“Məmurlara bağlı olan “reket qəzetlər” yenidən “qara siyahı”ya salına bilər” - AÇIQLAMA
22-10-2015, 14:17
“Azərbaycanda bəzi məmurların bir sıra kütləvi informasiya vasitələrini maliyyələşdirməsi, bu mətbu orqanlarda sifarişli yazıların yayılması media aləmində hamıya məlumdur. Biz o qəzetlərin bir qismini çox böyük çətinliklə də olsa “qara siyahı”ya salmışdıq”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının “Reket jurnalistikaya” qarşı Mübarizə Komissiyasının üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşlarının “reketliklə” məşğul olan mətbuat orqanları maliyyələşdirməsi məsələsini şərh edərkən deyib.
O qeyd edib ki, müxtəlif dövrlərdə Avropanın bir sıra təşkilatları məsələnin mahiyyətinə varmadan həmin qəzetləri mətbuat və söz azadlığının sıxışdırılması baxımından “qara siyahı”dan çıxarmağa təhrik edirdilər:
“Bu cür məsələlər ortaya çıxdığı üçün biz həmin “reket qəzetləri”n bir qismini “qara siyahı”dan çıxardıq. Bu siyahıdan çıxarmaq onların gizli sahiblərinin təkidi ilə olmadı, sadəcə, biz onlara həm də şans verdik, eyni zamanda beynəlxalq qurumların “Mətbuat Şurası azad mətbuata təzyiq göstərir” fikrini aradan qaldırmaq üçün bu addımı atmışıq. Hazırda “qara siyahı”dan çıxarılan, eyni zamanda bu siyahıda qalanların da bəzi qurumlarla əlaqələri var. Mətbuat cameəsi üçün bu sirli və gizli məsələ deyil. O qəzetlərin adını çəkmək istəmirəm, o səlahiyyətdə deyiləm”.
Bəxtiyar Sadıqov həmin qəzetlərə sifarişlərin gizli verildiyi kimi, bunu sübut etməyin də çətin olduğunu bildirib. O qeyd edib ki, “qara siyahı”dan çıxarılan mətbuat orqanlarının adlarının yenidən həmin siyahıya salınması da asan proses deyil:
“Mətbuat Şurasında hansı addımı atırıqsa, müəyyən əsasnamələr, prinsiplər hazırlanır və bunun əsasında fəaliyyət göstəririk. Bu işi “KİV haqqında” qanun, Mətbuat Şurasının nizamnaməsinə uyğun həyata keçiririk. Burada qanunsuz, hansısa hüquqi cəhətdən əsaslandırılmayan addım atmırıq. Əgər araşdırmaların gedişində elan olunsa ki, bu qəzetlər həmin qurumlarla əməkdaşlıq edib, kimlərinsə santaj olunmasında, verilən sifarişlər əsasında məqsədli yazılar yazmqla kimlərinsə soyulmasında rolları olub və həmin qəzetlərin adları açıqlansa, buna əsasən biz də onların adlarını yenidən “qara siyahı”ya sala bilərik. Ona görə də bizim əlimizdə əsas olmadan qəzetləri siyahıya qaytara bilmərik. Amma biz jurnalistlər hər şeyi bilirik və görürük”.