Abel Məhərrəm YAP-ın “ələyi“ndən ələnmədi - Qərar
11-09-2015, 16:59
Yeni Azərbaycan Partiyası (YAP) Bakı Dövlət Universiteinin rektoru, professor Abel Məhərrəmovu partiyanın deputatlığa namizəd siyahısına salmayıb
Onun qarşısına "ya deputatlıq, ya rektorluq" şərti qoyulub.
Abel Məhərrəmov iki gün əvvəl Prezident Administrasiyasına çağrılaraq, onunla bu mövzu ətrafında ciddi müzakirə aparılıb. Ona qanunvericiliyin müvafiq müddəası, eləcə də digər xidməti olanların da əməyinin dəyərləndirilməsinin vacibliyi xatırladılaraq, deyilib ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə YAP-ın siyahısında fərqli meyarlara üstünlük veriləcək və rektorların "iki stulu məşğul etməsinə" də icazə verilməyəcək. Sadəcə, onların xidmətləri nəzərə alınaraq, özləri üçün əlverişli olan iki postdan birini seçmək tövsiyə olunub.
Mənbə bildirir ki, belə bir müzakirə Abel Məhərrəmov üçün qəfil və gözlənilməz olsa da, o, artıq seçim etməkdən başqa çarəsinin olmadığını anlayıb və qərarını verib: qarşıdakı illərdə Milli Məclisdə deyil, rektor kimi fəaliyyətini davam etdirməkdə maraqlı olduğunu açıqlayıb.
Qeyd edək ki, görüşdən çıxandan sonra BDU rektorunun yaxın ətrafına narazılıq edərək, bu illər ərzində etdiyi xidmətlərin qiymətləndirilmədiyindən gileyləndiyi və bu məsələnin "başqa və daha yuxarı müstəvidə müzakirəsinin gərəkliyini" də vurğuladığı bildirilir.
Xatırladaq ki, Abel Məhərərmov BDU-nun rektoru olmaqdan əlavə, 2010-cu ildə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvüdür.
Mövzu ilə bağlı hər hansı yanlışılıq varsa, hörmətli rektorun da mövqeyini işıqlandırmağa hazırıq. (strateq.az)