AZƏRBAYCANLI İDMANÇI RAMZAN KADIROVLA DÖYÜŞÜB – VİDEO
17-08-2015, 12:50
Azərbaycan döyüşçüsü, K-1 ustası Zabit Səmədov Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla sparrinq-döyüş keçirib. Z.Səmədov “Report”a bildirib ki, bu yoxlama döyüşü onun Çeçenistanın paytaxtı Qroznıya səfəri zaman baş tutub. Onun sözlərinə görə, döyüş Çeçenistan rəhbərinin iqamətgahında baş tutub.
Döyüşdən sonra Ramzan Kadırov öz təəssüratlarını bölüşüb: “Bazar axşamı mən məşhur dünya kikboksçusu, əziz qardaşım Zabit Səmədovla rinqdə görüşdüm. Biz qardaşcasına sparrinq keçirdik. Boks 4 raund davam etdi. Zabit əla reaksiyaya malikdir, gözəl müdafiə olunur, hücum döyüşünü sevir. Biz bir-birimizə bir sıra zərbələr vurduq. Zabit Səmədovla bir rinqdə olmaq mənim üçün böyük şərəfdir. O, idman aləmində layiqli yer tutub, böyük əmək, güclü iradə və məqsədyönlü olması sayəsində nəticələr əldə edib və tanınıb. Belə bir usta ilə güləşmək istənilən boksçu üçün yaxşı ustad dərsidir”.
Xatırladaq ki, Zabit Səmədov Qroznı şəhərində avqustun 22-də keçiriləcək turnirin əsas döyüşlərindən birinə çıxacaq. Azərbaycanlı idmançının rəqibi təcrübəli bosniyalı döyüşçü Dzevad Poturak olacaq. Turnir Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun nəzarəti altında keçiriləcək.
“Mauqli” ləqəbli Zabit Səmədov dünyada peşəkar rinqdə 9 ardıcıl qələbə ilə yadda qalıb. Onun ən böyük uğurları sırasında bir neçə K-1 yarışlarının iştirakçısı, qara kəmər sahibi Makoto Uexara, Türkiyənin yerli idmançısı Mert Akın, Dubayda keçirilən “Global Fighting Championship 3″ turnirində Stiv Makkinnon və Konqo-Almaniya əsilli Danyo İlunqa üzərində qələbələri olub.