MTRŞ tənqidi: TV-lər nəticə çıxarırmı? - Açıqlama
24-08-2017, 10:18

Bir müddət əvvəl Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri teleradio məkanında ədəbi dilin normalarına əməl olunması ilə bağlı monitorinq aparıblar. Monitorinqin nəticələrinə əsasən ATV, Lider TV, Speys TV, ARB və Xəzər TV-də yayımlanan bəzi verilişlərin aparıcılarının ana dili normalarını pozduğu müəyyənləşib. Ekspertlər isə bildirirlər ki, televiziyalarda sözügedən problemin səbəbi dillə bağlı mövcud şöbələrin formal fəaliyyəti ilə bağlıdır.
Məsələ ilə bağlı Kult.az-ın sualını cavablandıran “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turan İbrahimov bildirdi ki, ATV dil normalarının qorunmasına hər zaman xüsusi diqqət göstərir:
“Ümumiyyətlə, “Azad Azərbaycan” teleradio yayım kampaniyasının prezidenti Vüqar Qaradağlı dil məsələləri üzrə mütəxəssisdir. Ona görə də mütəmadi olaraq bununla bağlı ümumi müzakirələr keçirilir və nöqsanların aradan qaldırılması üçün konkret təkliflər verilir.
Canlı yayımda aparıcı dili situasiyaya uyğunlaşdırmaq məcburiyyətində qalır. Onlar diktor deyillər, suflyordan oxumurlar. Hərdən elə situasiyalar olur ki, orada müəyyən mənada dilimizə dad-duz qatmaq üçün dialektdən istifadə etmək zərurəti yaranır. Müəyyən mənada dilimizi xəlqiləşdirmək üçün kiçik təhrifetmələr ortaya çıxır.
Bizim televiziyamızda konkret olaraq dil problemləri ilə məşğul olan şöbə fəaliyyət göstərir. Vüqar Qaradağlı, vitse-prezident Rauf Dadaşov və mən - departament rəhbəri Turan İbrahimov - bu məsələləri mütəmadi olaraq müzakirə edir və yeri gələndə iradlarımızı bildiririk. Ədəbi norma və qaydalara riayət etməyən layihələrin aparıcılarına, onların redaktorlarına ciddi xəbərdarlıqlar edirik. ATV-də bu barədə məlumatlandırıcı lövhələr də asılıb”.
Lider TV-nin mətbuat katibi Sədan Bünyadova kanalın aparıcılarının peşəkar şəxslər olduğunu xatırladıb:
“Sözügedən monitorinqi oxumuşam, yazılanlarla tanış olmuşam. Monitorinqin nəticələrindən göründüyü kimi, ədəbi dil normalarının pozulması ilə bağlı ən az qüsurlar “Lider” televiziyasında aşkarlanıb. Təbii ki, hər bir aparıcının hazırlığı ilə məşğul oluruq. Çalışırıq ki, dili yaxşı bilən aparıcılar efirə çıxsınlar. Onu da qeyd edim ki, “Lider”də çalışanlar adətən təcrübəli, peşəkar şəxslərdir. Dil pozuntuları aşkar olunduqda kanal rəhbərliyi və departament müdirləri bununla bağlı aparıcılara ümumi xəbərdarlıq edir. Biz aparıcılarımızın peşəkarlığına əminik. Onların uzun illərdən bəri davam edən televiziya təcrübəsi bizə bununla bağlı fərdi şəkildə xəbərdarlıq etməyə imkan vermir. Ola bilsin ki, çox kiçik qüsurlar və ya səhvlər olub. Amma biz onlara irad bildirmirik. Onlar məlumatlı olur və öz üzərlərində işləyirlər”.
ARB kanalından bildirdilər ki, aparıcılar bununla bağlı öz üzərlərində çalışırlar:
“MTRŞ-nın sonuncu monitorinqində qeyd olunan iradlarla bağlı aparıcılarla iş gedir. Dil normalarının pozulmasının aradan qaldırılması üçün onlara öz üzərində işləmələri tövsiyə edilib”.