“Çörək növbəsində durmağı kim istəyər?” - YAP-ın 1-ci olduğu sorğu barədə...
16-10-2015, 13:06
ABŞ-ın nüfuzlu “Arthur J.Finkelstein & Associates” şirkəti Azərbaycanda parlament seçkiləri öncəsi sorğu keçirib. Sorğuda iştirak edən ölkə vətəndaşları hökumətin həyata keçirdiyi işlərin düzgün görüldüyünü, əsas problemin Ermənistanın Dağlıq Qarabağı işğalda saxlamasının olduğunu bildiriblər. Geosiyasi məsələlərə gəlincə, respondentlərin 81,7 faizi düşünür ki, Azərbaycan əksər ölkələrin qeyri-sabit olduğu regionda sabitlik adasıdır və əsas olan Avropada baş verənlər fonunda hökumətin bir çox problemlərin qarşısını almasıdır. Hesabatda seçicilərin 74,4 faizinin hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs vermək istədikləri də qeyd olunub. Bu isə o deməkdir ki, YAP namizədlərinin seçki dairələrinin böyük əksəriyyətində qalib gələcəyi gözlənilir.
Bu haqda fikirlərini “Kaspi”yə açıqlayan millət vəkili Çingiz Qənizadə dedi ki, sorğudakı nəticələr gözlənilən idi və YAP-ın yüksək faizlə öndə olmasında təəccüblü heç nə yoxdur: “Birincisi, Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları hazırlandı və qəbul edildi. Bu proqramlar çərçivəsində hələ də işlər görülür. Bilirsiniz ki, bir neçə ildir ki, rayon və kəndlərə yollar, qaz xətləri çəkilir. Və ya işıq olmayan ərazilərdə transformatorlar quraşdırılır, müasir su qurğuları qoyulur. Faktiki olaraq, infrastruktur inkişaf etdirilir, Bakı şəhərində də nə qədər yollar çəkilir. Hər il yeni-yeni iş yerləri açılır, mümkün qədər əmək haqları qaldırılır. Bu, sırf YAP-ın adı ilə bağlı olan işlərdir. Əhali bunu görür. Ona görə onlarda YAP-a qarşı inam və etibar var. Vətəndaşlar bilirlər ki, ölkə əmin əllərdədir. Prezident İlham Əliyev ölkənin daha da inkişaf etməsi, əhalinin rifahının yüksəldilməsi üçün əlindən gələni edir, Azərbaycanın dünyada imicinin yaxşılaşdırılması üçün var qüvvəsilə çalışır”.
Müsahibimiz bildirdi ki, dövlətin diqqət ayırmadığı sahə yoxdur: “Hər şey göz qabağındadır. Bütün işlər ölkənin və vətəndaşların daha yaxşı yaşaması üçün edilir. Ona görə də prezident bu qədər nüfuza malikdir. Bir məqamı qeyd edim. 2013-cü ildə keçirilən prezident seçkilərində Prezident İlham Əliyevin heç bir vəkili olmadı. Ondan əvvəlki prezident seçkilərində isə 50-yə qədər vəkili var idi. Məsələ ondadır ki, Prezident və komandası onun güclü təbliğata ehtiyacı olmadığını gördü. Prezident özü xalqın etimadını qazandı. Əhali görülən işləri qiymətləndirir. 2013-cü ildən bu yana artıq 2 il də keçib və bu müddətdə xeyli işlər görülüb. Üzümüzə gələn il büdcə ilə bağlı müəyyən çətinliklər olacaq. Amma Prezident yenə də nikbin danışır. O, sosial layihələrin inkişaf etdirilməsi və onların dayandırılmaması haqda təkliflə çıxış etdi. Bu isə xalqın ürəyindən gələn məqamlardır. Prezident son çıxışında korrupsiya, sahibkarların sıxışdırılması ilə bağlı da fikirlərini bölüşdü, tapşırıqlarını verdi. Mən hesab edirəm ki, Azərbaycan xalqı həmişə yaxşıya qiymət verməyi bacaran olduğu üçün son görülən işləri də qiymətləndirəcək. Təbii ki, aparılan uğurlu işlərin nəticəsidir ki, aparılan sorğularda hakim partiya qalib gəlir və əhali onun namizədlərinə səs verəcəklərini deyir. Bəziləri isə cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyən bitərəflərə səs vermək istədiklərini vurğulayıblar. Ona görə də sorğunun tam obyektiv keçirildiyini düşünürəm. Və əminəm ki, noyabrın 1-də bu həqiqət öz həqiqi təsdiqini tapacaq”.
