Kəndlini dirçəldəcək antilatifundiya yeniliyi

28-09-2016, 11:02           

Sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılan və seçicilərin mütləq əksəriyyətinin lehinə səs verdiyi Konstitusiyaya dəyişikliklərdən biri də mülkiyyət hüququ ilə bağlıdır. Belə ki, Konstitusiyanın referendumda iştirak edənlərin 85,3%-nin "hə" dediyi 29-cu maddəsinə aşağıdakı məzmunda V və VI hissələr əlavə edilib:

"V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər".

Bəzi müxalifətçilər öz səthi yanaşmalarında qeyd edirlər ki, bu dəyişiklik ölkədə mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlib. Amma dediyim kimi, bu yalnız səthi yanaşmadır və onların siyasi savadsızlığının, eləcə də ölkədə gedən proseslərin dərin təhlilini apara bilməməsinin göstəricisidir.
Onda sual oluna bilər ki, Konstitusiyaya edilən bu əlavələr özündə nəyi ehtiva edir və bu dəyişikliyin əsl məqsədi nədir?

Yəqin ki, çoxları bilir ki, artıq xeyli müddətdir ki, Azərbaycanda dövlət başçısından tutmuş adi vətəndaşınadək hamı qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyini, ölkənin ixrac qabiliyyətinin arıtırılmasını və bu məqsədlə aqrar sektorun dirçəldilməsinin vacibliyini qeyd edir. Təbii ki, Azərbaycanın klassik kənd təsərrüfatı ölkəsi kimi böyük potensialı var. Ərazisinin kiçik olmasına baxmayaraq, torpaqlarının münbitliyi və fərqli iqlim qurşaqlarına malik olması bizim üçün geniş imkanlar açır. Qalır ağıllı və planlı şəkildə bu torpaqlardan səmərəli istifadə edib qarşıya qoyulan məqsədə nail olmaq.
Xatırladaq ki, müstəqilliyini yenidən bərpa etdikdən sonra respublikamızda torpaqların özəlləşdirilməsi islahatına 1996-cı ildən başlanılıb. Azərbaycandakı 4757,2 min ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 29,2%-i kəndlilərə verildi. İslahat nəticəsində 870 min kəndli torpaq sahibi oldu. Lakin dövlət və bələdiyyələrə qalan digər torpaqlar illər ötdükcə şübhəli şəraitdə və formada su qiymətinə sonradan böyük oliqarxlara çevrilmiş məmurlara verildi. Beləliklə də Azərbaycanda gizli də olsa, faktiki olaraq latifundiyalar yaradıldı. Qeyd edim ki, latifundiyaçılar əsasən qədim Roma dövründə və Amerika qitəsinin kəşfindən sonra burada geniş torpaq sahələrindən orada qul əməyindən istifadə etməklə yararlanırdılar. Lakin Azərbaycan neolatifundiyaçılarının sələflərindən fərqi ondadır ki, onlar bu torpaqları "dar günün dayağı" hesab edərək ya onları ümumiyyətlə əkib-becərmir, ya da təyinatı üzrə istifadə etmirlər.

Kəndlini dirçəldəcək antilatifundiya yeniliyi

Təbii ki, torpaqların böyük hissəsinin ələ keçirilməsi və təyinatı üzrə istifadə edilməməsi şəraitində kənd təsərrüfatının inkişafından və kəndlinin sosial rifah halının yaxşılaşdırılmasından danışmaq ağılsızlıq olardı. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aqrar sahənın inkişafı ilə bağlı məsələlərə xüsusi böyük diqqət ayırmışdı. Prezident açıq-aydın qeyd etmişdi ki, bəzi torpaqlar zəbt edilib: "Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır".
Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində isə dövlət başçısı bu məsələyə bir daha qayıdaraq zəbt edilmiş torpaqların icazə müqavilələrinin ləğv edilməsinin vacibliyini vurğuladı: "Böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq. Ona görə bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox icarə müqavilələri ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət Azərbaycanda güclü olmalıdır. İctimai nəzarət, yəni, vətəndaşların nəzarəti güclü olarsa, onda biz bu işləri daha da böyük uğurla həll edə bilərik.

İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bu, nə ilə bağlıdır? İlk növbədə, biz bunu ona görə etməliyik ki, ölkəmizin mövcud olan bütün kənd təsərrüfatı potensialını 100 faiz səviyyəsində həyata keçirək. Bir qarış torpaq boş qalmamalıdır. Bu, məhsuldarlığı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq".
Qeyd edək ki, ötən ilin may ayında dövlət başçısı tərəfindən Milli Məclisə Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməməsinə görə cəzaların sərtləşməsini nəzərdə tutan qanun layihəsi göndərilmiş və qanun parlamentdə qəbul edildikdən sonra prezident İlham Əliyev tərəfindən oktyabrın 30-da onun tətbiqi barədə sərəncam imzalamışdı.
"İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin edilməsi haqqında" həmin qanunda əsasən əmlak, istifadə və icarə hüququnun pozulmasına görə cəza tətbiqi nəzərdə tutulur. Dəyişikliklərə əsasən, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslərə 300, vəzifəli şəxslərə 600, hüquqi şəxslərə 3 min manat miqdarında cərimə nəzərdə tutuldu. 88-1-də nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə isə fiziki şəxslər üçün 500, vəzifəli şəxslər üçün 1000, hüquqi şəxslər üçün 5 min manat miqdarında cərimə təyin edildi.
Əldə edilən məlumata görə, zəbt edilmiş torpaqların əksəriyyəti vaxtilə, eləcə də indi yüksək vəzifələr tutan məmur-oliqarxlara məxsusdur. Düzdür, kənd təsərrüfatı nazirinin və bəzi rayonların icra başçılarının açıqlamalarına görə, torpaqlardan daha səmərəli istifadə olunması, istifadəsiz saxlanılan torpaqların geri alınaraq istifadə edənlərə verilməsi ilə bağlı dövlət başçısıının tapşırığına əsasən onlardan bəzilərinin icarə müqavilələrinə xitam verilib, min hektarlarla torpaq sahəsi geri alınıb və dövlət ehtiyat fonduna qaytarılıb.
Lakin görünür, bununla bağlı İXM-ə edilən dəyişikliklər və gözlənilən inzibati tədbirlər lazımi effekti vermədiyindən Konstitusiyaya belə bir dəyişiklik edilməsi zərurəti yarandı. Bu o deməkdir ki, Konstitusiyaya dəyişikliklər qüvvəyə minəndən sonra dövlət sosial ədaləti və torpaqlardan səmərəli istifadəni təmin etmək məqsədi ilə həmin məmur-oliqarxların latifundiyaları üzərində mülkiyyət hüququnu məhdudlaşdıra biləcək. Deməli, latifundiyaçılar ya o torpaqları itirmək reallığı ilə barışmalı, ya da onları əldən buraxmamaq üçün əməli fəaliyyətə keçməli olacaqlar. Hazıra nazir olmuş həmin oliqarxların maddiyyat hərisliyini nəzərə alsaq, demək olar ki, onlar ikinci yola üstünlük verəcəklər. Bu isə torpaqların təyinatı üzrə istifadə edilməsi, kənd təsərrüfatına yeni investisiyaların cəlb olunması, yeni-yeni iş yerlərinin açılması, kəndlinin sosial rifah halının yaxşılaşması, dövlətin iqtisadi gücünün artması deməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.