Mus-mus deyincə birdəfəlik – Mustafa de... Problemə şərh vermək yox, problemi həll etmək lazımdır.

26-09-2016, 11:46           
Mus-mus deyincə birdəfəlik – Mustafa de... Problemə şərh vermək yox, problemi həll etmək lazımdır.
Mənə tez-tez suallar verirlər ki, bəs hər tədris ili başlayanda, iş dəftərləri mövzusu aktuallaşır. Hər dəfə də bildirilir ki, müəllimlər valideyinlərə iş dəftərlərini məcburi aldıra bilməz. Lakin məsələ olduğu kimi qalır. İş dəftəri aldırılır, onlardan ev tapşırıqları verilir. Özü də bunların birinin qiyməti 3-5 manat arasındadır. Dərs ilinin başlanmasından xeyli müddət keçməsinə baxmayaraq məsələ hələ də gündəmdən düşmür, yazılı və elektron mediada “Məktəblilərin iş dəftəri bəlası”, “Orta məktəblərdə iş dəftəri biabırçılığı”, “Valideynlər üçün “məktəb facıəsı”, “İş dəftərləri bilik mənbəyidir, yoxsa qazanc?” və s. bu kimi başlıqlı yazılar dərc olunur, televiziya kanallarında müsahibə və repotajlar nümayış etdirilir. Bununla belə məsələ bu günə qədər açıq olaraq qalır. Məsələ niyə birdəfəlik həll olunmur, nə vaxta qədər vəziyyət belə davam edəcək?

Nə deyə bilərəm ? Əgər hər hansı bir məsələ 3-5 gün deyil, illərlə dartışılırsa, polemika və mübahisələr yaradırsa, cəmiyyət tərəfindən hiddət və narazılıqla qarşılanırsa, deməli artıq bu sıradan olan adi bir məsələ deyil, problem xarakterini alan haldır. Baxın, Təhsil Nazirliyi
“İş dəftərləri”nin tətbiqini Kurrikulum sisteminə uyğun olaraq 2007-2011-ci illər üçün məqbul saymışdı. Görün üstündən artıq neçə illər keçib, vəziyyət isə səngimək bilmir.

Baxmayaraq ki,Təhsil Nazirliyindən dəfələrlə bildirilib ki, “İş dəftərləri” dərslik komlektindən çıxarılıb, onların istifadəsi məcbur deyil, bununla belə bu məsələ bu günə qədər hələ də açıq qalmaqdadır. Hətta təhsil nazirinin özü belə məsələyə aydınlıq gətirərkən demişdi ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərləri aldırırlarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. “Qanunverciliyə əsasən buna dair ciddı ölçü götürüləcək. Belə hallar baş verirsə, biz buna qarşı mübarizə aparacağıq.”



Hər halda hələ ki, hansısa valideynin hüquq-mühafizə orqanlarına müraciət etməsinin və bu hala qarşı hansısa ciddi bir ölçü götürülməsinin şahidi olmamışıq. Belə görünür ki, məsələ o vaxta qədər açıq qalacaq ki, ta nazirlik qəti və konkret mövqe sərgiləməyəcək. Çünki, abstrakt şərhlər və açıqlamalar heç də hamı tərəfindən birmənalı qarşılanmır və məntiqəuyğun başa düşülmür, heç başa düşülə də bilməz. Kimsə bunu belə qəbul edəcək ki, iş dəftərləri dərslik komplektindən çıxarılıb, tədris prosesindən ki, çıxarılmayıb. Və ya təsəvvür edin ki, bir xəstəyə deyirlər ki, sənin həkim müayinəsindən keçməyin məcburi deyil. Bu nə deməkdir, yəni keçə də bilərsən keçməyə də. Eynilə belə çıxır ki, “İş dəftərləri”ndən istifadə edilə də bilər, edilməyə də. Bu mücərrədlikdən də sərfələnənlərin meydan sulamasında təəccüblü bir şey axtarmağa lüzum qalmır. Məsələnin açıq qalmasının bir səbəbi də budursa, digər səbəbləri kimlərinsə korporativ və kommersiya maraqlarıdır.Yəni, bilavasitə Təhsil Nazirliyindən asılı olmayan səbəblər.

Məlum olduğu kimi “İş dəftərləri” Nəsriyyatlar tərəfindən nəşr olunur və onların satışında da heç bir ciddi maneə yoxdur. Bir çox məktəb rəhbərləri də bizə məlum olan və məlum olmayan səbəblərdən bu dəftərlərin istifadəsində maraqlıdırlar. “İş dəftərləri”nin alınmasında ayri-ayrı valideyn və şagirdlərə müəyyən təzyiqlər barədə də çox deyilib, çox yazıb. Bir çox valideynlərimiz də bu kimi məsələlərə loyallıq göstərməkdə davam edirlər. Nazirliyin isə mövqeyi belədir ki, Nəşriyyatlara qadağanın qoyulması mümkün deyil. Çünki vəsait könüllü olaraq istifadə oluna bilər.

İndi,gəlin görək “İş dəftərləri”nin tətbiq olunduğu dövrdən bəri hələ valideynlərin maddi sıxıntısı bir yana, zehni və fiziki gərginlikdən savayı şagirdlərin müsbət yöndə inkişafında hansısa dəyişikliyin baş verməsini kim müşahidə edib? Hesb edirəm ki, bu dəftərlər şagirdlərin bilik, bacarıq və vərdişlərini inkişaf etdirməkdən daha çox nəşriyyatların və ayr-ayrı işbazların kommersiya maraqlarına xidmət edir. Problem nə qədər tez həllini taparsa, söz-söhbət də bir o qədər tez kəsilər, mübahisə və narazılıqlara son qoyular. Dərslik etalon kimi qəbul olunmalıdır. Hər hansı bir “qabırğa” dərsliyin dəyərini azaldır, ona olan münasibəti ögeyləşdirir. Ona görə də problemə şərh vermək yolundan, onu həll etmək yoluna keçməliyik. Dərsliklərimizi “abıra” salıb, onun əlavə vəsaitlərdən asılılığını aradan qaldırmalıyıq.

Başqa və son dərəcə vacib bir məqam. Təhsil sahəsidə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Təhsil Nazirliyidir. Dərslik siyasəti də təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Hələ də dərsliklərə əlavə qismində tətbiq edilməkdə davam edən “Iş dəftərləri”nn nəşri və məktəblərə yol açmasına müdaxilə üçün Nazirlyin nəşriyatlara təsir rıçaqlarından istifadə olunmalıdır.Yaranmış vəziyyət bir vaxtlar Təhsil Nazirliyinin keçmiş rəhbərliyi tərəfindən bu mühüm strateji sahənin əldən verilməsinin təzahürüdür. Rəhmətlik Cəfər Cabbarlı demişkən “öz cəzandır, çək Balaş!” Problem isə ondadır ki, cəzanı Balaş deyil, millət çəkir. Nə vaxta qədər ki, problemə yalnız şərh verməklə, bu dəftərlərin “məcburi olmaması” təsəllisi ilə kifayətlənəcəyik, problem həll olunmayaraq qalmaqda davam edəcək. Çıxış yolu isə mus-mus deyincə birdəfəlik Mustafa deməkdədir.

Nadir İsrafilov, təhsil eksperti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.