Cavid Hüseynovun bibisi oğlu öldürülən jurnalist barədə: "Yaxşı eləmişəm, söyməyəydi..."
1-03-2016, 13:45
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.
Təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə gəlmədiyi üçün fasilə elan olunub. Fasilə zamanı isə təqsirləndirilən şəxslərlə mərhum jurnalistin anası Terfurə Əliyeva arasında insident yaşandı. Belə ki, təqsirləndirilən şəxslərin danışıb-gülməsi Teyfurə Əliyevanın narazılığına səbəb oldu. “Bütün Azərbaycan sizi söyür, siz isə gülürsünüz”, - deyə etiraz edən T.Əliyevaya təqsirləndirilənlər cavab qaytarıblar. Bundan sonra təqsirləndirilən Kənan Mədətovun anası ilə Rasim Əliuyevin nişanlısı arasında dava baş verdi. Tərəflər arasında mübahisə artdığından hər iki tərəf zaldan çıxarıldı. Rasim Əliyevin ölümündə təqsirləndirilən, futbolçu Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayıl “yaxşı eləmişəm, söyməyəydi”, - dedi.
Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib. Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib.
O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərin işindən ayrılıb.