Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 11:26
Globalinfo.az sabiq deputat, Bilgəhin nüfuzlu ağsaqqalarından olan Hacı Qalib Salahzadə ilə müsahibəni təqdim edir:
– Qalib bəy, 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilərində iştirak etdiniz? Kimə səs verdiniz?
– Açığı, bələdiyyə seçkilərinə getmədim. Ona görə də heç kimə səs verməmişəm.
– Səsverməyə qatılmamaq səbəbiniz nədir?
– Həmin ərəfədə xəstə idim, özümü yaxşı hiss etmirdim. Ona görə də gedib səs verməyə həvəsim olmadı.
– Bələdiyyə sədrini tanıyırsınız?
– Xeyr, tanımıram. Açığı, heç yeni seçilən bələdiyyə sədrinin kim olduğunu da bilmirəm, maraqlanmamışam.
– Hazırda nə işlə məşğul olursunuz?
– 8 nəvəm, 9 nəticəm var. Elə vaxtımı onlara sərf edir, başımı belə qatıram. Onlarla deyir-gülür, beləcə yaşayıram.
– Qalib bəy, oğlunuz bu dəfə deputat seçilmədi. Bunu nə ilə əlaqələndirirsiniz?
– Vallah, oğlum olsa da, onun işlərinə qarışmıram, heç qarışmamışam da. Övlad kimi gəlir, ata-anasına baş çəkir, gedir. Niyə seçilmədi və ya namizədliyi hansı səbəbdən təsdiq olunmadı, onu bilmirəm.
– Siz zamanında həm deputat, həm də Bilgəhin bələdiyyə sədri olmusunuz. Nə əcəb istər parlament, istərsə də bələdiyyə seçkilərində namizədliyinizi irəli sürmədiniz?
– Ona görə namizədliyimi irəli sürmədim ki, cavanlar işləsinlər, önə getsinlər.
– Siz neçə yaşına kimi çalışmısınız?
– Əslində, heç vaxt vəzifə sahibi olmamışam. Sadəcə, 5 il deputat olmuşam, vəssalam… Açığı, heç həvəsim də olmayıb.
– İnsanlar sizi daha çox dəfələrlə Həcc ziyarətinə gedən biri kimi tanıyır. Neçə dəfə ziyarətə getmisiniz?
– Mən 35 dəfə Həcc ziyarətində olmuşam. Sonuncu dəfə ötən ilin noyabr atında getmişdim.
– Bu il Həcc ziyarətinin qiyməti 10 min manatdan çox təşkil edir. Bu qiymət hər il artır. Məsələn, siz 35 dəfə ziyarətə getdiyinizi deyirsiniz. Olmazdımı ki, 35-ci dəfə özünüz deyil, Allaha xatir, getmək istəyib də, gedə bilməyən birini göndərəsiniz?
– İnanın ki, bu vaxta kimi 500-dən çox adamı Həcc ziyarətinə göndərmişəm. Bunu isə öz pulumla etmişəm. 35 il ərzində arzusunda olan kasıbları da özümlə aparmışam. Elə öz kəndimdən neçə nəfər yola salmışam. Heç vaxt varlı, imkanlı birini göndərməmişəm.
– Ən son nə vaxt Həcc ziyarətinə adam göndərmisiniz?
– Elə noyabr ayında gedəndə 4-5 nəfəri apardım özümlə.
– Qalib bəy, bir zaman deyirdiniz ki, Bilgəhdə sizə məxsus villanı sökürlər. O məsələnin sonu necə oldu?
– Evimi sökmədilər. Necə idi, elə də qalır. Bəli, istəyirdilər belə bir şey etsinlər, amma etmədilər.