DAHA BİR DİPLOMATIMIZ QAÇDI

12-09-2015, 21:47           
DAHA BİR DİPLOMATIMIZ QAÇDI
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib.

Konsul vəzifəsindən kənarlaşdırılandan sonra Bakıya - Xarici İşlər Nazirliyinə dəvət olunub. O isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.
Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, “üsyankar diplomat” Arif Məmmədovla çox yaxın münasibətlərinin olmasıyla bağlıdır.
Belə ki, işdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostu ilə əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işiylə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.
Aznews.az saytının əldə etdiyi məlumata görə, Nahid Cəfərovla Arif Məmmədov həqiqətən də vaxtilə yaxın dost olublar və hətta bir yerdə çalışıblar.
Sayt məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə isə açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib. Yalnız onu bildirib ki, məsələdən xəbərsizdir: “Bununla bağlı suala dəqiq cavabı bazar ertəsi verə bilərəm”.
Saytın səfirliklə əlaqə saxlamaq cəhdləri isə boşa çıxdı. Şənbə günü olduğundan telefonlara cavab verən tapılmadı.
Xatırladaq ki, Arif Məmmədov iyun ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırılıb. Onun vəzifədən çıxarılmasına səbəb kimi facebook sosial şəbəkəsində mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı üsyankar statusla çıxış etməsi göstərilir. Səfir postundan geri çağırılan Arif Məmmədov Norveçdən sığınacaq istəyib. Onun haqqında cinayət işi açılıb.
Bundan əlavə, A.Məmmədov məsələsindən sonra bir neçə azərbaycanlı diplomat işdən çıxarılıb. Onlar arasında Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da var. A.Həsənov da bir neçə gün əvvəl Avstraliyadan sığınacaq istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.