Ekspert Azər Həsrət də YAP-ın istənilən seçkidə qalib gəlmək şansının həddindən artıq yüksək olduğunu bildirdi: “Mən özüm seçkilərlə bağlı yazı hazırlamışdım. Orada da bu haqda fikirlərimi qeyd etmişdim. Partiyanın təxminən 650 min üzvü var. Bu o deməkdir ki, YAP 2 milyona yaxın səs yığa biləcək. Ona görə də onların bu seçkidə də qalib gələcəkləri qaçılmazdır. Sorğunun nəticələri ilə tam razıyam və burada şübhəli məqamın olmadığını demək istəyirəm. Xalq həqiqətən də bu partiyaya inanır və onu dəstəkləyir. Çünki Azərbaycan xalqı ətrafda baş verənləri yetərincə yaxşı anlayır və hadisələri təhlil etməyi bacarır. Ətrafda müxtəlif hadisələr cərəyan edir. Uzağa getməyək. Elə yaxın ölkələr ciddi problemlərlə üz-üzə qaldılar. Belə məqamlar bizim xalqın gözünü açdı və baş verənləri daha yaxşı anlamağa yardım etdi. Buna görə də onlar dəqiq seçim ediblər. Məsələ ondadır ki, Yaxın Şərqdə, ərəb ölkələrində baş verən münaqişələr, vətəndaş qarşıdurması, qanlı müharibələr nəticəsində həmin ölkələrin, şəhərlərin nə günə düşdüyünü gördük. Demokratiya adına Ukraynada baş verənlər də Azərbaycan xalqını bir daha düşünməyə vadar etdi. Azərbaycan vətəndaşları başa düşür ki, xaricdən, xüsusən Qərbdən gələn müdaxilələr, status-kvonun dəyişdirilməsinə yönəlik addımlar ölkəyə faciədən başqa bir şey gətirmir. Ona görə də əminəm ki, Azərbaycan xalqı YAP-ın namizədlərinə səs verəcək”.
A.Həsrət ölkədə böyük əksəriyyətin YAP-ı və onun liderini dəstəklədiyini dedi: “Çünki Prezidentin yürütdüyü siyasi kursun dəstəklənməsi Azərbaycanda sabitliyin davamlılığının təmin edilməsi deməkdir. Sabitliyin nə demək olduğunu insanlar yetərincə anlamasaydılar, indi başqa hadisələr haqqında danışa bilərdik. Bizim nəslin nümayəndələri 90-cı illərin canlı şahidləridir. Mən özüm də həmin illərin əziyyətini yaşamışam. SSRİ dağılıb ölkəmiz müstəqil olduqdan sonra küçələrdə gəzməyin özü belə problemli işə çevrilmişdi. Mən tələbə idim. Çörək almaq üçün dayandığım növbələri hələ unutmamışam. Gecə saat 2-dən gedib mağazaların önündə növbə tuturduq ki, səhər 7-də dükan açılanda çörək ala bilək. Çörək növbəsində durmağı kim istəyər? Üstəlik də şəhərdə silahlı adamlar gəzişir, millətlərarası narazılıqlar qızışdırılırdı. Ulu öndər Heydər Əliyevin uğurla apardığı siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər kəs Azərbaycanın tolerant ölkəyə çevrilməsindən danışır. Ölkəmiz o qədər inkişaf edib ki, ilk Avropa Oyunlarını keçirməyi də öz öhdəsinə götürdü. Bu, həm idman ölkəsi olduğumuzun, həm də malik olduğumuz gücün göstəricisi idi. Bu isə xalqımızın ürəyincədir. Ona görə də onlar YAP-ı dəstəkləməyə davam edirlər”.\\kaspi.az\\