İqtisadi göstəricilər ürəkaçan deyil... - Valyuta ehtiyatları əriyir, inflyasiya proqnozları artır
3-11-2024, 00:05
Neft-qaz, elektrik enerjisi gəlirlərin azalması yaxşı günlərin müjdəçisi deyil. Bu, o deməkdir ki, bizin çox çətin mərhələ gözləyir. Ölkəyə daha az valyuta gəlir. Əhalinin devalvasiya təşvişi də buna görədir. Hesab olunur ki, çətin iqtisadi dönəmdə manatın gücünü qorumaq mümkünsüzdür. Açıqlanan rəqəmlər də nikbinliyə işarə vurmur.
Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları təkcə oktyabrda 4 faizə qədər azalıb. İndi xəzinədə 11 milyard 371 milyon 700 min dollar var. Mərkəzi Bank təşvişə ehtiyac olmadığını bildirir. Son bir ildə artım olduğu xüsusi qeyd edilir. Amma məlum məsələdir ki, ilin əvvəlindən yalnız azalma müşahidə olunur. Mərkəzi Bank bunu inkar edə bilmir.
Mərkəzi Bank, eyni zamanda, inflyasiya proqnozlarını açıqlayıb. İlin sonuna qədər ümumi göstərici 5,1 faizə çatacaq. Gələn il isə 5,8 faiz inflyasiya gözlənilir. Mütəxəssislər hesab edir ki, rəqəmlər heç də həqiqəti əks etdirmir. İqtisadçı Rizvan İbrahimov rəqəmlərlə manipulyasiya imkanlarının geniş olduğunu düşünür: “İnflyasiyanın hesablanması mürəkkəb prosesdir. Xərcləmə ağırlığında kiçik dəyişikliklərlə inflyasiyanı daha aşağı göstərmək mümkündür. İkincisi həm də gündəlik istifadə olunan zəruri istehlak mallarının ayrıca inflyasiyası hesablansın və minimum əməkhaqqı və maaşlar ona indekslənsin”.
Məhz iqtisadçının dediyi proses baş tutmur. Bir tərəfdən gerçək inflyasiya mənzərəsi gizlədilir. Digər yandan da minimum əməkhaqqı və maaşların indeksləşdirilməsi düzgün aparılmır.
İnflyasiya 5 faiz civarında ola bilməz. Təkcə kərə yağının qiyməti 20 faizə qədər artıb. Başqa məhsullar dayanmadan bahalaşır. İctimai nəqliyyatın, yanacağın bahalaşdırıldığı tarix uzaqda qalmayıb. Mərkəzi Bank icazə versin, açıqlanan rəqəmlərə inanmayaq.
2025-ci illə bağlı heç nikbin danışmaq olmur. Devalvasiya ehtimalı həmişə var. İqtisadi göstəricilər heç ürəkaçan deyil. Kaş düşündüyümüz kimi olmasın. Ürək istər ki, hər şey ölkə, əhali üçün yaxşı alınsın.