"Alkokart"ın tətbiqi: SSRİ-nin “suxoy zakon” dövrü geri qayıdır?

5-01-2016, 18:57           
"Alkokart"ın tətbiqi: SSRİ-nin “suxoy zakon” dövrü geri qayıdır?
Azərbaycanda spirtli içkilərin kartla satışına keçilməsindən razı və narazı qalanlar var. Ekspertlər yeni qərarın iqtisadiyyat üçün faydalarından danışsalar da, kiçik market sahiblərinin durumu günbəgün ağırlaşır. Hətta bəzi marketlər ümumiyyətlə, qapılarına qıfıl vurub, fəaliyyətlərini dayandırıblar.

Bu baxımdan, ictimaiyyətdə yeni qaydaları sovet dövründə “suxoy zakon” kimi yadda qalan fərmanla eyniləşdirənlər də var. Belə ki, 1985-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti ölkədə "Alkoqolizmə qarşı mübarizənin gücləndirilməsi haqqında" Qanun qəbul etdi.

SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun dövründə qüvvədə olan və “suxoy zakon” kimi tarixdə qalan bu qanunun əsas məqsədi, hədsiz alkoqol qəbul edən rusları bu vərdişdən uzaqlaşdırmaq idi. Lakin qərarın nəticəsi olaraq, Rusiyada kiçik marketlər bağlandı, üzümçülük sektoru ciddi zərbə aldı. Bütövlükdə isə iqtisadiyyata ciddi zərər dəydi.

Bu baxımdan, spirtli içkilərin satışı ilə bağlı qəbul edilən bu yeni qərar cəmiyyətimizə nə verəcək?

Bu məsələ ilə bağlı musavat.com-a yazar Aydın Canıyev öz fikirini bildirib.

O, söyləyib ki, spirtli içkilərin vətəndaşlara kartla satışında elə də faciəvi hal görmür: “Bir yandan deyirik ki, millət acından ölür, bir yandan da spirtli içkilərinin dərdinə qalırıq. Axı, acqarına necə içəcəksən ki..? Yox, əgər hər şeyimiz yerindədirsə, çatmayan bu "saqqal darağı" - araqdırsa, onda da narahat olmağa dəyməz. Bu, ən azından millətə abırlı içki mədəniyyəti aşılayacaq. "Alkokart"ın tətbiqinin fəsadlarına gəlincə, "kart dostları" kontingenti formalaşacaq, bir-birini adam yerinə qoymayanlar bir-birinə daha da doğmalaşacaq, üstəlik də "alkokart" xoşgörülüyü üstündə dava-dalaş insidentləri də yaranacaq ki, bu da Cinayət Məcəlləsində yeni növ cinayət tərkibli əməlin fiksasiyasına aparıb çıxaracaq. Bu, insanlarla otuz illik təmasdan gəldiyim nəticədir. Həm də və eyni zamanda, "alkokart" müəyyən qədər insanların sifətini də üzə çıxaracaq, təkcə dövlətin daha bir sifətini yox ki...”

A.Canıyev bildirib ki, əgər ictimai iaşə müəssisələrində də spirtli içkilərin satışına kvota, qadağa olacaqsa, onda bunu 90-cı illərin "suxoy zakon"uyla eyniləşdirmək olar: “Fərq o olacaq ki, onda da ərzaq ehtiyatı bərbad deyildi. Sadəcə, M.Qorbaçov rus millətini xilas etmək üçün o addımı atmışdı. Rus millətinin genefondu məhvə doğru gedirdi, statistika dəhşətli faktlarla üzə dururdu. İndi rus genefondunu bərpa etməyə V.Putin ayrı variant seçib.

Bizdə isə belə rast gəlinməyən qaydaların tətbiqi dövlətimizin və hökumətizin ekzotik dövlət və hökumət imicinə xidmət edir. Spirtli içkilər "ağa-bəy menyüsü" üçün olacaq ki, bu da təhqiramiz bir nüansdır. Bir az müdrik yanaşanda isə hər şeyin monopoliyada olduğu bir ölkədə bu, xalqa mənfi təsir etməz. O mənada ki, spirtli içkiləri gətirən də xalq deyil, satan da... Satılmazsa da daha yaxşı…

Xüsusi vurğulayım ki, həkim mənə yaxın bir ildə ümumiyyətlə, pivə içməyi belə, qadağan edib. Xalqın bir nümayəndəsinin daha bir pay spirtli içki problemini həll etmək üçün öz payımdan keçə bilərəm. Bu qədər bəsit...”

Yazar Cəlil Cavanşir isə musavat.com-a bu mövzu ilə bağlı aşağıdakı fikri bildirib: “Bu, mahiyyətini hələ də tam olaraq, dərk etmədiyim bir qərardır. Düşünürəm ki, bu, hökumətin növbəti uğursuz islahatlarından biridir. Bu tip islahatlar həmişə biabırçılıqla nəticələnir. Bunun kiçik ticarət obyektlərini ziyana salmaqdan, sıradan çıxarmaqdan başqa heç bir nəticəsi olmayacaq. Üstəlik, ölkədə gizli içki ticarəti yaranacaq. İnsanların hüquqlarına müdaxilə eləmək hökumətin köhnə peşəsidir. Ümid edirəm ki, tezliklə, bu qanun ləğv olunacaq. Təxminən sovetin "suxoy zakon"una bənzər bir qərardır. "Suxoy zakon" necə işlək idisə, bu qanun da o qədər işlək olacaq. Yenə bir qrup şəxs gizli “ağ yollar”la içki ticarətindən varlanacaq”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.