Dövlət qurumlarının "tender oyunu": - "İT mütəxəssislərinin xaricə 2-ci köçü başlayacaq"

15-03-2021, 16:32           
Dövlət qurumlarının "tender oyunu": - "İT mütəxəssislərinin xaricə 2-ci köçü başlayacaq"
“Son günlər bizim informasiya texnologiyaları şirkətlərimiz dövlət qurumları ilə ardıcıl görüşlər keçirirlər. Maraqla izləyirəm ki, görüm nə perspektiv vəd olunur, hansı əlavə dəyərlər yaradacaqlar, dayanıqlı inkişaf, innovasiyalar və ekosistem üçün nələr olacaq”.

Cebhe.info-nun xəbərinə görə, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, görüşlə bağlı məlumatlardan belə qənaətə gəlmək olur ki, yenə də bizim İT şirkətlərimizin yeganə ümid yeri dövlət sifarişləridir:

“Əgər tenderlər dayandırılsa, devalvasiya zamanı olduğu kimi dövlət sifarişləri kəsilsə, bizim İT şirkətlər yenə batacaq və əvvəlki kimi kütləvi ixtisarlar qaçılmaz olacaq. Bununla da bizim İT mütəxəssislərin xaricə 2-ci köçü başlanacaq.

Son zamanlar dövlət başçısı öz çıxışlarında özəl sektorun da məsuliyyətinin artırılmasına, innovasiyaların və ekosistemin inkişafına, tenderlərin keçirilməsində şəffaflığın artırılmasına ciddi diqqət yetirib.

Lakin müşahidələr göstərir ki, İT sektorda əsas mübarizə məhdud dövlət sifarişlərinin əldə olunmasına yönəlib, tenderlər uğrunda az sayda İT şirkətlər arasında amansız mübarizə gedir. Əksər İT şirkətlər dəyər yaratmağa, xarici bazarlara çıxmağa üstünlük vermirlər”.

Ekspertin sözlərinə görə, son zamanlar yalnız “BestComp” və “SİNAM” şirkətinin xarici bazarlara daxil olmaq sahəsində uğurlu fəaliyyəti diqqət cəlb edib:

“Prezidentin rəqəmsal hökumətə keçidlə bağlı fərmanında nəzərdə tutulduğu kimi dövlət sifarişləri ilə bağlı ciddi koordinasiya olmalıdır, İT layihələrin dəyərləndirilməsi və prioritetliyi təmin edilməlidir, təkrarçılığın qarşısı alınmalı, normal ekspertiza mexanizmləri hazırlanmalıdır.

Bəzən, hətta ləğv edilən tenderləri udan, milyonlarla vəsait hesabına realda mövcud olmayan rəqəmsal dövlət resursları “hazırlayan” İT şirkətlərimizin də olduğunu görürük”.

Osman Gündüz qeyd edib ki, böyük dövlət resursları qarşılığında İT şirkətlərinin təqdim etdiyi həllər bir çox halda yarıtmaz vəziyyətdə olur:

““eSatınalma” portalına diqqət yetirdikdə hər şey açıq-aşkar görünür. İT şirkətlərimizin növbəti görüş yeri güman ki, İqtisadiyyat Nazirliyi olacaq. Bununla bağlı, qabaqcadan bu quruma təklifim var.

Yaxşı olardı ki, bizim İT şirkətlərimiz nazirin yanına gəlməzdən öncə, nazirliyin əməkdaşları xarici təcrübə ilə bağlı bir təqdimat hazırlasınlar.

Təqdimata qonşu ölkələrdə, Qazaxıstanda, Ermənistanda, Ukraynada mövcud olan İT şirkətlərin yaratdıqları əlavə dəyərlər, onların milyonlarla xarici investisiya əldə edən startapları, dövlətdən deyil, xaricdən aldıqları milyonlarla investisiyalar haqqında məlumatlar daxil edilsin.

Əminəm ki, İN-nin peşəkarları belə bir təqdimatı hazırlaya biləcəklər və bizim İT “nəhənglərimiz” üçün də bu maraqlı olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.