ATƏT Azərbaycanla əməkdaşlıqdan imtina etdi: Gərginlik pik həddə...
11-09-2015, 23:27
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina edib.
Bu barədə qurumun sentyabrın 11-də yaydığı rəsmi məlumatda bildirilir.
“Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu inadlı məhdudiyyətlər bu ölkənin ATƏT qarşısında öhdəliklərinə və büronun müşahidə missiyasının mandatın ziddiк" - deyə DTİHB sədri Maykl Link bəyan edib.
Açıqlamada qeyd edilir ki, ATƏT-in üzvü olan dövlət kimi Azərbaycan keçirdiyi seçkilərə beynəlxalq müşahidəçilər cəlb etməli, həmçinin bu DTİHB-nin müşahidəçilərinin öz funksiyalarını müstəqil, tərəfsiz və peşəkarcasına yerinə yetirmələrinə xüsusi diqqət yetirməlidir.
Açıqlamada deyilir ki, Bakıdan dəvətnamə aldıqdan sonra DTİHB bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.
M.Link əlavə edir ki, bu qərara baxmayaraq onun başçılıq etdiyi qurum Azərbaycana seçkilər və insan haqları ilə bağlı başqa öhdəliklərinin icrasında yardımlarını göstərməyə hazırdır.