“Qəpiyə güllə atan” partiyalar:45 manata partiya saxlayan deputat və “milyonçu” YAP

3-10-2016, 09:23           

Azərbaycanda siyasi partiyaların əksəriyyəti ictimai əsaslarla işləyir. Təşkilatların mövcudluğu üçün vacib olan üzvlük haqları ilə bağlı vəziyyət bərbad haldadır.

Strateq.az siyasi partiyaların maliyyə vəziyyətini araşdırarkən bunu müşahidə edib.

Partiyaların 2014-cü il üçün maliyyə fəaliyyətinin nəticələri haqqında Maliyyə Nazirliyinə təqdim etdikləri hesabata baxarkən maraqlı məqamlar üzə çıxıb. Bu hesabat siyasi partiyaların 2015-ci ildə təqdim etdikləri maliyyə məlumatları əsasında tərtib olunub.

Müxalifət partiayaları içində yalnız Müsavat partiyası üzvlük haqqı ilə bağlı məsələyə ciddi yanaşıb. 2014-cü il üçün partiya 7 min 203 manat üzvlük haqqı yığıb. Bundan başqa partiyaya ianə şəklində 1980 manat pul daxil olub. Nazirliyə təqdim olunan sənəddə qeyd olunur ki, üzvlük haqqı tam olaraq siyasi partiyanın saxlanmasına və informasiya təminatına xərclənib.

Ən varlı partiya Yeni Azərbaycan Partiyasıdır. 2014-cü ilin 31 dekabr tarixinədək tərtib olunmuş maliyyə hesabatında göstərilir ki, YAP 6 milyon 180 min 77 manat üzvlük haqqı yığıb. Bununla bərabər seçkilərdə lazımı qədər səs yığıb Millİ Məclisdə təmsil olunduğu üçün dövlət tərəfindən siyasi partiayaların maliyyələşməsi sistemində yer alıb. Həmin il dövlət büdcəsindən YAP-a 1 milyon 153 min 409 manat pul ayrılıb.

YAP puldan cari işlərə 951 min 621 manat xərcləyib. Bu vəsaitdən siyasi partiyanın saxlanması üçün 3 milyon 737 min 903 manat ayrılıb. Hakim partiya ictimai təbliğatı üçün də pul əsirgəməyib. İctimaiyyətlə əlaqələr və seçki kampaniyaları üçün 1 milyon 599 min 736 manat pul xərclənib.

Siyasi müstəvinin böyük və oturuşmuş partiyalarından sayılan AXCP-nin maliyyə hesabatı bomboşdur. Partiya nə üzvlük haqqı yığıb, nə də onlara ianə verən olub. Heç partiya strukturlarının hansı yolla saxladıqları da açıqlanmayıb. Çox güman ki, AXCP ictimai əsaslarla fəaliyyət göstərir.

Azərbaycan Demokrat Partiyası da “qəpiyə güllə atan” təşkilatdır. Maliyyə Nazirliyinə təqdim etdikləri hesabatda üzvlərdən pul yığmadıqlarını göstəriblər. İanə verən də olmayıb.

Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyası isə üzvlük haqlarının yığılmasını az da olsa təşkil edə bilib.

2014-cü il ərzində AMİP öz üzvlərindən 2 min 2 yüz 27 manat pul yığıb. 400 manat isə ianə şəklində verilib. Bu pullardan siyasi partiyanın saxlanmasına və informasiya təminatına 1441 manat 20 qəpik xərclənib. Aşağı partiya təşkilatlarına isə 1181 manat ödənilib.

İqbal Ağazadənin sədri olduğu "Ümid" Partiyası üzvlük haqqı yığmayıb. Amma həmin il Milli Məclisdə təmsil olunan partiya olaraq dövlət büdcəsindən partiyaya 106 min 534 manat vəsait ayrılıb. Bu pulun 67 min 470 manatı siyasi partiyanın saxlanmasına va informasiya taminatına sərf edilib.

Fazil Mustafanın sədri olduğu Böyük Ourulus Partiyası da simvolik olaraq üzvlük haqqı yığıb. Cəmi 45 manat. Əvəzində dövlət büdcəsindən Partiyaya 106 min 534 manat ayrılıb. Bu büdcə vəsaitindən siyasi partiyanın saxlanmasına və informasiya təminatına 317 manat xərclənib.

Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası və Pənah Hüseynin lideri olduğu Azərbaycan Xalq Partiyası da nə üzvlük haqqı yığıb, nə də onlara ianə verən olub. Hesabatda bu barədə heç nə göstərilməyib.

Araz Əlizadənin sədri olduğu Azərbaycan Sosial Demokrat Partiyasının 2014-cü il üçün təqdim etdiyi hesabat da maraqlıdır. Sənəddən bəlli olur ki, ASDP üzvlük haqqı yığmır. Heç mühasibi belə yoxdur. Ötən il keçirilmiş seçkilər nəticəsində deputat mandatı qazanmış Araz Əlizadə yəqin bu il üçün hesabatda qeydlər apara biləcək. Çünki ASDP büdcədən ayrılacaq pulu ala biləcək.

Sabiq dövlət katibi Lalə Şövkətin lideri olduğu Azərbaycan Liberal Partiyası da kasıbdır. Partiya üzvlərindən üzvlük haqqı yığmır və heç bir mülkiyyətə sahib deyil.

Deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası təqdim etdiyi maliyyə hesabatında üzvlük haqqı yığmadığını qeyd edib. Bununla yanaşı 2014-cü il üçün BAXCP-yə 1654 manat ianə verilib. Partiya əsas maliyyə vəsaitini dövlətdən alıb. Büdcədən partiyanın fəaliyyəti üçün 106 min 534 manat 10 qəpik ayrılıb. BAXCP bu puldan siyasi partiyanın saxlanmasına və informasiya təminatna 40 min 121 manat sərf edib. İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə isə 37 min 675 manat xərc çəkib.

BAXCP bu puldan rayon təşkilatlarına maaş da ayırıb. Aşağı təşkilatlara ödənc olaraq 28 min 245 manat pul verilib.

Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyası da üzvlük haqqı yığımır. VHP 2015-ci ilə qədər dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərib. Büdcədən partiyaya ayrılan 137 min 784 manat pulun 125 min 958 manatı siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclənib.

İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası da üzvlük haqlarına önəm vermir. Partiya 2014 –cü il üçün təqdim etdiyi maliyyə hesabatında dövlət büdcəsi hesabına işlədiklərini qeyd edib. Bu məbləğ isə 108 min 544 manat olub. Bu pulun 69 min 728 manatı siyasi partiyanın saxlanmasına və informasiyaya xərclənib.

Siyasi müstəvidə o qədər də fəal olmayan Aydınlar partiyası da üzvlük haqqı yığmır. Bu partiya siyasi partiyanın saxlanmasına və informasiya təminatına cəmi 491 manat 25 qəpik xərclədiyini yazıb.

Siyasi partiyalar demokratik dövlətin vacib institutlarından sayılır. Onların cəmiyyət həyatına təsir rıçaqları isə maliyyə vəziyyətinə söykənir. Hesabatda göründüyü kimi müxalifət partiyalarının böyük əksəriyyəti pulsuzdur. Bu isə partiya işini təşkil etmək və ideoloji platforma qurmaq üçün ciddi maneə hesab olunur.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.