Gənc bloqqer Milli Qvardiyanın keçmiş zabitinə sərt cavab verdi
13-09-2015, 00:35
Gənc bloger, “Azerbaycan Respublikasına Xidmət Edirəm” feysbuk səhifesinin, Qaziler feysbuk qrupunun admini Tofiq Şahmuradov Milli Qvardiyanın komandiri Əzizağa Süleymanovun moderator.az saytındakı (http://moderator.az/index.php?xeber=94754) açıqlamasında səsləndirdiyi fikirlərə etiraz məktubu göndərib:
"Müharibə bu gün başlasa, onun əsas yükü mənim yaşıdlarımın üzərinə düşəcək. Bu haqla və ordumuzun elit xüsusi təyinatlı birləşməsində xidmət keçdiyimə görə hörmətli Əzizağa müəllimin səsləndirdiyi bəzi fikirlərinə münasibət bildirmək istəyirəm.
Əzizağa bəyin fikirləri məni və ətrafımda olan yüzlərlə gənci çox məyus elədi. Əvvəla, qeyd etmək istəyirəm ki, Qazilərin müraciəti siyasi mahiyətli deyil, aslan ürəkli keçmiş döyüşçülərin çəkdiyi nərə və çağırışıdır.
Türk qardaşlarımıza gəlincə, onlar hec vaxt bizə deməzlər “elə döyüşkənsizsə gedin torpağınızı alın”. Çünki Türkiyənin çox əsrlik dövlətçilik və müharibələr təcrübəsi, hərb ənənələri, insanları tərəfindən mənimsənilmiş hərb elmi və bilikləri var.
Türklər yaxşı bilirlər ki, müharibə əmri Prezident - Ali Baş Komandanın səlahiyyətlərinə aiddir və dövlət siyasətinin davamıdır. Müharibə kiminsə şəxsi istək və arzuları ilə başlanmır. Müharibəni başlamaq üçün dövlət ilk növbədə uyğun və əlverişli beynəlxalq və regional şərait yetişdirir.
Türklər onu da yaxşı bilirlər ki, nə qalib, nə məğlub əbədi deyil.
23 il əvvəl məğlub olmaq, əbədi məğlubiyətlərə duçar olmaq demək deyil. Belə düşüncə yalnız məğlubiyət və natamamlıq psixoloji komplekslərin məhsuludu.
İkincisi, 1988-1994 illər Qarabağ müharibəsinin tarixini dərindən öyrənib, bildiklərimə əsaslanaraq, əminliklə və tam məhsuliyətlə deyə bilərəm ki, biz savaşı döyüşkən olmadığımıza görə uduzmadıq. Biz döyüşkənik, lakin münaqişənin və müharibənin ilk dövrlərində dövlət rəhbərliyimiz zəif olmuşdu, dövlətin resurslarını müharibə üçün kifayət qədər səfərbər və müharibədə qalib gəlməyin ilk şərti olan milli birliyi təmin etməmişdi. Bu səbəbdən məğlub olduq.
Lakin haqq bizimlədi, ona görə qələbə bizimlədi!"