Vəkil Fariz Namazov yazır:"Hakim andı və tapdalanmış Ədalət"

15-09-2016, 08:36           
Vəkil Fariz Namazov yazır:"Hakim andı və tapdalanmış Ədalət"
Fariz Namazlı,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü


Ölkədə sayılıb-seçilən məhkəmələr var ki, onlar xüsusi olaraq başqalarından seçilir. Bəzən hətta təqsirləndirilən şəxslər onların işlərinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını istəmir. Elə ki, iş ora getdi, vəssalam, təqsirləndirilən şəxslər əllərinə dəsmal alıb, hallarına ağlasınlar.

Bu da təsadüfi deyil. Ağır Cinayətlər Məhkəməsi elə məhkəmələrdəndir ki, burada hakimlər andlarını yaddan çıxarır. Axı onlar hakim vəzifəsinə başlamazdan əvvəl and içmişdilər: "Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm".

Amma di gəl ki, hökm çıxarmaq zamanı gəldi, and, Femida, Ədalət yaddan çıxır. Dövlət ittihamçısı hansı cəzanı istəyirsə, hakim ondan 6 ay – 1 il aşağı cəza verir. Bir az insaflı hakim olarsa, təklif edilən cəzadan 2 il aşağı cəza təyin edə bilər, qalanlarına ümid etmək də olmur.

Bu yaxınlarda elə həmin məhkəmədə ədalətin “təntənə”sinin şahidi oldum. Əslində, belə şahidliklər çox olur, amma bu dəfə daha çox özünü büruzə verdi. Baxılan bir dələduzluq işində sübutlar olmadığı halda, təqsirləndirilən qadına 8 il azadlıqdan məhrumetmə cəzası verildi. Dövlət ittihamçısı həmin qadına 9 il həbs cəzasının təyin olunmasını təklif etmişdi. Məhkəmə də, sağ olsun, dövlət ittihamçısının ürəyini qırmadı, təklif edilən cəzadan 1 il aşağı cəza təyin etdi.

Hakimlər üçün vəkilin, təqsirləndirilən şəxsin nə deməsi önəmli deyil. Onlar üçün əsas dövlət ittihamçısının nə qədər cəza istəməsidir, hətta iş materiallarında təqsirləndirilən şəxsin təqsirini təsdiq edəcək sübutlar olmasa belə, buna məhəl qoymurlar.

Ölkədə məhkəmə sisteminin təkmilləşdirilməsi yalnız məhkəmə binalarının tikilməsi, avadanlıqların alınmasından ibarətdir. Hakimlər nə qədər seminarlara, xarici ölkələrə təlimlərə getsə də, aldıqları bilikləri elə seminar bitincə yaddan çıxarırlar, bəlkə də seminarda hər hansı bilik əldə etmirlər. Necə də olsa, əsas məsələ xarici ölkəyə səfər etməkdir, seminar, təlim boş şeydir. İş başına keçdikdən sonra yenə də dövlət ittihamçısının hansı cəza istəməyinə baxırlar. Bir zaman hakim vəzifəsinə təyin olunarkən ədalətli olmağa and içsələr də, işə baxdıqları müddətdə o ədalətdən əsər-əlamət qalmır.

Fransız alimi Mirabo deyib: “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”.

Amma di gəl ki, ədalət hələ də gəlib çıxmayıb, ola bilər, onun gəlib çatmasının qarşısını əngəlləyənlər var. Necə də olsa, yollarda tıxaclar, qazıntı işləri çoxdur. Bəlkə də qəsdən söküntü, qazıntı işlərini çox ləng aparırlar ki, ədalət getdiyi məkana vaxtında çatmasın. Hökümət onun üçün alternativ yollar təklif edib, di gəl ki, Ədalət bu yollardan da istifadə edə bilmir, gedib söküntülərin altına düşür.

Bir Ədalət də var, o, təcridxanaların birində çalışır. Vəkillər onu yaxşı tanıyır, bir zamanlar siyasi işlərə çıxan vəkillərin üst-başını, əlindəki kağızları yoxlamaq üçün canfəşanlıq edirdi, əslində indi də edir, amma bu dəfə ona vəkilləri yoxlamağa icazə vermirlər. Bəzən vəkillərdə xarici dillərdə hər hansı sənəd olduqda Ədalət mat-məəttəl bu kağızlara baxırdı, amma özünü yandırmırdı. Sən demə, o, heç rus dilini də bilmirdi. Bir dəfə siyasi məhbuslardan birinə tələbələri ürək sözlərini yazıb göndərmişdi. Ədalət onu oxuduqda bir şey başa düşmədi, çünki rusca yazılmışdı, yazının sonunda türk dilində “demokraside çare tükenmez” yazılmışdı, o da demokratiya sözünü görüb “Dom Feyzulla bomba prinesom” kimi hay çəkib el-obanı ora yığmağa çalışdı. Nəticə də məlumdur, özü gülüş hədəfinə çevrildi…

Heç olmasa kimisə işə götürəndə onun ən azı rus, türk dilini bilməyini yoxlasınlar, yoxsa, hər dəfəsində matı-qutu qurumuş halda gözlərini havada oynatmasın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.