Paşinyan-Sarkisyan qarşıdurması: - “Qarabağ klanı” yenidən Qərbə üz tutur?
15-03-2021, 16:59

Ermənistanda iqtidar müxalifət qarşıdurması indi də informasiya müharibəsinə dönüşüb.
44 günlük Vətən müharibəsində də yalan informasiyaları ilə yadda qalan Ermənistan, indi də öz daxilində bir-birlərinə qarşı həmin taktikadan istifadə edirlər.
Belə ki, müxalifət qüvvələri martın 9-da və 10-da Baş nazir Nikol Paşinyanın istefa verəcəyini və erkən seçimlərə gedəcəyi xəbərini yayırlar.
Paşinyan iqtidarı demək olar ki, müxalifət cəbhəsində yer alan Prezident Armen Sarkisyanın ölüm xəbərini yayır. Bunların hamısı qarşı tərəfi zəiflətmək və tədricən sıradan çıxarmaq məqsədi güdsə də, hələlik nə Paşinyan Sarkisyandan, nə də müxalifət Paşinyandan qurtula bilər. Əgər bu müstəviyə nəzər salsaq, hətta qüvvələr nisbətinin Paşinyanın xeyrinə olduğunu da görərik.
Maraqlıdır, bu yalan informasiya yayımı daha hansı məqsədlər daşıyır və bunun sonu nə ilə nəticələnə bilər?
Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında deyib ki, Paşinyan Armen Sarkisyan kimi prezidentdən qurtulmağa çalışır:
“Ermənistan siyasi impiçmentinin prezident Armen Sarkisyanın səhhəti ilə bağlı açıqlamalarının arxasında, hər iki tərəfin ölkədəki vəziyyətlə bağlı məsələyə korporativ və konyuktur maraqlarından irəli gəlir. Armen Sarkisyan sabiq hakimiyyətin zamanında iqtidara gətirilmiş şəxs idi və bundan əvvəl Ermənistanın Britaniyada səfiri işləmişdi və Avropada kifayət qədər nüfuz sahibi olan şəxs idi.
Onun Ermənistanda prezident kürsüsünə gətirilməsi çox güman ki, Rusiya ilə də razılaşdırılıb. Bunla belə, Ermənistanla Azərbaycan arasındakı 44 günlük müharibənin nəticələri, Paşinyana münasibətdə Armen Sarkisyanı müxalifətin cərgəsinə qoyub.
Ermənistan prezidenti Paşinyanın istefasını tələb edir. Halbuki Ermənistan qanunvericiliyinə əsasən, prezidentin bu kimi tələblərlə çıxış etmək səlhiyyəti yoxdur. Çünki Ermənistanda ali səlahiyyətli şəxs baş nazirdir. Bu faktın özü onu göstərir ki, Paşinyan Sarkisyan faktorundan qurtulmaq istəyir. Hətta Paşinyan zamanında Armen Sarkisyanın Ter Petrasyanla əvəzlənməsi təkili ilə çıxış etmişdi. Paşinyan onun siyasətində əyləc mexanizmi kimi çıxış edən bir prezidentdən qurtulmağa çalışır.
Əslində Ermənistan prezidenti vasitəsi ilə Paşinyanı vaxtından əvvəl istefaya göndərməyə çalışan müxalifət qüvvələrinin istəklərinin arxasında, kapital və mülkiyyətə olan hərislik, hakimiyyəti ələ keçirmək arzusu dayanır. Bu iki tərəf arasında davam edən gərginliyə nəzər salanda görürük ki, hələlik qüvvələr nisbəti Paşinyanın xeyrinədir”.
Politoloq hesab edir ki, bu gün Qərbə meyilli görünən ruspərəst revanşistlər, bu istiqamətdə hansısa addımlar atarlarsa, ağır nəticələri ilə üzləşəcəklər və Moskvanın dəstəyini də itirəcəklər:
“Ordu hələ də Paşinyana tabe qurum təsiri bağışlayır. Çünki ordunun Baş Qərargah rəsini dəyişməsindən məlum oldu ki, Paşinyan hələ də orduya nəzarəti öz əlində saxlayır. Region dövlətlərinə də məhz Paşinyanın hakimiyyətdə qalması sərf edir. Ermənistanda müxalifətin və ordunun qanundankənar hərəkətləri və çevrilişə cəhdi, Türkiyə, İran tərəfindən də pislənildi. Ermənistanda revanşist dairələrin müharibə ritorikaları onu göstərir ki, onlar mövcud bəyannamələrdən irəli gələn tələbləri yerinə yetirməkdən boyun qaçıra da bilərlər. Bu isə Rusiyanın ciddi cəhdləri ilə bölgədə yaranmış kövrək sabitlik üçün təhdiddir və sülhməramlıların mövqeyinə ağır zərbə deməkdir. Ermənistandakı vəziyyətin nəzarətdən çıxması Qafqazda əməkdaşlıq edən Rusiya və Türkiyənin də maraqlarına cavab vermir. Hələ ki, qüvvələr nisbəti Paşinyanın xeyrinədir. Ermənistanda rusmeyilli hesab olunan revanşist qüvvələr, bu gün nədənsə Qərbə boylanmağa başlayıblar. Bu da Baydenin Rusiyaya qarşı tətbiq etməyə başladığı təzyiq mexanizmindən və onu MDB məkanında sıxışdırmaq cəhdlərindən irəli gələ bilər.
Hesab edirəm ki, əgər rusiyayönümlü müxalifət, “Qarabağ klanı” bu istiqamətdə hansısa addım atmağa çalışsa, bu onlara baha başa gələcək və onlar Kremlin də dəstəyini itirəcəklər. Paşinyanın çıxışlarında isə müharibə ritorikası hələlik yoxdur. Hazırda vəziyyət bundan ibarətdir. Perspektivdə mənzərənin necə dəyişəcəyini isə Paşinyanın atacağı addımlar göstərəcək”.