaq idi. Kameraların hardan çəkdiyini müşahidə edəcəkdim ki, sonra oğurluğa girəndə bilim. Evi ilə ticarət obyekti bitişik idi. Həmin yerə müştəri qismində girdim. İlqar məni tanıdı. Dedi, sən mənim evimdən oğurluq etmisən. Sonra məni söyməyə başladı. Bu zaman soyuducunun yanında bıçağı götürərək, ona bir neçə dəfə bıçaq vurdum”.
Qalib Kərimov bildirib ki, İlqar Məmmədovun evinə tək girib: “Vüsal sərxoş idi deyə maşında gözləyirdi. İlqarı öldürəndən sonra bıçağı yudum. Sonra qapıları bağladım. Kameraların kabellərini kəsdim. Yaddaş aparatını özümlə götürdüm. Evin içərisənə girdim. Birinci mərtəbə televizorun altında qutuda 80 min dollar pulu götürdüm. Orda pul 80 min dollar bir də 500 manat olub. Halbuki, istintaq 180 min dollar hesablayıb. Pullları götürüb, ikinci mərtəbəyə qalxdım, oradan qızılları da götürdüm. Vüsalla birinci bizim evimizə getdik. Evdə paltarlarımı dəyişdim. 10 min dolları evə qoydum. Daha sonra Vüsal Rüstəmovla Bakıya gəldik. Yolda pulları yarı böldük. Vüsal 40 min dolları götürərək qeyri rəsmi yaşadığı qadının evinə getdi. Səhəri gün onunla görüşdük. Hərəmizə bir dənə “iphone” aldıq. Sonra mən “Niva”, Vüsal da “X6” aldı”.
Növbəti proses noyabrın 13-də davam edəcək.