ABŞ kəşfiyyatının iqtidardakı adamı:Cümşüd Nuriyev nazirlərə işarə etdi

5-01-2016, 12:12           
ABŞ kəşfiyyatının iqtidardakı adamı:Cümşüd Nuriyev nazirlərə işarə etdi
ABŞ-ın Azərbaycanda siyasi çevriliş hazırlaması barədə iddialar ortaya çıxıb. Azərbaycan - Rusiya yaxınlaşmasının sürətləndiyi, Cənubi Qafqaz ətrafında gərgin geosiyasi vəziyyətin yarandığı, rəsmi Bakının insan haqları və demokratiyanın inkişafı yönündə beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməməsi fonunda bu ehtimal özünü doğrulda bilər. MTN əməliyyatlarından sonra sabiq nazir Eldar Mahmudov və digər yüksək vəzifəli generalların vəzifələrindən azad olunması və həbs edilməsi, bir tərəfdən də ABŞ-ın marağında olan çevriliş planının qarşısını hakimiyyətin almaq cəhdi idi. Əslində, bu qərar və hakimiyyətin bu addımı yetərincə doğru və məqamında atılan addım idi. Çünki əks təqdirdə nələr ola bilərdi, bunu proqnozlaşdırmaq çətindir. Amma bu ideyanın bu və ya digər formada iştirakçı, tərtibçi və ya təşkilatçıları sakitləşmək bilmədi. Bəzi ekspertlərə görə, Nardaran hadisələri də MTN əməliyyatlarının və birbaşa, yaxud dolayısı ilə Ağ Evin çevriliş planlarının bir hissəsi sayıla bilər. Bunu test sayanlar və Bakının nəbzini yoxlamaq hesab edənlər də az deyil. Doğrudur, bu və digər proseslər ölkənin ictimai rəyində özünə “korrupsiyaya bulaşmış MTN-nin məhvi” kimi tapsa da, əsl reallıqlar tam belə deyil. Bəzən də el arasında əsl reallıqların “Ağ Ev”də gizləndiyi söylənilir. Plana görə, Eldar Mahmudov baş nazir, Vaşinqtona yaxınlığı ilə seçilən başqa bir tanınmış bu planın spekulyatoru olan siyasətçi isə prezident olacaqmış Lakin hakimiyyətin MTN-ə gözlənilməz, amma məqamında və sabahım təhlükəsizliyi üçün vurulan zərbəsi planı pozub. Amerikalı konqresmenlər Kris Smit və Benjamin Kardinin MTN əməliyyatları başa çatmamış, 2015-ci ilin son əfv sərəncamının verilməsi ərəfəsində sanksiya layihələrini Konqresə təqdim etmələri də hakimiyyəti qurulan tələyə salmaq ssenarisinin tərkib hissəsi idi. Ağ Evə hakimiyyətə yaxın dairələrdən dəqiq məlumatlar ötürülmüşdü ki, rəsmi Bakı həbsdə olan siyasi məhbusların əksəriyyətini əfv edəcək və nəticədə daxili həmrəyliyə doğru əsaslı addım atılacaq. Bu, Vaşinqtonun maraqlarının əks etdirmədiyindən ard-arda 2 sanksiya layihəsini gündəmə gətirdi və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin diliylə “Maqnitski” qanunun tətbiqinin mümkünlüyünə diqqət çəkdi. Prinsip etibarilə, siyasi məhbusların azad olunması Vaşinqton və Bakı arasındakı buzları qismən əridə bilərdi. Lakin ABŞ buna getmədi. Çünki hakimiyyətin bu addımı müəyyən mərhələdə isti münasibətlərin qorunması üçün keçərli olacaqdı. Nəticədə sanksiyaları gündəmə gətirdi ki, Azərbaycan hakimiyyəti də Ağ Ev qarşısında güc nümayiş etdirə, “heç bir xairici dairənin iradəsilə hərəkət etmədiyini” göstərə bilsin. Beləliklə hakimiyyət “siyasi tələ”yə düşdü və siyasi məhbuslara güzəştə getmədi. Bu, Vaşinqtonun Azərbaycana qarşı olan çevriliş planının həyata keçirilməsinə təcil qazandırdı. Çünki siyasi məhbusların həbsdə qalması, Bakını xeyli məsafədə Vaşinqtondan uzaqlaşdırdı. Azərbaycana qarşı İŞİD kartı? Ağ Ev hakimiyyətin Rusiya və Qərb arasındakı balans siyasətini bəyənmir. Buna görə də, mövcud hakimiyyətlə münasibətlərini birdəfəlik ayır etmək yolunu tutur. Ona görə də, Bakıya qarşı qurulmuş planın indiki mərhələdə ortaya çıxması təsadüfi deyil. Azərbaycanın xarici siyasətdə ən böyük dəstəkçisi olan Türkiyənin başı Rusiya, kürdlər (PKK), İran, İŞİD və Suriyaya qarışıb. Bu vəziyyətdə Türkiyə üçün özünün milli və təhlükəsizlik maraqları daha önəmlidir, nəinki Azərbaycana yönəlik Qərbdə hazırlanan plana qarşı dirəniş göstərmək. Paralel olaraq, Rusiya da ABŞ-dan Bakının sıxışdırılmasına prinsipcə sakit qala bilər. Çünki Rusiyanın Azərbaycana qarşı oynayacağı yeganə kart Dağlıq Qarabağdır ki, Vaşinqton da dolayı və açıq yolla bu bölgənin Ermənistana məxsus olmasını iddia edir. Həmçinin, Azərbaycanda Rusiyanın dəstəkçiləri də kifayət qədər azdır. Yerdə qalır, Dağlıq Qarabağətrafı rayonlar, indiki mərhələdə bu məsələnin həll edilməsi Vaşinqtonun Bakını öz təsir dairəsinə salmaqdan daha az əhəmiyyətlidir. Ona görə bunu münasib bildiyi vaxta saxlayır. ABŞ-ın Azərbaycanda hətta radikal dini əsaslarla çevriliş etmək niyyətində olduğu da deyilir ki, Dövlət Departamentinin məsul şəxsləri də Vaşinqtonun Azərbaycanla bağlı öz maraqlarının olduğunu etiraf edirlər. Paralel olaraq, ABŞ-ın Azərbaycandakı səfirliyinin yerli dini qurumlarla işbirliyinin olduğunu bildirirlər. Bu gün də prinsip etibarilə Vaşinqtonun Azərbaycan üzərində təzyiqi artırmaq cəhdləri, ölkədə həm də müxtəlif yollarla ABŞ-la bağlılığı olan dindarların fəallaşması da müşayiət olunur. Digər tərəfdən İŞİD strateji əhəmiyyətli Xəzər bölgəsinin və Azərbaycanın onlar üçün əhəmiyyətli olduğunu bildirir. “İslam Dövləti”nin “xarici işlər naziri” Əbdül Vahid Xudayar da bu iddia ilə çıxış etmişdi. Təsadüfi deyil ki, bu bölgəni ABŞ-ın xarici siyasətində “Orta Asiyanın təbii sərvətlərinə açılan qala qapısı” adlandırılır. Ona görə də İŞİD-in iddialarının bu və ya digər şəkildə okeanın o tayından düzənlənən planların tərkib hissəsi sayıla bilər. Nazirə qarşı ittiham Keçmiş Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini, politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə açıqlamasında, ABŞ-ın Azərbaycanda çevriliş planının olmasını istisna etmədi. C.Nuriyev bildirib ki, ABŞ planı həyata keçirmək üçün Azərbaycanda qarşıdurma vəziyyəti yaratmağa çalışır: “ABŞ Azərbaycandakı adamlarının əlləriylə ölkədə ikinci ağır devalvasiyanı həyata keçirdi. Bu gərginliyi bir qədər də artırıb, buna şübhə yoxdur. Mərkəzi Bank bunun əleyhinədir, çünki Elman Rüstəmov ABŞ-ın adamı