Azərbaycanın keçmiş Xraxoba və Üryanoba kəndlərinin əhalisinin köçürülməsi barədə yayılan yazılar həqiqəti əks etdirmir

18-01-2018, 08:54           

Jurnalist Aytəkin Alxaslı mediada gedən yalnış məlumatlara aydınlıq gətirir

Bu günlərdə Azərbaycanın KİV-lərində "Dağıstan Azərbaycanda Rusiya vətəndaşlarının yaşadığı kəndlərin köçürülməsinə pul ayıracaq" sərlövhəli yazı diqqətimi çəkdi və bununla bağlı öz fikirlərimi açıqlamaq qərarına gəldim.

Yazının adından da göründüyü kimi, söhbət Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının köçürülməsindən gedir.

Əvvəlcədən bildirmək istəyirəm ki, Azərbaycanın Xaçmaz rayonu ərazisində yerləşən Üryanoba və Xraxoba kəndlərində yaşayanlar sovet dövründə burada məskunlaşıblar . Xraxoba kəndi 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə qışlaq sahəsi kimi müvəqqəti olaraq Dağıstanın nəzarətinə verilib. 30 il sonra isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb . O vaxt keçmiş Azərbaycan SSR və Dağıstan MSSR Nazirlər Sovetlərinin birgə qərarı ilə iki ölkə arasında qarşılıqlı razılaşma olub. Razılaşmaya əsasən, maldarlıqla məşğul olan Azərbaycan vətəndaşları Dağıstan ərazisindəki torpaqlardan yaylaq, eyni zamanda Rusiya vətəndaşları da Azərbaycan ərazisindəki torpaqlardan qışlaq kimi istifadə ediblər. Sonradan Azərbaycana gələn Rusiya vətəndaşları köçün üstündə yerləşən ərazilərdə məskunlaşaraq burada yaşamağa başlayıblar. Xraxoba və Üryanoba kəndləri də bu məskunlaşma nəticəsində yaranıb və beləliklə də, Rusiya vətəndaşları olan Dağıstan sakinləri uzun illər Azərbaycanda qeyri-qanuni və sənədsiz yaşamaqda davam ediblər. Amma müstəqilliyimizin bərpasından sonra bu məsələ gündəmə gəlib və Rusiya vətəndaşlarının Azərbaycan ərazisində qanunsuz yaşamalarının həlli yolları dövlət səviyyəsində araşdırılmağa başlayıb. 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə, Rusiya prezidenti Dimitri Medvedyev arasında keçirilən görüşdə problemə son qoyulub. Bundan sonra dövlət başçısının tapşırığına əsasən, Azərbaycanın Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti məsələ ilə bağlı müvafiq işlərə start veriblər. Azərbaycan ərazisində yaşayan Rusiya vətəndaşlarının qarşısına iki şərt qoyulub: Ya onlar Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da yaşadıqları kəndlərdən öz ölkələrinə köçməli idilər. Xaçmazın Üryanoba kəndində yaşayan 5 nəfər Rusiya vətəndaşı hələ 2009-cu ildə könüllü olaraq Azərbaycan vətəndaşlığını qəbul etmişdi. Xraxoba kəndində 61 təsərrüfatda yaşayan 300-ə yaxın Rusiya vətəndaşı isə Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edib və onların köçürülməsi barədə iki ölkənin rəsmiləri arasında da razılıq əldə olunub. Müəyyən ləngimədən sonra xraxobalılar yaşadıqları və çiy kərpicdən tikilmiş evlərini Azərbaycan tərəfinə dəyərindən 10 qat baha qiymətə sataraq ölkəmizin ərazisini tərk ediblər. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın Xaçmaz rayonunun Dədəli İƏD-in ərazisində yeni qəsəbə tipli kənd salınıb. Milli Məclisin qərarı ilə bu kənd Palıdlı adlandırılıb. Azərbaycan vətəndaşlarının köçürüldüyü kənddə hər cür şəraitə malik 26 yaşayış evi və Heydər Əliyev Fondunun dəstəyilə müasir orta məktəb inşa edilib. 2013-cü il dekabr ayının 23-də yeni kəndin və məktəbin rəsmi açılışı olub. Sadaladığım bütün bu prosesləri həmin vaxt Azərbaycan mətbuatında yeganə olaraq indi fəaliyyəti dayandırılmış ANS televiziyasının bölgə müxbiri kimi müntəzəm işıqlandırmışdım və hətta Dağıstanın Məhərrəmkənd rayonunun o vaxtki rəhbəri Musaəfəndi Vəlimuradovdan Rusiya ərazisində videomüsahibə də almışdım. Azərbaycandan köçürülən Rusiya vətəndaşları ilə də görüşmüşdüm.



Bütün bunları dilə gətirməkdə məqsədim özümü, keçmiş fəaliyyətimi gözə soxmaq deyil, bunu bilən bilir, nəyisə qabartmağa heç ehtiyacım da yoxdur. Demək istədiyim odur ki, əvvəldə qeyd etdiyim Dağıstanla bağlı yazıda qeyd olunan Xraxoba və Üryanoba kəndlərinin sakinləri artıq bir neçə ildir köçürülüb. Üryanoba kəndində isə Rusiya vətəndaşı olan cəmi bir ailə -Eyyubovlar ailəsi qalıb . Onlar həm Azərbaycanda, həm də Rusiyada yaşayırlar. Bu ailə Rusiya vətəndaşlığında qalmaqda israrlı olub. KİV-lərdə gedən yazıda qeyd olunur ki, Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyi Xraxoba və Üryanoba kəndlərinin köçürülməsinə 210 milyon rubl ayıracaq. Lap yaxşı, Azərbaycanla sıx iqtisadi və siyasi əlaqələri olan qonşu Dağıstanın öz vətəndaşlarına verdiyi vədə əməl etməsi təbiidir, hökumət gec də olsa öz vətəndaşına haqlarını ödəyəcək. Bu normal haldır və qonşu dövlətin öz daxili işidir. Amma ayrılan vəsaitin köçürülmə ilə nə əlaqəsi? Həmin pullar artıq Azərbaycandan köçən Rusiya vətəndaşlarının daimi məskunlaşmasına sərf ediləcək. Onlar neçə illərdir ki, bunun üçün mübarizə aparırdılar. Bu problemi hətta Rusiya prezidenti Vladimr Putinin qarşısında da qaldırmışdılar.

Azərbaycan dövlətini və prezidentini sevən sadə bir jurnalist olaraq məsələyə mediamızın həqiqətlər baxımından yanaşmasını istəyirəm. Qabartmaq istədiyim də elə budur.

Aytəkin Alxaslı,
jurnalist












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.