Prezidentlərin Qazaxıstan zarafatları
14-09-2015, 23:07
İlham Əliyev: “Sentyabrda da üzə bilərik...”
Ötən həftə Qazaxıstanın paytaxtı Astanada keçirilən türkdilli ölkələrin Əməkdaşlıq Şurasının sammiti zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Azərbaycan prezidenti İlham Əliyev arasında keçən maraqlı dialoq yayılıb.
Virtualaz.org saytı AKİPress-ə istinadən xəbər verir ki, sammitin yekununda Atambayev gələn il Qırğızıstanda keçiriləcək türkdilli ölkələr sammitinin yerini və vaxtını təklif edir. Atambayev Əliyevə və Nazarbayevə təklif edir ki, sammit gələn il avqustun 15-dən 25-nə qədər olan istənilən tarixdə İssık-Kul gölünün sahilində, Çolpan-Atada keçirilsin.
Nazarbayev bu təkliflə razılaşır, ancaq Əliyev sammitin sentyabra təyin edilməsində israr edir.
Prezidentlər arasında aşağıdakı dialoq yaşanır:
“2016-cı il avqustun 15-dən 25-nə qədər olan müddətdə istənilən tarixi deyin. Biz həmin gün sammiti Qırğızıstanın mirvarisi olan İssık-Kul gölünün sahilində, Çolpan-Atada keçirərəik” -Atambayev sammit iştirakçılarına, xüsusən Nazarbayevə və Əliyevə üz tutaraq deyir.
Qazaxıstan prezidenti bildirir ki, sammitin keçirilməsi üçün seçilən yeri bəyənir.
“Hansı gün əlverişlidir? Qoy Nursultan Abışeviç seçsin. O, həmin yerləri yaxşı tanıyır, həm də ağsaqqaldır”-Atambayev bildirir.
(Nazarbayevin İssık-Kul gölünün sahilində iqamətgahı var).
Qazaxıstan prezidenti sammitin avqustun üçüncü ongünlüyündə keçirilməsinin əleyhinə olmadığını deyir.
Azərbaycan prezidenti isə sammiti sentyabra təyin etməyi təklif edir.
Lakin Atambayev sammitin avqustda keçirilməsi təklifində israrlıdır: “Mən istəyirəm ki, siz göldə bir az üzəsiniz, heç olmasa iki gün dincələsiniz. Əsl mövsüm olacaq”.
“Biz sentyabrda da üzə bilərik”- Əliyev cavab verir.
Azərbaycan prezidentinin bu zarafatyana cavabı zalda gülüşlə qarşılanır.
Nazarbayev isə sammitin sentyabrda da keçirilməsini mümkün sayır, tarixin daha sonra XİN üzərindən dəqiqləşdirilməsini təklif edir.
“Elə avqustun 15-dən sentyabrın 15-nə qədər orada yaxşı olur. Ona görə də vaxtı biz diplomatik kanallarla dəqiqləşdirərik”-qazax lideri bildirir.
Atambayev də nəhayət sammitin sentyabra təyin edilməsinə razılaşır: “Məsələn, biz sentyabrın əvvəllərində hazırıq. Sentyabrın 2-i necədir? Yaxud 7 sentyabr, çərşənbə günü”.
Bu dəfə Nazarbayev sentyabrın 9-u tarixini təklif edir, ancaq məsələni açıq qoyur.
“Dəqiq tarixi qoy hələ müzakirə etsinlər, qrafikə baxarıq. İlk ongünlükdə”-o bildirir.
Ancaq Atambayev yenidən sammitin avqustda keçirilməsi ideyasına qayıdır, bunun optimal həll olacağını bildirir.
“İnanın mənə, avqustun axırı lap əla olardı”-Qırğızıstan prezidenti üzünü Azərbaycan prezidentinə tutaraq bildirir.
“Mən sizi yola gətirmək istəyirəm ki, sonra... (Nazarbayevə eyham edir) kimi orada rezidensiya tikəsiniz, orada yaşayasınız”-Atambayev deyir.
Qazaxıstan prezidenti razılaşır ki, sammit avqustun sonuncu-sentyabrın birinci ongünlüyü arasında keçirilsin.
“Mövzu məsələsinə gəldikdə...Almazbek Şarşenoviçi dəstəkləyək. Mövzu - idmandır”-Nazarbayev üzünü digər sammit iştirakçılarına tutaraq bildirir.
Atambayev təklif edir ki, sammit “Ümumtürk idman oyunları” eqidası altında keçirilsin.
“Biz köçərilərin idman oyunlarını sizə göstərərik”-Atambayev bildirir.
“Yaxud elə özümüz də oynayarıq”-İlham Əliyev zarafatla reaksiya verir.
Bu məqamda Atambayev yenidən sammitin tarixi məsələsinə qayıdır, israr edir ki, sammit avqustun 25-də keçirilsin: “Bəlkə hər halda avqustun 25-ni, cümə axşamını seçək? Bu gün müəyyənləşdirsəydik yaxşı olardı...Məhz sammitdən sonra qalardınız və şənbə-bazar günləri istirahət edərdiniz. Nursultan Abışeviç orada dincəlməyi xoşlayır”.
Atambayevin bu israrına yenidən Nazarbayev müdaxilə edir.
“Hərənin öz qrafiki var, ona görə də qoy XİN-lər öz aralarında razılaşdırsınlar”-Qazaxıstan prezidenti mübahisəyə son qoyur.