MSK İqbal Ağazadəyə 3 gün vaxt verdi
24-10-2015, 20:59
Mərkəzi Seçki Komissiyasında (MSK) Ümid Partiyası tərəfindən Milli Məclisə seçkilərlə bağlı müşahidəçilərin təyin edilməsi barədə ərizəsinə baxıb.
APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, bu məsələdə kifayət qədər qarışıqlıq var və ilk dəfədir ki, MSK belə bir məsələ ilə üzləşib.
M. Pənahov qeyd edib ki, Ümid Partiyası tərəfindən müşahidəçi qismində təqdim edilən insanların 17-si ərizələrində konkret namizədlərlə bağlı müşahidəçi olmaq istədiklərini bildiriblər, qalanları isə partiyanın müşahidəçisi olmaq barədə deyil, öz təşəbbüsləri ilə müşahidəçi olmaq istədikləri barədə ərizə yazıblar: “Ümumilikdə Ümid Partiyası bir məktub yazıb. Orada müşahidəçi kimi 250 nəfərin adı yazılıb, ancaq 237 nəfərin ərizəsi var. Bu 237 nəfər də ərizələrində Ümid Partiyasının müşahidəçisi olmaq istədiklərini qeyd etməyiblər. Sadəcə, 17 nəfər konkret namizədin müşahidəçisi olmaq istədiyini bildirib, qalanları isə öz təşəbbüsləri ilə müşahidəçi olmaq istədiklərini ifadə edib, Ümid Partiyasının müşahidəçisi olmaq istədiklərini bildirməyiblər. Bu, qarışıq bir vəziyyətdir və bir çıxış yolu tapmalıyıq”.
MSK sədri yaranmış vəziyyətdən çıxış yolu olaraq Ümid Partiyasına məsələni tənzimləmək üçün 2-3 gün vaxt verilməsini təklif edib: “Ya həmin şəxslər Ümid Partiyasının təşəbbüsü ilə müşahidəçi kimi irəli sürülməlidirlər, ya da konkret namizədlərlə bağlı müşahidəçi ola bilərlər”.
M. Pənahov deyib ki, bəzi dairələr belə hallardan MSK-nın guya qərəzli hərəkət etməsi barədə təəssürat yaratmaq üçün istifadə edirlər: “Üç gün ərzində partiya tərəfindən bu məsələ yoluna qoyulmasa, biz belə cəhdlərin şahidi ola bilərik. Ümid edək ki, partiya bu məsələni yoluna qoyacaq”.