Dilçi alimdən tənqidçiyə “dullanma” - Cavabı

6-11-2017, 17:41           

Bu sözləri gülünc saymaq, buna görə dilçiləri qurama kəlmələr düzəltməkdə qınamaq doğru deyil. Əksinə, bu sözlər dilimizin tarixinə güzgü tutan ən qiymətli sözlərdir. İradə Musayevanın “gülünc söz” kimi verdiyi nümunələrin sözlükdən çıxarılması təklifi ilə razı deyiləm.
Dilçi alimdən tənqidçiyə “dullanma” - Cavabı
Bu sözləri Kult.az-a dilçi alim Şahlar Məmmədov tənqidçi, ədəbiyyatşünas İradə Musayevanın dilin lüğət fonduna daxil olan bəzi sözlərin sözlükdən çıxarılması təklifinə münasibət bildirərkən deyib.

İ.Musayeva “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə (Bakı. 2013. 198-ci səhifə) salınan dul, dulcuğaz, dulqalma, dullaşma, dullaşmaq, dulluca, dulluca-hallıca, dulluq, dulolma, dulotu kimi sözləri süni və qurama kəlmələr hesab edib.

Ədəbiyyatşünas-alimin bu sözlərinə münasibət bildirən Ş.Məmmədov qeyd edib ki, həmin sözləri gülünc hesab etmək olmaz. Sadəcə, dilçilər həmin sözlərin mənasını izahlı lüğətdə düzgün verməli və kəlmələrin anlamı hər kəsə aydın olmalıdır:

“Bu “dullanma”, “dullaşma” sözləri toplumun anladığı dul (ərinin ölümündən sonra ərə getməmiş qadın; arvadının ölümündən sonra evlənməmiş kişi) mənasında deyil. Qondarma söz kimi təqdim edilən dullaşma, dullaşmaq, dullanmaq, dulotu kimi sözlər qədim türk tarixindəki “at quyruğu kəsmək” gələnəyi ilə bağlıdır. Bu sözlər türk tarixində millət, vətən, ailə, namus uğruna şəhid olmağa hazır olduğunu göstərən anlayışlardır.

Əski türklərdə at quyruğu kəsməyə el arasında dullanmaq (tullanmaq) deyərmişlər. Onu da bilirisiniz ki, at əsgərə eşi qədər yaxın olmuşdur. Döyüşdə əsgər şəhid olmuşsa, “atı dul qaldı” deyilib. Bu səbəbdən əsgərin məzarına at quyruğu kəsilərək gömülmüş və buna dullanmaq deyilmişdir. Bir sözlə, sahibi ölmüş atın yas əlaməti olaraq quyruğunu kəsmək - yas saxlamaq, yasa batmaq kimi qəbul edilirdi. “At quyruğu düyünləmək” adəti isə döyüşə, şücaət göstərməyə, şəhid olmağa hazır olmaq anlamı daşıyıb. Təsadüfi deyil ki, bəzi türk dillərində bu gün də yas saxlamaq mənasında dullamaq/ tullamaq sözü işlənir”.

Ş.Göytürk hesab edir ki, bu cür sözlər dilimizin tarixinə güzgü tutan ən qiymətli sözlərdir:

“O başqa məsələdir ki, dilçilər həmin sözlərin mənasını izahlı lüğətdə doğru-düzgün verməli, kəlmələrin anlamı hər kəsə aydın olmalıdır”.

Qeyd edək ki, “dullaşmaq” “Azərbaycan dilinin izahlı lüğəti”ndə “əri (və ya arvadı) ölmək; dul qalmaq” kimi izah edilib.

Ədəbiyyatşünas-alim İradə Musayeva Teleqraf.com-a verdiyi açıqlamada dilin lüğət fonduna daxil olan sözlərin sayını artırmaq üçün süni cəhdlərin nəticəsiz qalacağını bildirib. Orfoqrafiya lüğətini tənqid edən İ.Musayeva lüğətdə süni, uğursuz, dildə işlək ola bilməyəcək sözlərin olduğunu bildirib və missal kimi haqqında bəhs edilən sözləri göstərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.