Müğənnilərimizin plagiat çıxan mahnıları… - SİYAHI/FOTO

19-07-2017, 00:05           
Müğənnilərimizin plagiat çıxan mahnıları… - SİYAHI/FOTO
Tanınmış müğənni Nura Surinin yeni "MazoxistO” adlı mahnısının plagiat çıxması mətbuatda, sosial şəbəkələrdə müzakirə və mübahisə mövzusuna çevrildi. Belə ki, söz və musiqisi Farid Ağaya məxsus olan mahnının əslində plagiat olduğu aşkarlanıb.

Bu barədə big.az saytının yaydığı məlumata görə, musiqisevərlər bu mahnının orijinal versiyasını dünya şöhrətli müğənni Şakiranın sonuncu hiti olan "Chantaje”dən tanıyır.

Hazırda Türkiyədə səfərdə olan müğənninin qalmaqala reaksiyası gecikməyib. PrimeTime.az saytına açıqlama verən müğənni qeyd edib ki, ilk addımlarını atandan xarici mahnıların hansından xoşum gəlibsə, bəstəkarlardan həmin musiqiyə oxşar işlər tələb edib: "Məsələn, İsa Məlikovun "Yollar"ını "Tocsic"mahnısının ritmləri ilə yığılmasını istəmişdim. Yəni kanta fərqli idi, aranjimanını "Tocsic"ə oxşatmışdıq. Çünki mahnının beyinə yatan anı olur ki, insana xoş gəlir. Bu, mənim ideyam idi. Mən Fərid Ağaya demişəm ki, Şakiranın mahnısı kimi olsun”.


Müğənni etiraf edib ki, qalmaqallı mahnısının nəqarətində Şakiranın mahnısından istifadə edilib: "Biz bütövlüklə kantanı oğurlamamışıq ki... Yalnız bir hissəsindən istifadə etmişik. O da ki, mənim özüməxsusluğumdur. Artıq bütün mahnılarımda bu cür hallara rast gəlmək olar. Ümumiyyətlə, bilənlər bilir ki, mən xarici mahnıları yeni aranjiman ilə Azərbaycan dilində ifa edirəm. Kim necə istəyirsə onu elə qəbul eləsin. Peşəkar ona plagiat deyə bilməz. Hansısa mahnıda hansısa elementi işlətmək dünya ulduzlarının mahnısında belə var. Hətta Cenifer Lopezin öz mahnısında Lambadanın ritmləri var. O demək deyil ki, plagiatdır. Ancaq Azərbaycanda belə hallara reaksiya verirlər. Dünya ulduzları da belə edirlər və buna heç kim reaksiya vermir".

Ümumilikdə isə son vaxtlarda bir çox məşhurlarımızın mahnı və kliplərinin plagiat olduğu üzə çıxır və ya iddia olunur. Məsələn, bir neçə gün bundan əvvəl 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle” mahnısı ilə Azərbaycanı təmsil etmiş Səmra Rəhimlinin yeni klipinin plagiat olduğu barədə məlumat yayılmışdı. BAKU.WS-in yaydığı iddiaya görə S.Rəhimli "badminton topu”adlı mahnısını rusiyalı müğənni Byanka "Sexy Frau” adlı mahnısından götürülüb. Avroviziya təmsilçimiz ötən həftə yeni mahnısında klip də çəkdirib. Azərbaycanlı müğənnin yeni mahnısının klipi də plagiat olduğu bildirilir.

Ötən ilin sonunda isə müğənni Röya Ayxanın "Kesin bilgi” adlı mahnısının plagiat olduğu bildirilirdi. Vesti.az saytının yazdığına görə, sözləri Gülşənə və musiqisi Ozan Çolakoğluna aid olan mahnını 2010-cu ildə Rumıniyanın məşhur müğənnisi Mattyas səsləndirib. Mahnı "Missiying you” adlanır. İddialara görə mahnıya diqqətlə qulaq asan zaman "Kesin bilgi”nin oğurluq olduğu bilinir.

Röya Ayxanın həmkarı Xəyyam Nisanovla birgə səsləndirdiyi "Sənə ehtiyacım var” mahnısının da plagiat olduğu barədə məlumatlar yayılmışdı. İddialara görə adı çəkilən mahnı əslində xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi "Apar məni” mahnısının plagiatıdır.

Ötən il müğənni Abbas Bağırovun yeni işıq üzü görən "İkimiz” adlı albomundakı eyniadlı mahnının plagiat olduğu bildirilirdi. Musiqisi Anar Məmmədova məxsus olan mahnının əslində məşhur türk sənətçisi İlhan Şeşenin illər əvvəl ifa etdiyi "Neler oluyor bize” mahnısının plagiatı olduğu iddia edilirdi. Diqqət edəndə həqiqətən "İkimiz” mahnısının girişi və son hissəsinin "Neler oluyor bize” mahnısına bənzədiyi aydın görünür.

Müğənnilər Sevil-Sevinc bacılarının da "De, hardasan” mahnısının plagiat olduğu iddiaları yayılmışdı. İddiaya görə, mahnı Jannat Mahidin "Esma kalami” mahnısının plagiatıdır.

Müğənni Niyam Salaminin də adı plagiat qalmaqalında hallanıb. Belə ki, iddialara görə müğənninin ifa etdiyi "Yenə mənsiz” mahnısının musiqisini illər öncə Azərbaycan əsilli İran müğənnisi Ququş ifa edib. Müğənni plagiat qalmaqalına aydınlıq gətirərkən mahnının plagiat olduğunu təsdiqləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.