Putin Qərbi rəsmən düşmən elan etdi

2-01-2016, 19:14           

Rusiya prezideti Vladimir Putinin imzaladığı milli təhlükəszilik strategiyası sənədində deyilir ki, Birləşmiş Ştatlar Rusiyanı “siyasi, iqtisadi, hərbi və informasiya təzyiqi ilə buxovlamağa çalışır”.

40 səhifəlik bu sənəddə Ukraynadakı müharibəyə görə də Vaşinqton ittiham edilir.

Təhlilçilər deyirlər ki, köhnə ilin son günündə imzalanmış bu sənəd Rusiya ilə Qərb arasında bağların nə dərəcədə gərginləşdiyini nümayiş etdirir.

Sənədin əvvəlki nəşrində ABŞ-ın adı üç yerdə çəkilirdi və o, əsasən Avropada raketdən müdafiə sipərinin yaradılması cəhdlərinə görə tənqid olunurdu.

Yeni sənəd, ümumiyyətlə Qərbi Rusiyanın “milli maraqlarına” zərbə vurmaqda ittiham edir. Bu qəbildən müxtəlif misallar da gətirilir. Məsələn, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin 2014-cü ilin fevralında devrilməsi Moskvaya qarşı düşmənçilik aktı kimi qiymətləndirilir.

Sənəddə deyilir ki, Ukraynada Qərbin və ABŞ-ın dəstəklədiyi “dövlət çevrilişi” bu ölkənin cəmiyyətini iki düşmən cəbhəyə ayırıb.

Yanukoviç devrildikdən sonra Moskvaya qaçmış, bunun ardınca isə, 2014-cü ilin martında Rusiya Krımı ilhaq etmişdi. Daha sonra Ukraynanın rusdilli şərqinqdə başlanan münaqişədə indiyədək 9 min insan həlak olub.

Ukraynada hakimiyyətə qərbyönlü hökumətin gəlməsi Moskva ilə Qərb arasındakı münasibətləri Sovet İttifaqının çökməsindən bəri ən gərgin vəziyyətə gətirib.

Ukraynanın daxili işlərinə qarışdığına görə Rusiyanın üzərinə ABŞ və Aİ sanksiyaları qoyulub. Kiyev, Birləşmiş Ştatlar və Qərb Moskvanı Ukraynanın şərqindəi separatçılara əhəmiyyətli dəstək verməkdə ittiham edir. Kreml bu iddiaları rədd edir.

Rusiyanın yeni strategiya sənədindəki davakar ton Ağ Evin ötən fevralda bəyan etdiyi ABŞ milli-təhlükəsizlik strategiyasına cavab kimi də qiymətləndirilə bilər. Həmin sənəddə Rusiya regional “xatakar” adlandırılır. Halbuki 2010-cu ildəki sənəddə Obama administrasiyası Moskva ilə “qarşılıqlı maraqlar üzərində qururlacaq münasibətlərdən” söz açırdı.

ABŞ Müdafiə Nazirliyinin ötən iyulda açıqlanmış sənədində Rusiya 2011-ci ildən bəri ən sərt şəkildə tənqid edilirdi. Sənəddə deyilirdi ki, Moskva “öz qonşularının suverenliyinə hörmət etmədiyini və məqsədlərinə çatmaq üçün zora əl atdığını dəfələrlə nümayş etditirib”.
“Rusiya hərbiyyəsinin birbaşa və təmsilçilər vasitəsilə həyata keçirdiyi hərəkətlər regional təhlükəsizliyi pozur” – deyilirdi sənəddə.

Pentaqonun məhz bu sənədinin açıqlanmasından az sonra Putin Rusiyanın Təhlükəsizlik Şurasına ölkənin strateji doktrinasının “təzələnməsi” göstərişi vermişdi.

Putinin həmin iclasda işlətdiyi ifadələrdən bəziləri olduğu kimi 31 dekabr sənədində yer alıb.

Bu sənəddə Rusiyanın ABŞ və onun müttəfiqləri tərəfindən təhlükəyə məruz qaldığı bildirilir.

Mətbuat yazır ki, yeni sənədin 20 bölümü Rusiya silahlı qüvvələrinin mədhinə həsr edilib.

(azadliq.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.