“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 10:09
![“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”](/uploads/posts/2025-02/1739253835_1.jpg)
"44 Günlük Vətən müharibəsindəki qələbəmiz bizim qüdrətli Xalq olmağımızı sübuta yetirdi. Rusiya da daxil olmaqla bir neçə ölkə hələ də Qələbəmizi sinirmir. Şəbəkələr yaradır, bizi sarsıtmağa cəhdlər göstərirlər".
"AzPolitika" xəbər verir ki, bunları keçmiş millət vəkili Etibar Əliyev deyib.
Deputat hesab edir, ki, Kremlin bu niyyətləri xülyadır: "Rusiya öz xain niyyətini gizlətmir, sorosçular və fetoçular hər vəchlə şəbəkələrini qorumağa çalışırlar. Meydan TV-yə bağlı olan feministlərin təşkilatı açıq-aşkar maliyyələşdirilir. Özü də məbləğ 100 minlərlə ölçülür, lakin bununla bağlı hələlik heç bir ölçü götürülməyib. Azərbaycan Prezidenti cənab İlham Əliyev və onun ətrafında birləşən Azərbaycan xalqı Vətəni zədələyə biləcək bütün təsirlərin qarşısını almağa qadirdir".
E.Əliyev Ramiz Mehdiyevin pandemiya vaxtı ölkə qanunlarını saya salmayaraq nəvəsinə toy şənliyi düzənlədiyini xatırladır: "Onu AMEA-nın prezidenti vəzifəsindən istefa verməsi tələbini mən irəli sürdüm. Deputat olduğumdan parlamentdə kök salmış bəzi mehdiyevçilərin təhdidləri ilə üzləşdim. Lakin xeyli sonra Ramiz Mehdiyevin destruktiv əməllərindən əl çəkməməsi xeyli deputatları danışmağa vadar etdi. İndi aşkar olub ki, Rusiyanın Azərbaycandakı şəbəkəsinin başında duranlardan biri bu qoca imiş.
Mətbuat yazır: "Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb".
Etibar Əliyev düşünür ki, yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq. "Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvləri olduğu iddia olunan Əbülfəz Qarayev, Eldar Mahmudov və Elmar Məmmədyarov ən urvatsız nazirlər olublar. Bir-biriləri ilə rus dilində danışa-danışa təhlükəsizlik, mədəniyyət və xarici siyasət kimi vacib sahələri bərbad vəziyyətə salıblar", - keçmiş deputat fikirlərini yekunlaşdırıb.