Hoqland nələr haqda susdu və ya dil diplomata nə üçün verilib? – Şərh

29-08-2017, 22:05           
Hoqland nələr haqda susdu və ya dil diplomata nə üçün verilib? – Şərh
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin “vida bəyanatının” altında nə gizlənir?
Avqustun, 24-də Rusiya və Ermənistan prezidentlərinin görüşdüyü gün ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland “Amerikanın səsi” radiosunun Ermənistan xidmətinə müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas nizamlanma prinsiplərini sadalayıb.

Hoqlandın sözləri çox sayda sual doğurub. Ermənistan xarici işlər naziri və tanınmamış Dağlıq Qarabağ Respublikasının xarici işlər qurumu rəhbəri amerikalı həmsədrin sözlərində yeni heç nəyin olmadığını bəyan etsələr də, ümumilikdə erməni cəmiyyətində bu müsahibə mənfi reaksiya doğurub.

Hoqlandın müsahibəsinə erməni cəmiyyətinin reaksiyası haqda JAMnews-un materialndan oxumaq olar: Vəzifədən gedən ATƏT-in MQ həmsədrinin bəyanatı Ermənistanda qızğın müzakirələrə səbəb olub

Hoqlandın nə dediyi məlumdur. Amma suallar qalıb: o niyə bütün bunları deyib və hələ nələri deməyib?

Birinci sualın cavabı deyəsən, lap üzdədir. Guya avqustun 28-də Hoqlandın səlahiyyətləri bitdiyi üçün o öz səlahiyyətlərini ABŞ-dan olan yeni həmsədrə – Endryu Şaferə ötürərək “təhvil-təslim” prosedurasını yerinə yetirmiş olub. Amma burada artıq başqa suallar ortaya çıxır. Anladığım etibarilə, əvvəlki həmsədrlərdən heç biri heç vaxt belə “estafeti ötürmə” mərasimi keçirməyib. Bəs, amerikalı diplomatı ABŞ-ın mövqeyini diqqətə çatdırmağa nə vadar edib (özfəaliyyət tamamilə istisna olunur), həm də məhz Putinlə Sarqsyanın görüşü günü, üstəlik də radionun Ermənistan xidmətinə müsahibəsində? O, bununla erməni cəmiyyətinə hər hansı mesaj ötürmək istəyibmi? Əgər istəyibsə, o zaman etiraf etmək lazımdır ki, o buna nail ola bilib.

Həm Ermənistan, həm də Azərbaycan hakimiyyəti sözdə bildirir ki, vasitəçilərin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təklif etdikləri Madrid prinsiplərini “əsasən” qəbul edir və sadəcə texniki xarakterli düzəlişlərin edilməsi qalıb.

“Yenilənmiş Madrid prinsiplərinin” altı müddəası ilə ATƏT-in rəsmi saytında tanış olmaq mümkündür

Əməldə isə nə Ermənistan, nə də Azərbaycan hakimiyyəti bu prinsiplərin altında nələrin durduğunu və əgər sabah bu razılaşmalar əsasında sülh sazişi imzalanarsa, nələrə hazır olmalı olduqlarını öz cəmiyyətinə anlatmaq üçün qətiyyən heç nə etmir.

Məsələn, erməni cəmiyyətinin əksər hissəsi Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılmasını acı həb kimi udmağa qətiyyən hazır deyil. Bu rayonlara, hələ bəlkə Dağlıq Qarabağ ərazisinə də qaçqınların qaytarılmasından isə söhbət belə gedə bilməz. Əks halda necə ola bilər?

Azərbaycan cəmiyyəti bu prinsiplərdə Dağlıq Qarabağ üçün nəzərdə tutulan heç ən qısa müddətli statusla da razılaşmağa hazır deyil. Daha DQ və Ermənistanı birləşdirən Laçın dəhlizinin xüsusi statusunun tanınmasını heç demirik də. Əks halda necə ola bilər?

Bundan çıxış edərək, hələlik hər iki ölkə hakimiyyətinin münaqişənin hazırkı vəziyyətinin uzanmasında maraqlı olduğunu və ciddi, son zamanlar dəbdə olan dillə desək, “substantiv” danışıqlara getmək istəmədiklərinin səbəbini izah etmək üçün Hoqlandın müsahibəsi kimi istənilən formal səbəbin ətəyindən yapışacaqlarını ehtimal etməyə bütün əsaslarımızın olduğunu deyə bilərik.

İkinci suala keçək. Amerikalı həmsədr nələr haqda susub?

Bir hiyləgər fransız diplomatın dediyi kimi “dil diplomata, öz fikirlərini gizlətmək üçün verilib”. Hoqlandın müsahibəsindən sonra hamı onun dediklərini şərh etməyə başladı, amma gəlin, onun bu müsahibədə hansı fikirlərini gizlətdiyinə baxaq.

Gözə dəyən ilk şey “referendum” sözünün istənilən variantının olmamasıdır. Müxtəlif zamanlarda bu söz müxtəlif variantlarda istifadə olunub. Ən son variantda “mütləq hüquqi iradə ifadəsi” kimi yer alıb. Hoqlandın traktovkasında bu, “tərəflər onun statusunu qarşılıqlı razılaşma və qarşılıqlı iradə ifadəsi öhdəliyi ilə müəyyən etməlidirlər” kimi səslənib. Yəni burada artıq bilavasitə Dağlıq Qarabağın sakinləri üçün ayrıca səsvermədən söhbət getmir. Əvvəlcə ortaq siyasi razılıq əldə olunmalıdır.

