Mili Şuranın boykot qərarının yaratdığı "pat vəziyyəti" - Hakimiyyət möhkəmlənir, müxalifət sarsılır
14-09-2015, 16:12
Müxalifətin Milli Şurada təmsil olunan hissəsi yenə də boykotdan danışır. Hazırkı şəraitdə yenidən boykot taktikası barədə fikirləşmək nə dərəcədə məqbul variantdır? Boykot nə verə bilər? Bir halda ki, beynəlxalq təşkilatlar müxalifətin iştirakı olmadan da keçirilən seçkiləri tanıyacaq, sözükeçən taktikaya üstünlük vermək gözlənilən effekti verə bilərmi?
Qeyd edək ki, seçkinin boykot edilməsi yalnız bir halda məqbul hesab oluna bilərdi ki, ölkədə kütləvi narazılıqlar baş alıb getsin. Kataklimzlər yaşansın. Azərbaycanda isə hakimiyyət istənilən sabitliyin pozulması cəhdinin qarşısını almağa qadirdi. Bu baxımdan seçkidə iştiraka zərurət yaranır. Məhz seçki yolu ilə iqtidara gəlmək mümkündür. Əgər Milli Şura seçkidə iştirak etməyəcəksə, müxalifətin digər qanadı seçkidə içtirak edəcək, bu, ən doğru seçim kimi dəyərləndirilə bilər və qətiyyən “alternativlik fonu yaratmaq” anlamına gələ bilməz.
Ümumiyyətlə, boykota hesablanmış düşüncələri hazırkı mərhələdə gündəmə gətirməyin özü yanlışdır. Bəri başdan protest elektoratını məğlubiyyətə hazırlamağa xidmət edən boykot taktikası müxalifətin son şanslarını da dəfn edə bilər.
Xatırladaq ki, müxalifət boykot taktikasından dəfələrlə istifadə edib. Bunlar fərqli vəziyyətlərdə həyata keçirilsələr də, nəticə eyni dərəcədə uğursuz olub. Müxalifət bu dəfə də boykot taktikasına üstünlük verərsə, eyni aqibətlə üzləşə bilər. Belə vəziyyət siyasi partiyaların daha da zəiflədilməsinə və sosial bazasının daralmasına gətirib çıxarardı.
Milli Şura tərəfindən boykot haqda xəbərdarlığın indi daha çox eşidilməsinin bir neçə səbəbi var. Müxalifət hesab edir ki, bununla hakimiyyətə və beynəlxalq təşkilatlara təzyiq etmək mümkündür.
Azərbaycanda heç vaxt boykot qərarları uğurlu nəticə verməyib.
Qarşıdan gələn seçkilərdə də hakimiyyətin qələbəsi daha çox gözlənilsə də, müxalifətin müəyyən hissəsi yekunda boykot qərarı verməyəcək.
Qeyd edək ki, boykota adətən seçki qanunlarının hakim partiyaların xeyrinə işlədiyi, ədalətli seçki mühitinin olmadığı ölkələrdə əl atırlar. Bundan bir məqsəd də beynəlxalq ictimaiyyətin diqqətini bu adalətsizliklərə, geniş mənada hakimiyyətin legitimliyi məsələsinə çəkməkdir. Azərbaycanda isə bu amil işləmir. Ötən seçkilərin təcrübəsi də sübut edir ki, boykotun nəticəsində hakim partiya özünü daha inamlı hiss edir və asanlıqla qələbə qazanır. Digər tərəfdən, müxalifətin bir qanadının boykot qərarı seçkinin legitimliyini şübhə altına sala bilməz. Müxalifətin ümid etdiyi beynəlxalq təzyiq ya olmayacaq, ya da zəif olacaq və heç nəyi dəyişməyəcək.
Ötən seçkilərin nəticəsi deyilənlərə bir sübutdur.
Azərbaycanda boykot taktikasından dəfələrlə istifadə edilib. 1998-ci ildə Azərbaycan müxalifətinin önəmli qismi prezident seçkisini boykot etsə də bu, böyük dövlətlərin seçkidə Heydər Əliyevi qalib kimi tanımalarına mane olmadı. Boykot tərəfdarları unutmamalıdırlar ki, Azərbaycan elə də mühüm ölkə deyil ki, keçirilən seçkilər beynəlxalq diqqətə səbəb olsun. Əksinə, daha böyük geostrateji əhəmiyyətə malik ölkələrdə boykot güclü danışıq aləti ola bilər. Azərbaycanda isə beynəlxalq dəstək iqtidarın yanında olub və sabitliyin qorunması maraqları üstünlük təşkil edib.
Daha bir nüansa diqqət yetirmək lazım gəlir. Ötən seçkilərin hamısının nəticələrini Birləşmiş Ştatlar tanıyıb. Proseslər müxalifət üçün uğurlu olmayıb.
Hazırda Azərbaycanda dünya birliyi üçün az-çox əhəmiyyəti olan seçkilər keçiriləcək, odur ki, boykot ona çağıranın məğlubiyyəti ilə bitə bilər. Dünya Suriya və Ukrayna problemlərinə daha çox diqqət yetirir. Azərbaycandakı seçkilər dünya üçün o qədər də önəmli deyil.
Ümumiyyətlə, boykot bir çox hallarda müxalifət üçün məğlubiyyətdən də ağır nəticələrə səbəb olur. Belə ki, hakimiyyət möhkəmlənir, elektoratın müxalifətə etimadı sarsılır, o parçalanaraq zəifləyir. Boykotun müxalifət üçün ən ağır nəticələrindən biri də hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının güclənməsi və sərbəstləşməsi ola bilər. Parlamentlərdəki əksəriyyət çoxluğa malik olmaq “yeni azərbaycanlı”lara istədikləri dəyişikliyini həyata keçirmək imkanı verir. Bu dəyişikliklərdən hakimiyyət öz yerini daha da gücləndirmək üçün faydalanır. Digər tərəfdən, bəzən boykotun yaratdığı "pat vəziyyəti"ndəki boşluğu oliqarxiya doldurur.
Ümumiyyətlə, boykotun effektli olması üçün iki amilin olması mühümdür: müxalifətin geniş xalq dəstəyinə malik olması və beynəlxalq ictimai rəyin təzyiqləri. Müxalifət belə bir dəstəkdən məhrumdur və yeganə çıxış yolu seçicilərlə birbaşa təmaslar qurulmasındadır. Partiyanın seçici ilə təması üçün ən önəmli vaxt isə parlament seçkiləridir. Odur ki, boykot qərarının müxalifətə nəyin bahasına başa gələcəyini təxmin etmək olar.
Avropa.info-nun ekspert qrupu