deyil. Amma bunun maliyyə naziri tərəfindən gündəmə gəlməsi, bilirsiniz ki, o birinci və ikinci təsirini də ABŞ-dan alıb. Yəni burada ehtimal müəyyən mənada həqiqətə çevrilir. ABŞ ardıcıl olaraq, Azərbaycanda qarşıdurmada maraqlıdır. Bu Amerikanın birinci işi deyil. Adətən ABŞ, İngiltərə digər dövlətlərin daxili işlərinə qarışırlar. Hal-hazırkı ssenarinin müəllifi ABŞ - İngiltərə duetidir. İsrail burada üçüncü tərəf kimi iştirak edir. Bu duet zaman-zaman ölkədən çıxarılan vəsaitlərin ələ keçirilməsi üçün həmin ölkəyə insan haqlarının müdafiəsi adı altında siyasi təzyiqlər göstərir və xaos yaradırlar. Bu xaosu idarə etməklə özlərinin maliyyə problemlərini həll edirlər”. “Hakimiyyətdə Mərkəzi Kəşfiyyat İdarəsinin adamları var” Cümşüd Nuriyev qeyd edib ki, dolların birdən-birə Azərbaycanda 100% bahalaşdırılması yolverilməz idi. C.Nuriyev hesab edir ki, növbəti addımda ABŞ Azərbaycandan xaricə çıxarılmış vəsaitləri donduracaq: “Çünki ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi istər Beynəlxalq Valyuta Fondu, istərsə də Dünya Bankının xəttiylə çıxarılan vəsaitlərin hamısını nəzarətə götürüb. MKİ xarici ölkələrdə kimin nə qədər pulu, hesabı varsa, hamısını bilir. Əsasən ABŞ və Avropadakı hesablar dondurulacaq. Ölkədən çıxarılan vəsaitlərin çox cüzi hissəsi dövlət məmurları tərəfindən BƏƏ, Malayziya, Sinqapur və digər dövlətlərin banklarına yatırılıb. Bu hesabların dondurulması ehtimalları da çox yüksəkdir. Əgər ABŞ iddia edirsə ki, Azərbaycandan 95 milyard dollar vəsait çıxarılıb, deməli bunlar bir daha Azərbaycana geri qaytarılmayacaq. Bütün oyunların başında bu dayanır. Prezident İlham Əliyev ABŞ və onun buradakı adamlarına sərf etmədiyi üçün bu addımı atır. Təəssüf ki, prezidentin ətrafındakı komanda monolit deyil. Bu komandanın əksəriyyəti özünüdüşünəndir. Bunların içərisindən yalnız bir neçə nazir İlham Əliyevə sədaqətlidir, axıra qədər də belə qalacaqlar. Əgər Eldar Mahmudov İlham Əliyevə bu qədər xəyanət edibsə, görün digəriləri hansı xəyanətləri edə bilərlər. Sabah nəsə baş versə, onlar prezidentə xəyanət edəcəklər. Bu komandada öz yerində olmayan nazirlər var. Həmin şəxslərin Azərbaycan hakimiyyətində təmsil olunmaları ölkəmiz üçün faciəyə yol aça bilər. ABŞ-ın çevriliş planını həyata keçirmək ehtimalı çox yüksəkdir. Hakimiyyətdə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən çoxdan ələ alınmış vəzifə sahibləri var. Hesab edirəm ki, prezident dəstəklənməsə, Azərbaycan 92-93-cü illərdəki vəziyyətdən də pis günə düşəcək. Biz yenidən sıfıra qayıda bilərik. Bizim şansımız var ki, yaxın 2-3 ay ərzində hakimiyyət daxilində təmizləmə aparsın. Hökumətin nə qədər “kor bağırsağı” varsa, hamısı kəsilib atılmalıdır. Bir neçə nazir vəfiədən uzaqlaşdırılmalıdır. Xüsusilə iqtisadi bloklarda təmsil olunan nazirlər çox zəifdir”. - cebhe.info/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.