“London” taksilərində qiymətlər yeni sxem üzrə hesablanacaq

15-10-2015, 20:45           
“London” taksilərində qiymətlər yeni sxem üzrə hesablanacaq
“Nəqliyyat elə bir sahədir ki, İQ səviyyəsindən asılı olmayaraq, hər kəs bu sahə ilə bağlı fikir bildirə bilir. İctimai və ya şəxsi nəqliyyat vasitəsindən istifadə edən hər kəs hər hansı problemlə üzləşəndə fikir söyləyir. Burada əlbəttə ki, tənqidlər də yer alır. Nəqliyyatla bağlı tənqidlərin çox olması həm də bununla bağlıdır”. Bu fikirləri APA TV-də yayımlanan “Səhər zəngi” proqramının qonağı, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.

Qonaq, son 4-5 ildə tıxacların qarşısının alınması ilə bağlı rəqəmlərin kifayət qədər dəyişdiyini qeyd edib: “Əvvəllər “20 Yanvar” ərazisində, Bakı-Şamaxı şosesində saatlarla davam edən tıxaclar olurdu. İndi elə tıxac mümkün deyil. Səhər saatlarında həmin ərazilərdə sıxlıq yaşanır. Amma şəhərin demək olar ki, heç yerində saatlarla davam edən tıxac yaşanmır. Yolların genişləndirilməsi, intellektual sistem vasitəsilə işıqforların fazalarında dəyişiklik edilməsi, avtomobillərin həddən artıq çox olduğu yollarda yaşıl işığın maksimum müddətə yanması kimi tədbirlər görülüb. Hamı deyir ki, heç nə dəyişməyib, amma belə deyil. 4-5 il öncəyə nəzər yetirsək, görərik ki, dəyişiklik var”.

“Niyə 2 gündən bir dəyişiklik edirsiniz sualı ilə şikayətlər daxil olur”

Şəfa Mehmanqızı ictimai nəqliyyatla bağlı hər zaman aktual olan problemlərə də aydınlıq gətirib: “Yeni şirkət yaradılıb – “BakuBus” MMC. Yeni avtobuslar fəaliyyətə başlayıb. Bu avtobusların xəttə buraxılması, əvvəlki marşrut avtobuslarının ləğvi, istiqamətinin dəyişdirilməsi ilə bağlı bir qədər narazılıqlar var. Əhalidən bunu anlayışla, səbirlə qarşılamalarını xahiş edirik. Tam 12 xətt üzrə marşrut avtobusları fəaliyyətə başlayana qədər bu dəyişikliklər olacaq. Niyə 2 gündən bir dəyişiklik edirsiniz sualı ilə şikayətlər daxil olur. Bu bizdən asılı olan məsələ deyil. Bu dəyişikliklər yenilik üçün vacibdir. Əhali bunu dəqiqliklə bilmir. Amma bu məcburi qaydada edilir ki, xətlər, marşrutların sayı üst-üstə düşməsin. 12 xətt tam fəaliyyətə başlayandan sonra heç bir dəyişiklik olmayacaq”.

Mütəxəssis qeyd edib ki, bu dəyişikliklər müvəqqətidir və nəticənin ürəkaçan olması həm sürücülərdən, həm də sərnişinlərdən asılıdır: “Yeni avtobuslar “Baku-2015” Avropa Oyunları zamanı texniki heyəti, işçiləri, atletləri daşımaq üçün nəzərdə tutulan ekspress avtobusları idi. “BakuBus”ın avtobusları kifayət qədər komfortlu avtobuslardır. Amma avtobusdan istifadə edən zaman qaydalara riayət olunmaması istər sürücü, istərsə də digər sərnişinlərlə problemlər yaradır. Bəzən “141” qaynar xəttinə kondisionerin gah yüksək, gah da aşağı temperaturda işləməsi ilə bağlı şikayətlər olur. Amma bu da müvəqqətidir. Düşüncədə dəyişiklik etməyi bacarsaq, bütün avtobuslardan normal şəkildə istifadə etməyi bacararıq. “BakuBus” MMC Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərmir. Orada çalışan sürücülərə təlim keçiblər. “Asan xidmət”in könüllü bələdçiləri də var. Amma digər ölkələrdəki kimi sürücü - sərnişin mədəniyyəti, xüsusilə belə komfortlu avtobuslardan istifadə etmə mədəniyyəti tədricən formalaşacaq”.

NİİM-in nümayəndəsi, yeni tətbiq olunan dəyişikliklər və əhalinin buna münasibətindən söz açıb: “Avtomobillərin çox olduğu yollarda “geri dönmə”ni tətbiq etmişik. Yəni, avtomobillər dairələrə girmədən geri dönə bilərlər. Bu sıxlığın qarşısını almağa kömək edir. Bir neçə küçədə bunu tətbiq etmişik. Bundan əlavə, bəzi küçələrdə işıqforların sağa dönmə işıqlarının daimi yaşıl yanmasını təmin etmişik. Bu dəyişiklərlə bağlı mütəmadi olaraq, sosial şəbəkələrdə paylaşılır. Və təşəkkürlə yanaşı, tənqidlər də var – “Bunu çoxdan etməli idiniz” deyə iradlar bildirənlər olur”.

Uzaq məsafələr üçün sərfəli taksi…

Şəfa Mehmanqızı yeni yaradılan taksi xidməti barədə də məlumat verib: “Baku-2015” Avropa Oyunları zamanı şəhərdə fəaliyyət göstərən ağ rəngli taksiləri yəqin ki, hamı görüb. Eyni “London taksiləri” yenidən bənövşəyi rəngdə fəaliyyət göstərəcək. İlkin olaraq, 3 km üçün 3 AZN ödəməklə, 3 km. dən sonra növbəti 7 km üçün 70 qəpik, sonrakı 10 km üçün isə 40 qəpik verməklə istifadə etmək olar. Uzaq məsafələr üçün ən sərfəli taksi xidmətidir. Sürücü ödəniş üçün heç bir sövdələşmə edə bilməz. Müştəri getdiyi yolun uzunluğunu görür. Həmçinin, mikrofon söndürülə bilər. Bu taksilərdən istifadə edən sərnişinlər sığortalanırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.