Kipr məsələsi həllini tapır
17-01-2017, 10:09
Adanın hər iki tərəfdən olan əhalisi 12 il əvvəlkindən fərqli olaraq həll prosesinə isti yanaşmağa başlayıb
Yanvarın əvvəllərində başlayan Kipr müzakirələri yanvarın 18-dək təxirə salınıb. BMT-nin təşkilatçılığı ilə Cenevrə ofisində ekspertlər səviyyəsində başlayan müzakirələr getdikcə daha da mürəkkəbləşir.
Müzakirələrlə bağlı mətbuata açıqlama verən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə dövləti və ordusu Şimali Kiprin təminatçısı olaraq qalır.
BMT Cenevrə ofisi açıqlama yayaraq Kiprin türk və yunan tərəflərinin 20 aydır davam edən müzakirələrinin “fövqəladə” uğur əldə etməsinin təqdir olunduğunu bildirib. BMT-nin rəsmi açıqlamasında Kipr müzakirələrinin 6 təməldən biri olan “təhlükəsizlik və təminat” mövzusunun ilk dəfə müzakirələrə çıxarıldığı və eyni zamanda hər iki tərəfin müzakirələrin uğurla yekunlaşdırılması ilə bağlı həmfikir olduğu qeyd olunub.
Yanvarın 18-də mütəxəssislər qrupunun yenidən bir araya gələcəyi və müzakirələrin davam etdiriləcəyi bildirilir. Artıq hər iki tərəf öz xəritəsini təklif edib. Eyni zamanda bildirilib ki, mediaya sızdırılan xəritələr həqiqətə uyğun deyil.
“Əl-Cəzirə” kanalının məlumatına görə, danışıqlarda Kiprin türk hissəsi əlində olan əraziləri 29,2 faizə qədər azalmasına razılaşdığı halda, yunan Kipri türklərə 28,2 faiz verilməsini istəyir.
Yanvarın 18-də davam edəcək danışıqlarda əsas mövzunun məhz “mülkiyyət”, “idarəçilik və güc bölgüsü”, “təhlükəsizlik” və nəhayət, “Avropa Birliyi” mövzuları müzakirə olunacaq.
Müzakirələr ekspertlər səviyyəsində aparılsa da, danışıqlarda əsas iştirakçı Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı və Yunan Kiprinin prezidenti Nikos Anastasiadisdir. Hər iki lider prosesi nəzarətdə saxlayır.
Qeyd edək ki, Kipr müzakirələrinin qarant ölkələri Türkiyə, Yunanıstan və Britaniyadır. Xatırladaq ki, Kipr probleminin həlli məqsədilə 2005-ci ildə BMT-nin o zamankı baş katibi Kofi Annanın adı ilə adlandırılan “Annan planı” təqdim edilmişdi.
Ancaq o zaman sülh planı uğursuzluğa düçar olmuşdu. “Annan planı”nın baş tutmamasının əsas səbəbləri sırasında həm adadakı hakimiyyətlərin və xalqların, həm də himayəçi dövlətlərin yanaşması, ümumilikdə isə bölgədəki durum idi. Necə deyərlər, “yerli şərtlər” uyğun deyildi.
Ancaq sonrakı illərdə vəziyyət dəyişdi, xüsusən də son illərdə həm Yunanıstanda ardıcıl iqtisadi geriləmə və böhranlar, Türkiyənin özündə baş verən hadisələr, Qərb bloku ilə münasibətlərdə soyuqluq və nəhayət, adadakı əhvalın ciddi təsiri var. Məsələ ondadır ki, xüsusən də adadakı hakimiyyətlər və xalq güzəştə hazır deyildi. Ancaq son illərdə həm bölgədə, həm də dünyada baş verənlər Kiprə də təsir etdi. Adanın türk hissəsində sülhə daha yaxın solçu qüvvələr hakimiyyətə gəldilər, üstəlik, bölgədə yaşanan iqtisadi böhranlar hər iki tərəfi də “vurdu”. Bu səbəbdən də indi psixoloji olaraq Kiprin hər iki tərəfi anlaşmaya, birləşib bir dövlət kimi AB-yə üzv olmaya daha çox meylli kimi görünür. Bu səbəbdən də danışıqların növbəti mərhələsi müəyyən mənada ümidli başlayıb. Hər iki tərəfin anlaşacağı bir həll variantı Kiprin hər iki tərəfi üçün böyük imkanlar və iqtisadi, siyasi inkişaf vəd edir. Avropa Birliyinin bir parçası olmaq, ittifaqın verdiyi imkanlardan faydalanmaqda maraqlıdır. Burda daha bir incə məqam isə Türkiyənin Avropa ilə əlaqələrinin soyuqlaşması, Qərblə yaranmış gərginlikdən doğan ümidsizlikdir. Adadakı ictimai-siyasi fəallaıq yunanlarla anlaşmaya meyllənməsinə səbəb olur. musavat.com/