Sizcə, nə üçün hərbi qaydaların qanla yazıldığını deyirlər?
1-03-2024, 15:16
Erməni tərəfi iki əsgərin Dığ kəndi istiqamətində sərhədi keçdiyini bildirir. Onlardan biri ələ keçirilib, digəri isə qaçıb. Azərbaycan tərəfi isə bildirir ki, əsgər hava şəraitinə görə azıb.
Bəli, hava şəraitinə görə azmaq mümkündür. Burada qeyri-adi bir şey yoxdur. Məsələ hərbiyə gələndə, qayadalara əməl olunarsa, bunun imkansız olduğunu deyə bilərik. Əsgərin dumana düşüb azmağı ilə bağlı çox şeylər, hətta əfsanələr eşitmişik. Birini nəql edim. Əsgər məzuniyyətdən gələndə dumana düşür, azıb keçir erməni tərəfinə, əlində də iki dolu yemək sumkası. Özün itirmir, ermənilərə deyir, bizdə bayramdır, komandir bayram payı göndərib, sumkaları verir, erməni komandir də çaxır, konyak verir, paya qarşı pay göndərir və beləcə əsgər sağ-salamat geri qayıdır. Mümkündür? Niyə mümkün deyil? Ancaq suallar yaranır. Nə oldu, Azərbaycan əsgərləri azıb o tərəfə, Ermənistan əsgərləri bu tərəfə keçəndə minaya düşmürlər? Çox maraqlıdır. Gəzən adamın ayağına daş dəyər, azan adam minaya düşməz? İndiki dönəmdən danışmıram, müharibədən əvvəlki dönəmdə də bu hallar yaşanırdı. Bir erməni azıb keçmişdi Azərbaycan tərəfinə, ermənilər ruhi xəstə olduğunu deyirdilər. O şəxs erməni postun keçib, Azərbaycan postunu keçib, gəlib, gəlib, topçular saxlayıblar. Nə erməni tərəfində minaya düşüb, nə Azərbaycan tərəfində. Bu harasıdır? Nə erməni tərəfinin postda duranları ayıq-sayıq olub, nə də Azərbaycan tərəfdə duranlar. Ön postla top batareyasının ara məsafəsini təsəvvür edin. O vaxt Azərbaycan Müdafiə Nazirliyi qəhramanlıq edirmiş kimi bu məsələni mətbuata çıxardı. Hamı saxlanılana baxdı, ancaq heç kəs harada, kim tərəfindən və necə saxlanıldığına fikir vermədi. Beləcə, əslində, ayıb olan şey ayıq-sayıqlıq kimi təqdim edildi. O vaxt da yazdım, indi də yazıram, boşluq var.
İnsanlar bəzən elə bilirlər ki, kəşfiyyat məlumatları ya gedib kimisə dindirməklə əldə olunur, ya da hansısa satqının xəbərçiliyi ilə. Bir çox hallarda kəşfiyyat məlumatları açıq resurslardan əldə olunur. Bu yazdıqlarım sadəcə Ermənistanla Azərbaycan üçün yox, hər bir ölkə üçün keçərlidir. Qarşı tərəfin kəşfiyyat idarəsində oturan biri başlayır saysız-hesabsız suallar qoymağa. O adam bizim postu necə keçib? Postdakılar bunu fərq ediblər, yoxsa ruhi xəstə olduğunu bilib: “Cəhənnəmə ki” deyib izləyiblər. Yaxud ağıllı komandir deyib, onsuz da ruhi xəstədir, hesab soran da olmayacaq. Görək minaya düşür? Düşmürsə, qarşı tərəf onu harada saxlayacaq? Saxlamasa, hara qədər gedəcək? Biləndə ki, topçular saxlayıb. Qərarlar alır və yuxarı komandanlığa məlumat verir. Burada bir qızıl mədəni tapıb, nə mina var, nə ayıq-sayıqlıq, nə də nizam-intizam, ruhi xəstəsi topçulara qədər gəlirsə, gör ağıllısı hara qədər gedə bilər. Sən burada ha özünü öy, qarşı tərəf anladığını anlayır. Bunun üçün informasiya almağa gərək lazım deyil.
İndi gələk Dığ kəndində ələ keçən əsgər məsələsinə. Cinayət işinin açılmasını, ona işgəncə verilməsini ataq bir kənara. Qarşı tərəf nə müəyyən etdi? İki əsgər başlı-başına hərəkət edə bilir. Lap deyək, bir əsgər olub. Bu daha pis. Hesab edək ki, o əsgərlər saatdar olublar, postu dəyişməyə gedirdilər. Bəs onların üstündə getməli olan çavuş harada idi? Postdakı əsgər olubsa, lap pis. Niyə xidməti yerini tərk edib? Yenə eyni sual yaranır: Nəzarət olmayıb?
Bizim gözümüzdə anası ağlayır, bacısı üzünü cırır, yüz faiz işgəncə verirlər. Heç o əsgəri danışdırmadan təsəvvür edin qarşı tərəfə nə qədər informasiya verir? Hadisənin özü düzgün suallar qoyulub cavablar tapılanda qarşı tərəfə qiymətsiz informasiya vermiş olur. Bu məsələdə daha dərinə gedən suallar da verə bilərdim, bu qədəri də kifayət edər, məncə.
Sizcə, nə üçün hərbi qaydaların qanla yazıldığını deyirlər? Elə bilirsiniz, bu qaydaları hansısa deputat evində oturub fikirləşib yazıb? Hamısı acı təcrübələrin nəticəsində yazılıb.
Ola bilsin, bunları oxuyanlar deyəcək ki, paranoyadır. Müharibədən öncə və müharibə vaxtı bizə adi gələn hadisələr üzərindən düzgün analiz ediləndən sonra elə nəticələr əldə edilib ki, buna inanmaq belə olmur. Müharibə vaxtı gözümün qarşısında iki itin quyruğunu bulamasına görə 20 gün axtarılıb tapılmayan mövqe müəyyən edildi və vuruldu.
Hesab edirəm ki, məsələnin ciddi araşdırılmasına və nəticə çıxarılmasına ehtiyac var.
Səxavət Məmməd
TEREF