Dərmanları bahalaşdırmaya görə tutulan iş adamının şirkəti qiyməti endirdi
1-03-2016, 12:56
Xəbər verdiyimiz kimi, 21 dekabr 2015-ci il devalvasiyasından sonra Baş Prokurorluğun İqtisadiyyat Nazirliyi ilə birgə apardığı reydlər zamanı süni qiymət artımına yol vermiş bir neçə iş adamı həbs edildi.
Saxlanılan iş adamlarıından biri də barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyevdir.
Əsasən “Hepatit C” xəstəliyinin müalicəsində istifadə edilən “Grateziano” dərman vasitəsinin Misirdən Azərbaycana idxalı və satışı ilə məşğul olan “Alfa med” MMC rəhbərliyin həbsinə baxmayaraq, hazırda fəaliyyətini davam etdirir.
Bu haqda Modern.az saytına “Alfa med” MMC-nin reklam meneceri İqbal Kərimov məlumat verib.
İ.Kərimov deyib ki, hadisədən sonra pereparatın qiyməti endirilib:
“Grateziano” dərmanının qiyməti 200 manat endirilib. Hazırda şirkət olaraq fəaliyyətimiz normal şəkildə davam edir”.
O, həmçinin şirkət rəhbəri ilə mütəmadi olaraq əlaqə yaradıldığını deyib.
Qeyd edək ki, “Alfa med” firması “Grateziano” dərmanının bir qutusunu xəstələrə 21 dekabr 2015-ci il devalvasiyasına qədər 800-850 manata satıbsa, dollar bahalaşandan sonra dərmanın qiymətini 1000 manata qaldırıb. “Grateziano” pereparatı “Heptatit C” virusuna qarşı güclü dərmanlardan hesab olunur. Həkimlər xəstələrə bu dərmanı 3 aylıq müalicə kursu müddətinə yazırlar.
Baş Prokurorluğun yanvarın 12-də yaydığı məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.
Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və satış üzrə menecer İbadulla Hüseynov saxlanılıb.