Zahid Oruc Avropa Parlamentini faktlarla ifşa etdi - Operator Rasim Əliyev Avropanın kamerasında

11-09-2015, 12:13           
Zahid Oruc Avropa Parlamentini faktlarla ifşa etdi - Operator Rasim Əliyev Avropanın kamerasında
Ötən gün AvroParlamentin qəbul etdiyi qətnamənin siyasi qiymətləndirilməsini bir kənara qoyaraq,orada özünü gösətərn 5 kobud səhv haqqında qeydlər:

- “Jurnalist Rasim Əliyev sosial mediada prezidenti kəskin tənqid etdiyi üçün ardıcıl qorxudulmaya və döyülməyə məruz qalaraq, xəstəxanada həyatını itirib”.

Şərh: Operatorun ölümünün siyasətlə heç bir bağlılığının olmadığına, əksinə,bir idman hadisəsi üzərində inkişaf edən qarşılıqlı çəkişmənin sonda qətllə nəticələndiyinə görə dövlət başçısının həmin məsələyə dərhal reaksiya verdiyini, ehtimal olunan günahkarların hazırda istintaq edildiyini Azərbaycanda hər kəs bildiyi halda, avroməmurlar və parlamentarilər bundan xəbərsizdir.

- “Avropa Birliyi nəzərdə tutduğu 13 qrantdan 11-ni məhdud qanunvericilik üzündən ona görə verə bilməyib ki, sözügedən şəxslər həbsdədir”.

Şərh: Son illər Azərbaycanda beynəlxalq donor mənbələrdən alınan qrantların məhdudlaşdırılması deyilərkən, Avropa strukturlarının konkret antihakimiyyət fəaliyyətinə görə “mükafatlandırdığı” şəxslərin həmin vəsaitləri əldə edə bilməməsinin qeyri-demokratik hadisə kimi qələmə verilməsi absurddur. Məgər vətəndaş cəmiyyəti və QHT sektoru xüsusi privilegiyaya malik insanların himayəsi və onlara toxunulmazlıq statusu verilməsi əsasında çalışmalıdır?

Bəs onda Avropa Birliyinin bəyan etdiyi bərabərlik və şəffaflıq prinsipi necə olsun?

- “Azərbaycanda hakimiyyətinin ən yüksək pilləsindəki şəxslərin LGBT- cinsi azlıqlara siyasi nifrət çıxışlarını qətiyyətlə pisləyirik”.

Şərh: Ölkəmizdə tarixən formalaşmış ailə münasibətləri və ictimai ənənələr zəminində istər məmurların,istərsə də siyasi xadimlərin sözügedən məsələyə fərdi baxışlarını Azərbaycanda azlıqlarının diskriminasiyası kimi necə qəbul etmək olar? Parlamentdə onlar əleyhinə xüsusi qanun qəbul edilmədiyi, dövlət vəzifələrinə və seçkili orqanlara seçilmək üçün insanların xüsusi müayinələrdən keçirilmədiyi halda avroqanunçular LGBT-yə qarşı hökumətin mövqeyini necə müəyyənləşdiriblər?

- “Xədicə İsmayılovanın prezident Əliyevə qarşı korrupsiya ittihamı ilə bağlı Avropa Birliyi hökuməti xüsusi araşdırmaya başlasın”.

Şərh: Əvvəla dünyaya hakimiyyət bölgüsü ənənlərini gətirmiş Fransa inqilabının və demokratiyanın baza şərtinin burada pozulduğu hər kəsə aydındır: Hökumətlər məhkəmə funksiyasını öz üzərlərinə götürə bilməzlər. Burada siyasi maraqlar, dövlətlərə qarşı qeyri hüqiqi niyyətlər və şəxsi düşmənçiliklər yer ala bildiyi üçün yalnız məhkəmə orqanı hər hansı işi aparmağa müvəkkil edilə bilər. Lakin Avroparlament sözügedən müddəa ilə sübut edir ki, jurnalist araşdırması kimi təqdim olunan komromatlar Azərbaycanda böyük geopolitik marağı olan ölkələrin vasitəsilə hazır qovluq şəklində Xədicə İsmalıyılovaya verilib və onu beynəlxalq nəzarətə götürmək bir ölkəyə qarşı yürüdülən təzyiq siyasətinin tərkib hissəsidir.

- “Azərbaycana qarşı ünvanlı viza və digər sanksiyalar tətbiq edilsin”.

Şərh: Qərb yenicə böyük entüziazmla İrana və Kubaya qarşı sanksiyaları ləğv edib. Biz buna qarşı deyilik. Lakin maraqlıdır, İranda dini və dövlət idarəçiliyinə, vətəndaş azadlıqlarına münasibətdə hansı qlobal dəyişiklikləri nəzərə alan Avropa Birliyi keçmiş mövqeyindən daşınmalı olub? Yoxsa prinsiplər və demokratik standartları dövləti maraqlar tələb edəndə bir kənara atmaq olar?

- “Ermənistan və Azərbyacan arasında düşmənçiliyin aradan qaldırılmasında rol oynayan şəxslərin vacib işi bir daha qeyd edilsin”.

Şərh: İki ölkə arasında münasibətləri “xalq diplomatiyası”nın üzərinə qoyanlar beynəlxalq qurumların məsuliyyətdən kənar durmasına çalışırlar. Hər gün Rusiya əleyhinə qətnamələr qəbul edən və bunu dünyada zorla sərhədlərin dəyişilməsinə qarşı etalon siyasətlə bağlayan avroçinovniklər Qarabağ münaqişəsini və işğal olunmuş torpaqlarımızı Leyla Yunusun sərəncamına veriblər.

Bir sözlə,böyük siyasi mənafe savaşına gedildiyi bir dönəmdə Avroparlamentin antiAzərbaycan cəbhəsi açması yuxarıdakı yanlış müddəalardan qaynanmaqla region uğrunda savaşın tərkib hissəsidir. Lakin bu artıq başqa söhbətin mövzusudur!

Zahid Oruc
Millət vəkili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.