Bakının işğaldan azad olunması - Türklər elə dəqiqliklə atəş açırdılar ki...
15-09-2016, 08:25
Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 98 il bundan öncə, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biri olan bu tarixdə məhz Azərbaycanın müstəqilliyi təmin olunub.
Axar.az xəbər verir ki, 98 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılmış, mayın 28-də Azərbaycan müstəqilliyini elan etmişdi.
O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq, öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.
Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğalçılardan azad etməsindən iki gün sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Tarixi mənbələr yazır ki, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələrin hücumuna məruz qalmışdı. Məhz Xalq Komissarları Soveti hökumətinin vaxtında Bakı və ətraf ərazilərdə bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın başçılığı ilə ermənilər Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım siyasəti həyata keçirmişdi.
Tarixçilərimiz bildirirlər ki, Qafqaz İslam Ordusu o dövr Bakının mühasirəsini çox dəqiqliklə həyata keçirmişdi. Nəticədə Bakının memarlıq abidələrinin heç birinə ziyan dəyməmişdi.
Bakının erməni-bolşevik işğalından azad edilməsi dövlətimizin əbədi varlığına hesablanmış və XX əsrin Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan-Türkiyə dostluğunda müstəsna əhəmiyyət daşıyır.
Osmanlı qoşunları Bakının azad olunması yolunda həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.
Sentyabrın 15-də təkcə Bakıda deyil, müxtəlif rayonlarda ərazi bütövlüyümüz uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur, hər il Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.