Hərbi hissədəki partlayışla bağlı ŞOK AÇIQLAMA

29-08-2017, 16:10           

Natiq Miri: “Bu, Rusiya xüsusi xidmət orqanlarının törətdiyi bir hadisədir”

“Rusiya bununla demək istəyir ki, bizim törətdiyimiz yanğını Azərbaycan söndürə bilməz”

“Kremlin əndişəsi var ki, Azərbaycan hakimiyyəti əl dəyişdirərsə, gələcək siyasi komanda Rusiyanın maraqlarını təmin etməyəcək...”

Bazar günü Xızı rayonundakı “N” saylı hərbi hissədə baş vermiş partlayış ölkədə böyük rezonansa səbəb oldu. Partlayış xəbəri yayılar-yayılmaz sosial şəbəkələrdə həmin ərazidə yaşayan əhalinin vəziyyəti ilə bağlı insanların nigarançılığı var idi. Hər kəs hadisə ilə bağlı bildiklərini paylaşır, müzakirə aparılırdı. Maraqlıdır ki, bu müzakirələrdə partlayışın məhz Rusiya tərəfindən törədildiyini düşünənlər çoxluq təşkil edirdi.
Hərbi hissədəki partlayışla bağlı ŞOK AÇIQLAMA
Odur ki, politoloq Natiq Miri ilə söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışdıq.

Üstəlik, avqustun 21-də qonşu Gürcüstanda Borjomidə yanğınların baş verməsindən və Azərbaycan yanğın sondürənlərinin qonşu ölkəyə dəstəyindən sonra ölkəmizdə silah anbarında partlayışın baş verməsi hadisələrin gedişatında maraqlı məqamları ortaya çıxarır. Çünki Azərbaycanın silah-sursat anbarında partlayış törədilməsini Borjomidə yanğınların qarşısının alınmasında ölkəmizin gürcülərə kömək etməsi ilə əlaqələndirənlər də var...

“Azərbaycanın Gürcüstanda yanğını lokallaşdırması bu yanğını törədən Rusiyanın xoşuna gələ bilməzdi”

Politoloq Natiq Miri də hesab edir ki, bu partlayışda Rusiyanın rolu istisna deyil. Politoloq Hurriyyet.org-a bildirdi ki, silah-sursat anbarında partlayış törədilməklə Azərbaycana 2 mesaj verilmişdir: “Artıq Gürcüstanda - Borjomidə yanğınların məhz Rusiya xüsusi xidmət orqanları tərəfindən törədildiyi haqda çox ciddi informasiyalar səslənir və rəsmi Tiflis bu yöndə bilavasitə Rusiyanı ittiham edir. Baxmayaraq ki, Rusiya xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu iddianı təkzib etmişdi, ancaq hər bir halda Rusiya Gürcüstanı cəzalandırmaq üçün bu cür terror hadisələrindən istifadə edə bilər. Çünki Rusiya mediasını izləyəndə də bu hiss olunurdu. Rusiya düşünürdü ki, Gürcüstanda bu yanğınlar söndürülə bilməyəcək. Bu, Gürcüstanın digər şəhər və əyalətlərinə də yayılacaq ki, Gürcüstan dövləti bu yanğının qarşısında aciz qalacaq. Ancaq Azərbaycanın dost səviyyəsində Gürcüstana yardım etməsi və əsas ağırlığı öz üzərinə götürərək, bu yanğını lokallaşdırması, təbii ki, bu yanğını törədən Rusiyanın xoşuna gələ bilməzdi. Ona görə də, düşünürəm ki, bu hadisələrin demək olar, eyni vaxtda üst-üstə düşməsi qətiyyən təsadüf deyil”.

“Bu hərbi hissənin Azərbaycanın şimal hissəsində yerləşməsi də hadisənin içərisində Rusiya izlərini göstərir”

N.Miri onu da diqqətə çatdırdı ki, bu partlayışın törədildiyi hərbi hissənin Rusiya sərhədlərinə yaxın, yəni Azərbaycanın şimal hissəsində yerləşməsi də hadisənin içərisində Rusiya izlərinin olduğunu göstərir: “Rusiya bununla demək istəyir ki, bizim törətdiyimiz yanğını Azərbaycan söndürə bilməz. Yox, söndürməyə qalxarsa, belə bir yanğın Azərbaycanın özünü də gözləyir. Hansı ki, biz bunu məhz Azərbaycanın hərbi hissələrinin birində müşahidə etdik”.

