QMİ-nin süni mayalanma ilə bağlı təklifləri belə olub

16-09-2016, 12:49           

Neçə illərdir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclaslarının müzakirəsinə çıxarılsa da, onun qəbulu hər dəfə təxirə salınıb. Qanun layihəsinin narazılıq yaradan əsas səbəblərdən biri süni mayalanma üçün donorluq məsələsinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən etirazla qarşılanması olub. Amma Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev açıqlama verib ki, artıq QMİ ilə məsələlər razılaşdırılıb.

Qeyd edək ki, sözügedən məsələ 2014-cü ilin may ayından müzakirə edilir və QMİ də bu barədə öz mövqeyini bildirib. FaktXəbər-in məlumatına görə, bu məsələdə QMİ-nin mövqeyi bəzi İslami qaydaların qanun layihəsində nəzərə alınması yönündə idi. QMİ-nin Qazılar Şurası "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun təqdim olunan layihəsi ilə bağlı bildirir ki, müasir İslam hüququ (fiqh) və şəriət hökmlərinə əsaslanaraq, həmçinin Azərbaycan dövlətinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı nəzdində Fiqh Akademiyasının, İslam Tibbi Elmlər Təşkilatının 1981-ci ildə qəbul etdiyi İslam tibbi etikası Kodeksinin müddəalarına əsasən demək olar ki, mövcud qanun layihəsində bir sıra maddələr dini, milli, hüquqi və əxlaqi normativlərlə ziddiyyət təşkil edir. Dinimizə görə diqqət ediləcək məqamlar bunlardır:

"1. Kişinin nütfəsinin (sperma) onun halal kəbinli arvadının rəhninə tibbi-texniki üsulla yerləşdirilməsi İslam şəriəti baxımından caizdir (icazə verilir). Bu şəkildə doğulan uşaqlar qanuni hesab edilir və övlada məxsus bütün hüquqlar onlara şamil edilir.

2. Qadının hüceyrəsini ərindən başqa bir donor kişinin sperması ilə birləşdirərək süni mayalanma yolu ilə qadını hamilə etmək böyük günahlardan sayılan zina (qeyri-qanuni cinsi əlaqə) ünsürlərini ehtiva etdiyi üçün İslam şəriətinə görə haramdır. Bu üsulla doğulan uşaqlar vərəsəlik hüququndan məhrumdurlar. Habelə, bu haram işi təbliğ və təşviq edənlər qadını zinaya təhrik edənlər qədər günahkar sayılırlar.

3. Uşaq saldırma (abort) barədə İslam hüquqçularının rəyi birmənalıdır - yalnız bətndəki uşaq ananın sağlamlığına təhlükə törətdiyi təqdirdə abortun mümkün olması və bu halda ananın həyatının xilas edilməsi izinli səbəbdir. Qalan bütün hallarda uşaqların süni yolla, özəlliklə cinsiyyətə görə məhvi bütün səmavi dinlərə, o cümlədən İslam dininə görə haramdır.

4. Müəyyən xəstəliklərin yoluxmasının, sağlamlığa xətər toxundurulmasının qarşısının alınması baxımından, bəzi sosial səbəblərdən müəyyən dövr üçün kişi və qadınların tibbi sterilizasiyasına izn verilə bilər, lakin daimi sterilizasiya haramdır.

5. Qanun layihəsinin 5-ci maddəsində qadınların azad reproduktiv seçim hüququndan sərbəst istifadəsinə istinad edilir. İslam dini qadınlara olduqca böyük hüquq və imkanlar verib. İslama görə, uşaq ataya məxsusdur, odur ki, uşağın taleyi ilə bağlı qərarlar birtərəfli deyil, ər və arvad arasında razılaşdırıldığı təqdirdə İslam şəriəti çərçivəsində münasib sayılır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.