Eynulla Fətullayev - Fərahim İlqaroğlu olayına həmkarlarının reaksiyası

16-09-2016, 10:08           
Eynulla Fətullayev - Fərahim İlqaroğlu olayına həmkarlarının reaksiyası
APA-nın əməkdaşı Fərahim İlqaroğlunun işdən azad olunması sosial mediada müzakirəyə səbəb olub. Jurnalistin mitinq şəklini paylaşmasına görə işini itirməsinə müxtəlif reaksiyalar verilib. Xəbər verildiyi kimi, onun virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevlə Milli Şuranın 11 sentyabrda keçirdiyi mitinqi barədə mübahisəsi olub. Fətullayev həmin mitinqlə bağlı aksiya başlamışdan əvvəl çəkilən fotolardan birini (həmin fotoda 5-10 adam əks olunur) paylaşaraq Milli Şuranın fiaskoya uğradığını iddia edib.
İlqaroğlu isə onun statusunun şərh bölməsinə mitinq vaxtı çəkilmiş fotolardan birini qoyub. Bu fotoda isə mitinqin kütləviliyi əks olunur. Bundan hiddətlənən Fətullayev ona “Siz AXCP-də işləyirsiz, yoxsa APA-da” deyə sual edib. İlqaroğlu isə bunun məsələyə dəxli olmadığını jurnalist kimi peşə borcunu yerinə yetirdiyini diqqətə çatdırıb. Bundan sonra Fətullayevin yazışmanı Prezident Administrasiyasına göndərdiyi və APA-Holdinqin rəhbərliyinə İlqaroğlunu işdən çıxarmaq tapşırığı gəldiyi bildirilir. Jurnalist bunu təqsdiqləyib.
Cumhuriyyet.net günün mövzusuna çevrilmiş faktla bağlı Feysbukda yazılan şərhlərdən ən cəlbedici olanları təqdim edir:
Rövşanə Rəhimli: “Biabırçılığın son həddindəyik görünür. Ümüd edirəm hörmətli jurnalist məsələni hüquq müstəvisində həll edəcək”.
Teymur Hacıyev: “Bir zamanlar Azərbaycan jurnalistikasında həmrəylik var idi. İndi isə kökü özümüzdən olan baltalarla vururlar bizi. Fikrini sərbəst şəkildə ifadə etdiyinə görə işdən qovulub. Bu hadisə demokratiya, plüralizm, söz azadlığı nə başqa gəlişi gözəl olan sözlərin tez-tez təkrarlandığı məmləkətimizdə baş verir. Dediyi sözə görə jurnalistin torbasını tikənlər görəsən nə zamansa utanacaqlarmı?”
Vasif Sadıqbəyli: “Biz onu müdafiə edə bilərik və edəcik də. Bəs Fərahimin çiyin yoldaşları ?! Onlar nə edir ?! Nə fikirləşirlər?! Ən azı həmən holdingin 50% jurnalist və texniki işçisi etiraz etsə Fərahim işinə bərpa ola bilər. Onsuzda Fərahim işsiz qalmayacaq. Vicdanlı media rəhbərləri , Fərahimin körpə balası, himayəsində imkansız ailəsi və külli miqdarda kredit borcunun olduğunu nəzərə alsaz yaxşı olar”.
Samir Kazımlı: “Fərahimlə bir yerdə işləmişik. Pis adam deyildi. Amma sonradan onun ictimai-siyasi proseslərə yanaşması, tutduğu mövqeyi məndə təəssüf hissi yaratdı. İndi isə özünün yazdığına görə, mitinqlə bağlı facebookdakı şərhlərinə görə, işindən kənarlaşdırılıb. Bunu sübut etmək üçün müəyyən qədər faktlar da qoyub ortaya. Kimlərinsə Fərahimdən xoşu gələ və ya gəlməyə bilər. Amma hadisənin özü siyasi motivlidir. Adam deyir ki, ifadə azadlığına görə işini itirib. Biz şəxsə deyil, hadisəyə qiymət verməliyik”.
Nigar Həzi: “Dürüst mövqeyinə görə təşəkkür edirik”.
Aytən Məmmədova: “Fərahim, Azadlıq”a, “Azadlıq”dakı həmkarlarına münasibətdə bu cür mövqeyinə görə şəxsən öz adımdan sənə minnətdaram! Elə bir şərait yaradıblar ki, ən adi məsələlərdə belə, obyektiv mövqe nümayiş etdirmək, doğrunu demək cəsarət tələb eləyir. Düzünü demək sənə işini itirmək bahasına başa gəlsə də, ətrafındakıları bir daha tanımaq baxımından da dərs oldu. Əminəm ki, qısa müddətdə iş tapıb, problemlərin öhdəsindən gələcəksən. Bu məsələdə ən məyusedici məqamlardan biri həmkarların baş verənlərə seyrçi mövqe tutmasıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.