İsmayıllıda 20 yanvar faciəsinin 28-ci ildönümü bütün təşkilatlarda qeyd olunur

20-01-2018, 00:36           

teref.az - 19 yanvar 2018-ci il tarixdə bu mövzuya həsr olunmuş tədbirlərdən biri Heydər Əliyev mərkəzində keçirilib. İsmayıllı rayon icra hakimiyyətinin YAP rayon təşkilatı ilə hazırladığı birgə tədbir – “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi iştirakçılara 20 yanvar faciəsinin ağrılarını yenidən yaşadıb. Vətənpərvərlik ruhunda bir daha onları səfərbər edib.
Tədbiri giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Faciənin səbəb və nəticələrindən danışaraq qeyd edib ki, bütün taleyüklü məsələlərdə ümummilli liderimiz Heydər Əliyevin sözü, fikri, mövqeyi, qətiyyəti həmişə həlledici əhəmiyyət daşıyıb. 20 yanvar faciəsinə siyasi və hüquqi qiyməti də məhz Ulu öndərimiz verib. Ona görə də 20 yanvar faciəsinin 28-ci ildönümünü “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsində qeyd edirik.
Açılış nitqindən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar 20 yanvar faciəsindən bəhs edən filmə baxıblar.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov “20 yanvara gələn fitnə yolu və onun nəticələri”, şəhər 7 saylı tam orta məktəbin müəllimi Vüsalə Əliyeva “20 yanvar faciəsinə siyasi və hüquqi qiyməti ümummilli liderimiz Heydər Əliyev verib” və Gəndov kənd ümumi orta məktəbinin müəllimi Ceyhun Əsgərov “Dövlət müstəqilliyi və milli azadlıq uğrunda ümumxalq mübarizəsi 20 yanvar faciəsindən keçib” mövzularında çıxış ediblər. Şəhər 5 saylı tam orta məktəbin hazırladığı ədəbi-bədii kompozisiya iştirakçıların duyğu və hisslərini 28 il bundan əvvələ aparıb, şəhidlərin ruhuna dərin ehtiram nümayiş etdirib.
Rayonun bütün ərazi inzibati dairələri, rayon təhsil şöbəsi, rayon gənclər və idman idarəsi, mədəniyyət və turizm təşkilatları, ümumtəhsil məktəbləri, mərkəzi xəstəxana sisteminə daxil olan təşkilatlar, Dövlət Humanitar və Texnologiya Kolleci, peşə tədris mərkəzi müxtəlif məzmunlu tədbirlərlə, müsabiqələrlə, xatirə turnirləri ilə 20 yanvar faciəsinin 28-ci ildönümünü qeyd ediblər.
Bütün bu tədbirlərin keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsini yad etməklə yanaşı, gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirmək olub.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.