Azərbaycanda yeni “dəb”- 60 yaşda boşanma…
Bu gün, 11:10
Son illər Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur. Bu məsələnin ictimaiyyət tərəfindən sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilməsi də bunu təsdiq edir. Boşanmaların kökündə duran problem müxtəlif olsa da, nəticə dəyişmir. Bütün hallarda mövcud tendensiya ürəkaçan olmasa da, boşanan insanların daha çox hansı yaş civarında olması maraq doğurur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 60 və daha yuxarı yaş qrupundan olan kişilərdə 693, 54-59 yaş qrupundan olan kişilərdə 723, 50-54 yaş qrupundan olan kişilərdə isə 1111 boşanma halı qeydə alınıb.
50-54 yaş aralığında olan qadınların boşanma sayı 699, 54-59 yaş qrupundan olan qadınlarda 418, 60 yaş və yuxarı yaşdakı qadınların 2023-cü ildə boşanma sayı 366-dır.
Statistikadan da görünür ki, yaşlı insanlar arasında kişilər qadınlarla müqayisədə iki dəfə çox boşanmağa meyilli olur.
Bəs yaşlı insanların boşanmasına nə səbəb olur?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, əvvəllər Azərbaycanda ənənəvi cəmiyyət mövcud olub ki, bu cür cəmiyyətlərdə də adətən boşanmalar çox az olur:
“Çünki ənənəvi cəmiyyətlərdə ictimai qınaq güclü olur, auditoriyaya hesablanmış ”ayıbdır” kimi anlayışlar olur ki, buna görə də insanlar qərar verərkən daha çox ictimai qınağı nəzərə alırlar.
Lakin məlumdur ki, Azərbaycan artıq qlobal dünyanın bir parçasıdır və kənar, xüsusən də Avropa ölkələrində mövcud olan həyat tərzi istər-istəməz bizim insanlara da təsir göstərir.
Bu məsələni hər zaman vurğulayıram, SSRİ-nin süqutu təkcə fiziki deyil, həm də mənəvi sərhədləri də aradan götürdü. Nəticədə insanlar xaricə gedib-gəlir, müxtəlif həyat tərzləri ilə tanış olur, həmçinin həmin həyat tərzləri filmlər, seriallarla Azərbaycan insanın həyatına daxil olur, beləliklə də insanlar Qərb, Avropa həyat tərzini imitasiya etməyə başlayıb.
Vaxtilə Azərbaycanda boşanma halı böyük ailə dramı, faciəsi kimi qarşılanırdısa, indi artıq insanlarmız boşanmaya çox tolerant yanaşır, onu heç də ailə faciəsi, dramı kimi qarşılamır. Çünki Azərbaycanda, eləcədə bütün dünyada insanlar daha çox eqoist həyata meyillənib, ona maraq göstərirlər. Beləliklə, insanlar ailə, uşaq məsuliyyətindən, ev qayğılarından kənar durmağa çalışırlar. Belə görünür ki, ölkəmizdə boşanmaların sayının artma dinamikası hələ davam edəcək”.
Sosioloq qeyd edir ki, əslində boşanma böyük bir hadisədir və onun bir neçə səbəbləri var:
“Əsas səbəblərdən biri insanların dünyagörüşünün, düşüncələrinin dəyişməsi, qlobal təsirlərdir.
Həmçinin ölkəmizdə bəzi tele-verilişlər var ki, orada Azərbaycan dəyərləri deqradasiyaya uğradılır, ailə dəyərləri tapdalanır, gender bərabərliyi adı altında ailə institutu zədələnir, beləliklə də həm yaşlı, həm də gənc nəsil yeni həyat tərzinə meyillənilər.
O ki qaldı yaşlı insanların, xüsusilə də daha çox yaşlı kişilərin boşanmağa meylli olmasına, çox təəssüf ki, artıq klassik Azərbaycan kişisi boşanmanı normal hal kimi qarşılayır.
Bu, klassik Azərbaycan ailə dəyərlərinin zəifləməsinə gətirib çıxara bilər. Nəticədə demoqrafik vəziyyətə mənfi təsir göstərər. Çalışmalıyıq ki, ailə dəyərlərini möhkəmləndirək, ailələrə mənəvi, psixoloji, maddi, mənzil-məişət məsələlərində dəstək duraq. Çünki nə qədər boşanma halı olacaqsa, bu, bir o qədər dövlət üçün maliyyə yükü artmış olacaq. Ailələr Azərbaycan üçün strateji məna kəsb etməlidir.
Əslində bununla bağlı dövlətin həyata keçirdiyi çox sayda, müxtəlif layihələri var. Biz boşanma keyslərini təhqiq edəndə görürük ki, çox xırda məsələlərə görə boşanma halları olur. Halbuki münaqişəli ailələr müvafiq orqanlar vasitəsilə qeydə alınsa və onlarla sosial-psixoloji iş aparılsa, güman edirəm ki, boşanmaların xeyli hissəsinin qarşısını ala bilərik. Bu baxımdan Mediasiya Şurasının da rolu var. Amma onu bir qədər səlahiyyətləndirmək laızmdır ki, boşanmalarn qarşısının alınması üçün əlavə mexanizmlər tətbiq edə bilsinlər”.