“Seçicilərdən çox böyük rəğbət, dəstək gördüm”

29-10-2015, 15:53           
“Seçicilərdən çox böyük rəğbət, dəstək gördüm”
Elşad Musayev: “Nə YAP-ın namizədinin, nə də icra hakimiyyətinin adamı kimi təqdim edilən bələdiyyə üzvü olan namizədin dairədə nüfuzu yoxdur”

9 saylı Binəqədi ikinci seçki dairəsindən “Azadlıq 2015" seçki blokunun deputatlığa namizədi, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev seçki kampaniyasının gedişi ilə bağlı ”Yeni Müsavat"a açıqlamalar verib. Onun dediyinə görə, 9 saylı Binəqədi seçki dairəsinin ərazisində deputatlığa namizədlərin seçicilərlə açıq havada görüşü üçün faktiki olaraq yer ayrılmayıb. Formal olaraq elan edilən yer Nəsimi rayonunun düz sərhədində yerləşir və normal görüşlər üçün uğurlu yer deyil:

“Faktiki olaraq bizim dairənin ərazisində seçicilərlə açıq görüş üçün normal bir yer verilmədi. Buna baxmayaraq, biz məhəllə-məhəllə, ev-ev görüşlər keçirdik və keçiririk. Bu görüşlərdə bizə yerli hakimiyyət strukturlarından maneçilik olmayıb. Çoxsaylı görüşlərimiz olub, bizi bu dairənin seçiciləri çox yaxşı tanıyırlar. Çünki mən məhz bu dairədən bir neçə dəfə parlament seçkilərinə qatılmışam və seçicilərin əksəriyyəti mənə səs verib. Seçkilər başqasının xeyrinə saxtalaşdırılsa da əsl qalibi mən olduğum sonradan sübut olunub. İndiki seçki kampaniyasında da seçicilərdən çox böyük rəğbət, dəstək gördüm. Bütün seçicilərə təşəkkürümü bildirirəm və onları bir daha seçkidə aktiv iştiraka çağırıram. Hesab edirəm ki, 9 saylı Binəqədi seçki dairəsində normal seçkilər keçiriləcəyi halda əzici üstünlüklə qalib gələcəyəm. Bunu çəkinmədən açıq bəyan edirəm”.

E.Musayev yerli hakimiyyət strukturlarının da seçkiyə yönəlik hazırlıqlarda olduğundan danışdı: “Ənənəvi olaraq insanları şirnikləndirmək yolu ilə, bəzən qorxutmaq yolu ilə seçkiyə cəlb etmək istəyirlər. Onbaşılar, yüzbaşılar yaradılması prosesi gedir. ”Azadlıq 2015" blokunun namizədlərindən Pənah Hüseyn də elan etdi və mən də bəyan edirəm ki, biz razıyıq hakimiyyət strukturları öz namizədləri üçün bütün inzibati resursları işə salsınlar, amma karusel eləməsinlər, seçicilərə pul paylamasınlar. Biz onların namizədlərini rahatlıqla udmağa qadirik".

Onu da bildirək ki, hazırda 9 saylı dairənin deputatı Rafael Cəbrayılovdur. Lakin budəfəki seçkidə R.Cəbrayılov başqa bir dairədən namizədliyini irəli sürüb. YAP 9 saylı dairədən Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarovun namizədliyi irəli sürülüb: “Milli Onkologiya Mərkəzində təsərrüfat işləri ilə məşğul olan adamdır. Lakin müxtəlif mötəbər şəxslərin adından istifadə edir”.

“9 saylı dairədə sizə rəqib olanların sırasında hakimiyyət üçün vazkeçilməz, nəyin bahasına olur-olsun seçilməsinin təmin edilməsi vacib fiqurun olmadığı görünür. Bu amil sizin şansınızı artırırmı” sualına E.Musayev belə cavab verdi: “Nə YAP-ın namizədinin, nə də icra hakimiyyətinin adamı kimi təqdim edilən bələdiyyə üzvü olan namizədin dairədə nüfuzu yoxdur. İnsanlar onları tanımır. Onlar seçicilərlə normal bir görüş belə keçirə bilmədilər”.

“Deyilənlərə görə, ”Azadlıq 2015" blokundakı namizədliyi qeydə alınmayan partiya sədrləri seçkidən geri çəkilmək barədə qərar qəbul edilməsini istəyirlər. Seçkidən çəkilmək ehtimalı varmı" sualını isə E.Musayev belə cavablandırdı: “Açığını deyim ki, biz bunu müzakirə elədik. Mən müttəfiqlərimizə dedim ki, bizim iki namizədimiz qeydə alınıb, əgər seçkidən geri çəkilmək məsləhətdirsə birinci biz çəkilək. Blokdakı partiya sədrlərindən Mirmahmud Mirəlioğlu, Əhməd Oruc, Fuad Əliyev və digər dostlarımız da seçkidə iştirakı davam etdirməyi məsləhət bildilər. Biz əvvəlcədən elan eləmişik ki, seçkidə sonadək gedəcəyik. Bizim elan etdiyimiz bir prinsip də var ki, hakimiyyətlə müxalifət arasında dialoq olmalıdır, öncə vətənin, xalqın mənafeyidir. Biz bunlardan geri çəkilmirik. Hesab edirəm ki, bu seçkidən diri çıxmaq lazımdır, növbəti mərhələ üçün”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.