“Partlayışın törədilməsi Azərbaycanın siyasi hakimiyyətinə də bir mesaj ola bilər”

N.Miri dedi ki, bu hadisənin törədildiyi zamana diqqət etdikdə, bəzi məqamları da ayırd etmək mümkündür: “Məhz bu məqamlara diqqət etdikdə, bu partlayışın Azərbaycanın siyasi hakimiyyətinin gələcəyinə yönəlik də bir mesaj olduğunu düşünmək olar. Çünki Azərbayanda son zamanlar artıq prezidentliyə namizədlərdən və bu namizədlərə verilən dəstəklərdən söhbət gedir. Məhz bu ərəfədə belə bir partlayışın törədilməsi Azərbaycanın siyasi hakimiyyətinə də bir mesaj ola bilər. Ona görə də, düşünürəm ki, bu hadisələr qətiyyən təsadüf deyil. Əksinə, bu, Rusiya xüsusi xidmət orqanlarının törətdiyi bir hadisədir”.

“Hiss olundu ki, Rusiya artıq bu prosesə çoxdan hazır kimi görsənir”

“Azərbaycanın media orqanları hər hansı informasiya və video-görüntüləri qoymamış bu video-görüntülər artıq Rusiyanın telekanallarında nümayiş etdirilməyə başladı və hiss olundu ki, Rusiya artıq bu prosesə çoxdan hazır kimi görsənir. Bunun özü də qətiyyən təsadüf ola bilməz. Baxmayaraq ki, Rusiya mediası bu video-görüntülərin məhz sosialşəbəkələrdən götürüldüyünü bəhanə etsə də, düşünürəm ki, bunlar hamısı heç də təsadüf deyil. Əksinə, əvvəlcədən hazırlanmış bir hadisə medianın və xüsusi xidmət orqanlarının hazırlığı kimi dəyərləndirilməlidir” - deyə politoloq əlavə etdi.

“Növbəti hakimiyyətdə də Rusiyanın geo-siyasi maraqları təmin olunmalıdır”

Politoloq onu da vurğuladı ki, Rusiyanın Azərbaycanın gələcək siyasi hakimiyyəti ilə bağlı konkret iddiaları var: “Bu iddialar ondan ibarətdir ki, növbəti hakimiyyətdə də Rusiyanın geo-siyasi maraqları təmin olunmalıdır. Bu da Rusiyayönlü “beşinci kolon” üzvlərinin Rusiya-Azərbaycan siyasi hakimiyyətində ciddi iştirakından ibarətdir. Kremlin əndişəsi var ki, Azərbaycan hakimiyyəti əl dəyişdirərsə, yəni yeni bir siyasi fiqur hakimiyyətə gələrsə, ola bilsin ki, gələcək Azərbaycanın siyasi hakim komandasında Rusiyanın maraqları təmin olunmasın. Ona görə də, biz bu cür təzyiq mexanizmlərini, bu yöndə hadisələri gözləyirdik və bu yöndə xəbərdarlıqlar da etmişik. Düşünürəm ki, hərbi hissədə törədilən partlayış da məhz bu yöndə olan xəbərdarlıqların ilki kimi dəyərləndirilə bilər”.

“Neft Akademiyasında törədilən terror hadisəsinin arxasında da Rusiya xüsusi xidmət orqanları dururdu”

“Azərbycan hakimiyyətinin bu məsələyə adekvat reaksiya verəcəyini və bunu ictimailəşdirərək nümayişkəranə şəkildə Rusiyaya qarşı hansısa ciddi addımlar atacağını da düşünmürəm. Çünki zaman-zaman bu cür hadisələr törədilib. Məsələn, Neft Akademiyasında törədilən terror hadisəsinin arxasında da Rusiya xüsusi xidmət orqanları dururdu. Ancaq bu məsələnin üstünə gedilmədi, məsələ örtüldü. Bu məsələnin arxasında məhz Rusiyanın dayandığı haqqında ictimaiyyətə hər hansı açıqlama da verilmədi. Ona görə, Rusiya hakimiyyətini qıcıqlandırmamaq üçün Azərbaycan siyasi hakimiyyətinin bu məsələdə də ciddi siyasi və yaxud hüquqi addım atacağını düşünmürəm. Ola bilsin ki, hansısa Rusiya-Azərbaycan danışıqlarında bu məsələ məxfi olaraq getsin”, - deyə politoloq düşünür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.