Əhliman Əmiraslanov seçicilərlə görüşdən niyə qaçır?
16-10-2015, 13:18
65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, Tibbi Universitetinin rektoru Əhliman Əmiraslanov namizəd olduğu seçki dairəsində seçiciləri ilə görüşlərə gəlmir. GUNDEMİNFO.AZ-a məlumat verən Sabirabad sakinləri bildirir ki, Əhliman Əmiraslanovun yerli icra strukturlarındakı vəkilləri və qeyri-rəsmi adamları inzibati imkanlarından istifadə edərək seçicilərlə görüşlər təşkil edir və fotolar çəkirlər. Bu günə qədər mətbuatda və sosial şəbəkələrdə görünən bütün görüşlərin fotolarında namizəd gözə dəyməyib.
Hazırda Sabirabad rayonundan olan seçicilər mətbuat vasitəsilə Ə.Əmiraslanova ultimatum göndərərək bildirirlər ki, deputat olduğu dövrlərdə görünməməsi bir yana, heç olmasa seçki dövründə gözə dəysin. Daxil olan informasiyalara əsasən namizədin yolunu səbirsizliklə gözləyən narazı seçicilər bir neçə dəfə onun yerlərdəki vəkilləri ilə görüşdən birmənalı şəkildə imtina ediblər. Buna səbəb isə rektor-deputatla birbaşa təmas quraraq ittihamlarını ifadə etmək məqsədi olub.
Gundeminfo.az-a danışan rayon sakinləri bildirir ki, Əhliman Əmiraslanov bir neçə dəfə məhdud dairədə hakimiyyətdən incik olduğunu da dilə gətirib. Seçkilərdən sonra rektorluğunu itirəcəyini bilən Ə.Əmiraslanov heç bir iş görməyəcəyini, deputat seçilməsi ilə bağlı bütün işlərini yerli icra strukturlarının həyata keçirməli olduğunu söyləyib. İnformasiyalara əsasən rektor incik olduğunu ifadə etməklə, seçicilərlə görüşlərdə iştirak etməyəcəyini, deputat olmağın marağında olmadığını deyib.
Bu mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.