“İran prezidenti ayaqyolunda gizlənməklə canını qurtardı” –KQB generalının xatirələrindən
16-09-2016, 00:03
General-leytenant Leonid Şebarşin SSRİ-nin süqutu ərəfəsində KQB-də ikinci adam idi. Sovet kəşfiyyatının xarici agentura şəbəkəsinə rəhbərlik edən bu şəxs ötən əsrin 70-80-ci illərində İrandakı casus şəbəkəsinin birinci siması olub.
Strateq.az xəbər verir ki, L.Şebarşinin o dövr İranı ilə bağlı xatirələrində maraqlı qeydlər var:
“1978-ci ilin sentyabr-oktyabr aylarında KQB-nin Birinci Baş İdarəsi bu nəticəyə gəldi ki, İranda monarxiyanın süqutu labüddür…
Xidmətimiz qarşısında duran vəzifə İrandakı daxili vəziyyəti diqqətlə izləmək, siyasi qüvvələrin bölgüsünü müəyyən etmək, çox nüfuzlu, ilk növbədə, dini təşkilatlarda informasiya mənbələri əldə etmək idi…
1979-cu ilin aprelində silahlı şəxslər əməkdaşımız F.-i yaxaladılar. O, “İran Xalqının Mücahidləri” təşkilatının (hazırda gizli fəaliyyət göstərir – M.R.) liderlərindən biri olan Səadəti ilə görüşə gedirdi. Pusqunu İslam Komitəsi qurmuşdu…
F-i ölkədən çıxardılar. ABŞ səfirliyindəki İslam Komitəsinin rəhbəri, “Qəssab” ləqəbli Kaşanini güllələdilər. Səadəti də “Evin” həbsxanasında öldürüldü.
Prezident Bənisədr (İranın İslam Respublikasının ilk dövlət başçısı – M.R.) peyda olduqda Qərb səfirliklərinə elə gəldi ki, o, hakimiyyət zirvələrini bir-bir aşacaq. Sarbonn Universitetinin zavallı daimi tələbəsi! Zavallı nəhs analitiklər! Külək azca əsən kimi saqqalılar avtomatlarla küçələrə çıxdı, atəşlər açıldı, çəkmələr və qundaqlar altında sümüklər xırçıldadı.
Vəssalam, prezident bığlarını qırxdı, qadın kimi əyninə hicab geydi, təyyarənin ayaqyolusunda gizlənib canını qurtardı. 1980-ci il dekabrın 27-də, sovet qoşunlarının Əfqanıstana yeridilməsindən bir il sonra səfirliyimizə basqın oldu…
Kütlə bir də 1988-ci ildə Tehranın sovet istehsalı olan raketlərlə bombardıman edilməsi ilə əlaqədar səfirliyə basqın etdi. Mücahidlər xomeyniçilərin terroruna terrorla cavab verirlər.
1981-ci il iyunun 28-də Baharestan meydanındakı güclü partlayışda İslam Respublikaçılar Partiyasının baş katibi Ayətullah Behişti həlak oldu. O, İslam İnqilabının parlayan ulduzu və səhnədən kənar dirijoru idi. Behişti məharətlə dini siyasətə vasitə etmişdi. O, ömrünün yeddi ilini Hamburqda keçirmiş, oradakı məscidin imamı olmuşdu.
Üstəlik, şah dövründə Təhsil Nazirliyində dərsliklərin nəşrinə məsul imiş. O zamanlar dolaşıq işlərdə, maliyyə fırıldaqlarında adı hallanmışdı. İndi şahidlər qalmayıb. Şah dövründə təhsil nazirinin müavini olmuş Fərsanı əvvəlcə həbs olundu, sonra da güllələndi. İddialara görə, Fərsanın adamları Ayətullah Behişti haqqında hansısa məlumatları hakimiyyət dairələrinə çatdırmaq istəyiblər.
…Behiştinin vüqarlı şəxsiyyət, bəlağətli natiq idi, müsahiblərini zəkalı, nüfuzedici baxışları ilə valeh edirdi.
…Partlayışdan əvvəl İslami Şura Məclisinin sədri Rəfsəncani və iki tərəfdarı – Rəcai (İran İslam Respublikasının ikinci prezidenti – M.R.) və Bahünər (baş nazir – M.R.) binanı tərk etmişdi. Rəfsəncani Behiştinin əsas rəqibi olmasaydı, baş verənləri Allahın iradəsi saymaq olardı…".