“Azərbaycanda ətin bahalaşması ən yüksək həddə çatacaq” - BÖHRAN
5-01-2016, 19:28
Manatın dekabrın 21-dəki devalvasiyasından sonra ərzaq və ərzaq məhsullarının sürətlə bahalaşması əhali arasında sosial gərginliyə səbəb olub. Bahalaşma əhalinin qida rasionunda üstünlük təşkil edən dana və quzu ətindən də yan keçməyib. Devalvasiyadan əvvəl 6 manat 50 qəpik - 7 manata satılan dana əti bayram günlərindən etibarən 8 - 8 manat 50 qəpiyə, əvvəllər 9 manata təklif edilən quzu əti isə 11 - 11 manat 50 qəpiyə satılır.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az saytına deyib ki, ölkədə ət istehsalı ilə bağlı çox ciddi problemlər var:
“Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya uyğun olaraq il ərzində adambaşına ət istehlakı 80 kiloqram müəyyən olunduğu halda, ölkəmizdə 25 kiloqram ət istehsal olunur. İdxalla birlikdə adambaşına il ərzində 34 kiloqram ət istehlak edilir. Bu o deməkdir ki, biz hətta tələbatımızın yarısı qədər də ət istehlak etmirik.
Ət çatışmazlığı səbəbindən Azərbaycanda ətin qiyməti digər ölkələrdən fərqli olaraq çox yüksəkdir. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda ət 2 dəfə bahadır. Əhalinin tələbatına uyğun olaraq ət istehsal edilmədiyi üçün ölkədə ət çatışmazlığı var. Ona görə də qiymətlərdə manipulyasiya hallarına şərait yaranır.
Təəssüf ki, bazara çıxarılan ətin böyük hissəsi idxal hesabınadır. Ölkəyə diri mal-qara, xırdabuynuzlu heyvanlar gətirilir və kəsilərək istehlakçılara təklif olunur. Təəssüf ki, bu sahədə də inhisarçılıq var. Ona görə də ət bazarında qiymətlər tez-tez dəyişir”.
Vahid Məhərrəmov qeyd edib ki, indiki halda qiymətin dəyişməsi bazarda ətin çatışmazlığı, həm də manatın devalvasiyası ilə bağlıdır: “Onu da deyim ki, Azərbaycanda heyvandarlıq inkişaf etdirilmir. Bunun üçün bitkiçiliyi, xüsusən yemçiliyi inkişaf etdirmək lazımdır. Yəni yem bazası yaratmaq lazımdır. Təəssüf ki, bizdə yemçiliyə, ümumiyyətlə, fikir verilmir.
Manatın devalvasiyası ət istehsalçılarının, tədarükçülərinin də istehlak xərclərini artırdığından bahalaşma labüd olub.
Əgər fermerlərin, sahibkarların istehlak xərcləri artırsa, onlar da təklif etdikləri malın, məhsulun qiymətlərini artırılmalıdır. Təəssüf ki, vəziyyət bir müddət belə davam edəcək, bahalaşma ən yüksək həddə çatacaq”.