Bu, İrlandiyada keçirilən referendum prosedurasını xatırladır. Uzun və qanlı münaqişədən sonra 1994-cü ildə tərəflər siyasi razılıq əldə etdi(Good Friday Agreement). Bundan sonra eni zamanda Şimali İrlandiya və İrlandiya Respublikasında referendum keçirildi. Orada artıq nə İrlandiyanın birləşdirilməsi, nə də Olsterin müstəqilliyi məsələsi qoyulmamışdı. Xalq ya “Müqəddəs Cümə Razılaşmasına” legitimlik qazandırmağa, ya da bu sazişi rədd etməyə dəvət olunmuşdu. Nəticədə hər iki tərəf sazişi dəstəklədi.

Belə bir analoq bizim regionda mümkündürmü? Şübhə edirəm. Ona görə yox ki, xalqlar sülh istəmir. Ona görə ki, bizim təmiz seçki keçirmək təcrübəmiz (ən vacibi isə keçirmək istəyimiz) yoxdur. Üstəlik də söhbət belə həssa məsələdən gedirsə.

Amma hələlik ABŞ-ın mütləq məsələlər sırasında Hoqlandın dili ilə “referendum” sözünü səsləndirmədiyi faktını qeyd edirik.

Hoqlandın susduğu ikinci müddəaya keçək. Bu, Qarabağ ermənilərinin yuxarıda adıçəkilən siyasi qərarın qəbul edilməsində iştirakıdır.

Qarabağ erməniləri münaqişənin ilk illərində danışıqlar prosesinin demək olar ki, bütün mərhələlərində iştirak edirdilər. Hələ 1992-ci ildə, ATƏT-in Minsk Qrupu yenicə yaradıldığı zaman danışıqların o vaxtkı əsas vasitəçisi italiyalı diplomat Mario Rafaelli Qarabağdan olan narazı nümayəndə heyətinə bildirmişdi ki, “sizin veto hüququnuz var, amma bunu bağırmağa ehtiyac yoxdur” (Romada keçən həmin görüşün iştirakçısı Stepanakert press-klubunun prezidenti Geqam Baqdasaryan şahidlik edir).

1994-cü ilin mayında qəbul olunan atəşkəs haqda sənədin altında DQR parlament sədrinin və müdafiə nazirinin imzası var. Azərbaycan hakimiyyətinin danışıqlara Qarabağ azərbaycanlılarının liderini dördüncü iştirakçı kimi əlavə etmək istiqamətində bütün səyləri qeyri-ciddi qəbul olunurdu. Vəziyyət məzəli hal aldı, atəşkəs haqda Bişkek protokolunun memarı rusiyalı diplomat V.N.Kazimirov razılaşmanın hazır mətni ilə Bakıya gələndə Azərbaycan parlamentinin sədri Rəsul Quliyev sənədi Qarabağı azərbaycanlı icmasının sədri Nizami Bəhmənov da imzalayacağı şərtilə imzalamağa razılaşdı. Amma bütün günü Bəhmənovu tapa bilmədilər (o zaman hələ mobil telefonlar yox idi) və Kazimirov Moskvaya üç imza ilə uçmalı oldu.

Sonralar Qarabağ ermənilərinin statusu da dəyişib, onlar daha çox “legitim seçilmiş nümayəndələr” və ya buna bənzər adlandırırdılar. Amma Qarabağ ermənilərinin lideri Robert Koçaryan Ermənistan prezidenti seçiləndən sonra o, Qarabağ ermənilərinin nümayəndəsi funksiyasını öz üzərinə götürdü. Azərbaycan tərəfi əlbəttə ki, etiraz etmirdi.

Elə o vaxtdan bəri “üçüncü olarsanmı?” ənənəvi rus sualı Stepanakertə getdikcə daha az verilir. Hoqland da bu sualı vermədi.

Hoqlandın müsahibəsindən daha bir nüans. O, “Bakının nəzarət etmədiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi müvəqqəti status almalıdır” ifadəsi işlədib. Burada iki məqam var. Birincisi, əvvəllər heç kim “keçmiş DQMV” ifadəsini işlətməyib (ən azından mən belə bir şey xatırlamıram və rəsmi sənədlərdə bu ifadə yer almayıb). Lbəttə, keçmiş sovet inzibati sərhədləri SSRİ ərazisində yeni ölkələrin sərhədlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynayıb. Amma SSRİ-nin hüquqi varisi Rusiya Federasiyası Gürcüstan və Ukrayna muxtariyyətlərinin misalında göstərdi ki, belə müəyyən edilmiş sərhədlərlə o qədər də hesablaşmır. Odur ki, DQMV-nin sərhədləri də həmin Rusiya üçün sarsılmaz deyil.

İkinci nüans, “Bakının NƏZARƏT ETMƏDİYİ keçmiş DQMV ərazisi”. Məlum olduğu kimi keçmiş DQMV ərazisində Azərbaycanın nəzarətində olan iki sahə var. Cənubda Martuni ərazisində və şimalda Mardakert ərazisində. Üstəlik şimal bu ərazilərin şimal hissəsi 2016-cı il aprel döyüşlərindən sonra onlarla kvadrat kilometr genişlənib. Hoqlandın sözlərindən Bakının bu əraziləri qaytarmalı olduğu qənaəti hasil olmur. Bir daha oxuyaq: “Bakının NZARƏT ETMƏDİYİ keçmiş DQMV ərazisi”, Bakının nəzarət etdiyi DQMV ərazisi haqda diplomat heç nə deməyib.

Bu ilin noyabrında Madrid prinsiplərinin 10 yaşı tamam olur. Münaqişə isə düz 30 ildir davam edir. Deyirdilər ki, Qarabağ münaqişəsinin həll edilməsi üçün nəsil dəyişməlidir. Az qalıb, bizdən sonra gələn nəsil çox gözləməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.