SOCAR-dan baş vermiş etiraz aksiyası ilə bağlı açıqlama

29-10-2015, 00:40           

"İş olan yerdə söz-söhbət də olur. Burada da kimsə kiməsə qarşı kobudluq edib. Bu barədə şikayət olub və həmin şikayət araşdırılır. Araşdırmanı BP aparır. Yəqin ki, yaxın günlərdə bu haqda açıqlama veriləcək".

teref.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən Anspress-ə verilən açıqlamada belə deyilir. Həmçinin bildirilib ki, kimin kobudluq etdiyi, necə kobudluq etdiyi hələlik məlum deyil.

"Bu layihə BP tərəfindən idarə edilir, çox böyük bir layihədir. Layihənin 98 faizi milli - azərbaycanlı kadrlar tərəfindən həyata keçirilir. Amma müəyyən vəzifələrdə - menecer, supervayzer, mühəndislər içərisində xarici kadrlar da var", - deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı "Şahdəniz-2" layihəsinin GREENFİELD bölməsində işləyən azərbaycanlı fəhlələrin etiraz etdiklərini bildirib. Buna səbəb onlara qarşı yol verilən ayrı-seçkilik olub. İşçilərin əlavə iş saatına görə ödənişləri də ləğv edilib.

Bildirilib ki, TEKFEN-AZFEN Alyansı həmin layihənin bir hissəsini həyata keçirir. TEKFEN şirkətinə yeni təyin olunan Cem İlgün isə azərbaycanlı işçilərə qarşı kobudluq edib. Bu səbəbdən oktyabrın 26-da həmin işçilər etiraz ediblər.

Onları AZFEN-TEKFEN Alyansının rəhbərliyi sakitləşdirib. Daha sonra SOCAR nümayəndələri də həmin yerdə olublar. Araşdırma getdiyindən fəhlələr oktyabrın 27 və 28-də - iki gün işə buraxılmayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.